Press "Enter" to skip to content

MHP: Mövzu vətəndir. Mövzu demokratiyadır. Mövzu milli iradədir!

Son yeniləmə: 4 Aprel 2021 18:23

Bayraqdar.info – “Türk Silahlı Qüvvələri cənab Prezidentimizin liderliyində ölkə daxilində, həmçinin ölkə sərhədlərindən xaricdə Suriya, İraq, Kıbrıs, Azərbaycan, Liviya, Şərqi Ağdəniz və bir çox başqa yerlərdə maraqlarımızı qorumaq, regionda və beynəlxalq arenada sülh və sabitliyə töhfə vermək, həmçinin dost və qardaşlarımızın haqqını, hüququnu qorumaq üçün indiyə kimi görünməyən böyük bir fəıdakarlıq və qəhrəmanlıqla mübarizə aparır. Məhz belə bir vaxtda bu cür bəyanatın yayılmasının demokratiyaya zərər verməkdən və düşmənlərimizi sevindrməkdən başqa bir şeyə yaramadığı açıqca məlumdur. Müstəqil türk hüququnun bununla bağlı lazım olan addımları atacağına inamımız tamdır.”

Bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin Türkiyədə təqaüddə olan bir qrup admiralın hədələyici siyasi bəyanatına münasibətində öz əksini tapıb. Nazirliyin səkkiz bənddən ibarət olan açıqlamasında “Sultan Alparslandan Qazi Mustafa Kamal Atatürkə qədər min illiklərlə şanlı tariximizdən süzülüb gələn milli, mənəvi və məslək dəyərləri ilə uca millətimizin bağrından çıxan və peyğəmbər ocağı olaraq da bilinən Türk Silahlı Qüvvələri”nin hər zaman olduğu kimi, bu gün də ölkə Konstitusiyasına və Atatürk prinsiplərinə sadiq olduğu bildirilir.

Məlumat üçün bildirək ki, təqaüddə olan bir qrup admiralın sözügedən bəyanatı qardaş ölkənin ali hakimiyyət orqanlarının rəhbərləri tərəfindən “dövlət çevrilişinə cəhd çağırışı” kimi dəyərləndirilib. Buna ilk etiraz edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop sosial şəbəkə hesabında paylaşım edərək belə əsassız, hüquqa zidd bəyanatların yolverilməzliyini bildirib. Sədr vurğulayıb ki, sərbəst fikir ifadəsi ilə dövlət çevrilişinə çağırış bir-birindən fərqlidir.

Eyni zamanda Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Ədliyyə naziri Abdulhamit Gül, Daxili İşlər naziri Süleyman Soylu və digər hökumət üzvləri, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının rəhbər şəxsləri sözügedən bəyanata etirazlarını ifadə ediblər. O da əminliklə vurğulanıb ki, Türkiyə xalqı Prezident Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləməkdə davam edir.

“103 təqaüdçü admiralın ortaq imzalı yayımlamış olduqları antidemokratik və təhdidvari, eyni zamanda gözətçi açıqlamanı Milliyyətçi Hərəkat Partiyası nifrətlə lənətləməkdə və rədd etməkdədir. Bu çərçivədə partiyamızın görüşü olaraq dərhal alınması gərəkən önləmlər bu şəkildədir”.

Bu sözləri isə MHP başqanı Devlet Bahçeli özünün tvitter səhifəsində paylaşıb. MHP başqanı daha sonra yazır: “Memorandum tərzində hazırlanaraq gecə yarısı dövriyyəyə buraxılan açıqlamada imzası olan admiralların rütbələri sökülməlidir. Təqaüd haqları ləğv edilməli, təqaüdləri kəsilməlidir. Açıqlamanın çox yönlü ədliyyə və idarə araşdırması gerçəkləşdirilməlidir”.

Sonda Devlet Bahçeli yazır: “Ayrıca 103 gözətçi admiralın imzasıyla yayımlanan açıqlamanın arxası və önü qətiyyətlə araşdırılmalı, bu rəzalətin içində kimlərin olduğu aşkar və müəyyən edilməlidir. Mövzu vətəndir. Mövzu demokratiyadır. Mövzu milli iradədir. Güzəşt və ya gecikmənin qarşılığı heç şübhəsiz ki, ağır olacaqdır”.

Əlavə edək ki, admiralların aprelin 4-nə keçən gecə yayımladığı təhdid dolu bəyanat boğazların statusu ilə bağlı 1936-cı il Montrö Sözləşməsi ətrafında gedən müzakirələrlə bağlıdır. Ultimatum şəklində verilmiş bəyanat, əslinə qalanda dövlətin üzərinə getməkdir ki, bunu da Türkiyənin müxtəlif cinahlardan olan siyasi qüvvələri “həzm edilməyəcək davranış” kimi qəbul edirlər. Olayın arxasında FETÖ-nün olacağı da güclü ehtimallar arasındadır.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.