Bayraqdar.info – 28 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı olub.
Bu haqda xəbəri bayraqdar.info-ya iyulun 28-də gecə gec saatlarda XİN-in Mətbuat xidməti idarəsindən veriblər.
Xəbərdə deyilir ki, tərəflər bölgədəki durumu, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatlardan irəli gələn məsələləri müzakirə edib.
F.Riker sərhəddə yaranan gərginlikdən narahatlıq ifadə edərək sabitləşmənin vacibliyini vurğulayıb.
“Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub”, – deyə xəbərdə bildirilir.
Nazir Azərbaycanın normallaşmada maraqlı olduğunu da sözlərinə əlavə edib. O, qeyd edib ki, bütün fikir ayrılıqlarını siyasi və diplomatik yollarla həll etmək vacibdir.
C.Bayramov Ermənistanın məsuliyyətini dərk edib təxribatları sonlandırmasının vacibliyini də həmsöhbətinin diqqətinə çatdırıb.
Bayraqdar.info-nun xəbər verdiyi kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da açıqlama verərək tərəfləri gərginliyə son qoymağa çağırıb. N.Praysın açıqlamasının bu telefon danışığından sonraya təsadüf etməsi və balanslı olması diqqət çəkir.