Son yeniləmə: 1 İyul 2021 12:22
Bayraqdar.info – “Yunanıstan Batı Trakyadakı müsəlman türk varlığını görməzlikdən gəlməkdə davam edir. Ancaq bu cür yanaşmalar bu günə qədər uğursuz oldu və gələcəkdə də uğursuzluğa məhkumdur. Batı Trakyada yaşayan müsəlman türklər Yunanıstanın qərarı ilə ortaya çıxmadı. Yunanıstanın artıq bunu dərk və qəbul etməsi lazımdır.”
Batı Trakyada yayımlanan “Birlik Gazetesi”nin məlumatına görə, bu fikirlər İşkeçe Türk Birliyinin (İTB) mətbuat üçün açıqlamasında öz əksini tapıb.
Xatırladaq ki, Yunanıstan Kassasiya Məhkəməsi (Arios Pagos) İTB-nin tələbinə bir daha mənfi yanaşıb. Məhkəmənin 30 iyun 2021-ci il tarixli qərarı ilə Avropa İnsan Haqları Məhkəməsi qərarının tətbiqi və İTB-nin hüquqi statusunun qaytarılması tələbi rədd edilib.
İTB Yunanıstanın bu addımını kəskin tənqid edib. Qurumun bununla bağlı mətbuata açıqlamasında deyilir: “Məhkəminin son İTB qərarıyla Yunanıstanda xüsusilə son illərdə beynəlxalq hüquq, insan və azlıq hüquqları, demokratiya və bərabərlik anlayışlarına xələl gəldiyinin bir daha şahidi olduq. Bu vəziyyət qarşısında etirazımız və məyusluğumuzu bütün ictimaiyyətlə bölüşürük. Yunanıstanın “Batı Trakyada türk yoxdur” siyasətinin nəticəsi olaraq üzləşdiyimiz qadağalar son dərəcə düşündürücüdür və narahatlıq doğurur. 1983-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən İTB lövhəsinin götürülməsi və dönəmin valisi tərəfindən təşkilatımızn adındakı türk sözünə görə məhkəməyə müraciət edilməsi ilə başlayan mübarizəmiz 38 ildir davam edir”.