Press "Enter" to skip to content

Beynəlxalq qurum Ermənistanı mina xəritələrini təqdim etməyə çağırdı

Bayraqdar.info – Mərkəzi qərargahı Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu (BMİ) iyunun 4-də Azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmasıyla bağlı bəyanat yayıb.

Bayraqdar.info-ya daxil olan bəyanatda qurumun bu olaydan kədərləndiyi bildirilir. Qeyd edilir ki, AzərTAc-ın müxbiri Məhərrəm İbrahimov və Az.TV-nin operatoru Sirac Abışov Kəlbəcərdə vəzifə başında olarkən mina partlaması nəticəsində həlak olub. Jurnalistlərin hərəkət etdiyi nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb və partlayış baş verib. Əlavə olaraq dörd nəfər də yaralanıb.

BMİ direktorunun müavini Skot Griffin bununla bağlı deyib: “BMİ M.İbrahimov və S.Abışovun ailələrinə və həmkarlarına başsağlığı verir. Onların ölümü münaqişə bölgəsində işləyən jurnalistlərin üzləşdiyi təhlükəni bir daha qabardır. Bölgədəki bütün münaqişə tərəfləri jurnalistlərin təhlükəsizliyini təmin etməlidir. Özəlliklə də gələcəkdə belə faciələrin baş verməməsi üçün Ermənistanı döşənmiş minaların xəritələrini təqdim etməyə çağırırıq”.

Bəyanatda daha sonra qeyd edilir ki, bölgə Ermənistanla Azərbaycan arasında münaqişə meydanı olub. Burada bir neçə dəfə jurnalistlərin yaralanması halları baş verib. Münaqişənin qızmar çağında həm Ermənistan, həm də Azərbaycan media işçilərinin hərəkətinə məhdudiyyət tətbiq edib. M.İbrahimov və S.Abışovun ölümünün ardından Azərbaycan hökuməti Ermənistanın mina döşəməsini qınamağa çağırıb. Eyni zamanda təhlükəsizliyi təmin etmək üçün Ermənistanın mina xəritələrini verməsinə çağırış edib. Ermənistan hələ ki, olanlarla bağlı münasibət bildirməyib.

Xəbər verdiyimiz kimi, iyunun 4-də səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkət edən maşının minaya düşməsi sonucu adı keçən iki jurnalist və yerli icra məmuru Arif Əliyev həlak olmuş, daha dörd nəfər isə yaralanmışdı.

Mission News Theme by Compete Themes.