Press "Enter" to skip to content

Bərdədə qadın həkimi döyən şəxs həqiqətən də qazidir – VİDEO

Bayraqdar.info – İki gün öncə xəbər verdiyimiz kimi, “əyani müayinə zamanı Bərdə rayon sakini Mustafayev Şamail Hümbət oğlunun müharibə ilə əlaqədar əlilliyinin saxta olduğu aşkar edilib”. Bununla bərabər onun həkim-ekspert xanıma hücum etməsi, onu yumruqlaması görüntülərini də təqdim etmişdik.

Bu xəbər geniş yayıldıqdan sonra sosial mediada adı keçən şəxsin ümumiyyətlə Qarabağ döyüşçüsü olmadığı yönündə iddialar tirajlanmağa başladı. Məsələ bu həddə çatınca Qarabağ Qaziləri Birliyinin təmsilçisi Rey Kərimoğlu kiçik bir arayışla Ş.Mustafayevin döyüş yolu haqqında bilgi paylaşıb.

R.Kərimoğlu bildirir ki, “saxta qazi olmur. Saxta hər zad olur, amma qazi olmur! Bunu unutmayın!”

QQB təmsilçisi özünün sosial media hesabında onu da əlavə edib ki, “qadına əl qaldırmaq olmaz, böyük günah edib, səhv edib! Qınayırıq onun bu əməlini! Kimsə də o qaziyə haqq qazandıra bilməz! Bir sözlə, o əməlinə bəraət yoxdur! Cəzasını da alsın! Amma məsələ araşdırılsın, sonra cəza verilsin!”

Qazi olmaması barədə deyilənlər yalandır

R.Kərimoğlu həmin şəxsin qazi olmaması barədə deyilənləri də rəsmən yalanlayıb. Onun bu barədə fikirlərini təqdim edirik:

“Qarabağ Qaziləri Birliyi qadına əl qaldıran döyüşçü haqqında ilkin araşdırma aparıb. O şəxs
birliyin üzvü deyil. Amma məlum olub ki, həqiqətən qazidir. Nə olsun ki, qolu, ayağı, gözü yerindədir. Bəyəm əlillik elə bu 3 şeyə görə verilirmi? Xeyir!

“Mustafayev Şamail 703 saylı hərbi hissənin tərkibində Ağdərə istiqamətində döyüşüb, rabitə xidməti rəisi olub! Olduğu ərazi, ştab düşmənin bombardımanına məruz qalıb, yanında şəhid olanlar olub! Ağır yaralanıb, kontuziya alıb… Hələ illər əvvəl ordumuzun düşməni Nəcməddinlə (keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıqovu nəzərdə tutur – bayraqdar.info) dalaşıb, bunu ordudan tərxis ediblər. 2016-cı il aprel döyüşlərindən sonra Müdafiə Naziri Zakir Həsənovla görüşüb, öz sahəsi ürə mütəxəssis (təlimatçı) kimi orduya qaytarılıb! Görünür səhhətində problemlər yaranıb, ona görə də bir neçə il əvvəl müraciət edib və əlillik dərəcəsi alıb. Adam döyüşüb, yaralanıb! Ona şər atmayaq!”

Sahil Babayev yaxşı işlər görür

R.Kərimoğlu daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Nazirliklə bağlı fikirlərini də qeyd edib: “Sahil Babayev nazir təyin olunandan sonra qurumda həqiqətən ciddi şəffaflıq yaradıb, xeyli yaxşı işlər görüb! Amma o da, Nazirlik də nöqsansız deyil! Problem odur ki, inandığı adamlar dediklərimizi, narazılıqlarımızı ona doğru, düzgün çatdırnır. Ya da ümumiyyətlə çatdırmırlar. Bu da ciddi fəsadlar yaradacaq! Nazirin özü ilə isə görüşə bilmirik!”

QQB təmsilçisi sonda “saxtalıq” məsələsinə də dübarədən özünəməxsus münasibət bildirib: “Saxta son 5 ildə əlillər haqqında qəbul edilən yarıtmaz qanun və qərarlardır. Bundan danışın. Bu qərar və qanunu imzalamış adamlardır saxta!”

R.Kərimoğlu bütün bunlardan sonra bir təklif də səsləndirib: “Komissiyada qazilərə baxılanda xanımları ora buraxmayın”.

Qarabağ qazilərinə həssas yanaşılmalıdır

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin özü şəxsən bütün çıxış və təlimatlarında Qarabağ qaziləri və şəhid ailələri üzvlərinə münasibətdə maksimum həssaslıq nümayiş olunmasını tələb edir. Lakin bəzən həqiqətən də onlarla bağlı məsələlərdə sinirləri gərə biləcək həddə anlaşılmazlıqlar yaşanır. Bu isə xoşagəlməz nəticələrə səbəb olur. Elə Ş.Mustafayevin məsələsində olduğu kimi…

Mission News Theme by Compete Themes.