Press "Enter" to skip to content

Qırğızıstanlı hüquqşünas azərbaycanlı jurnalistlərlə bağlı müraciət etdi

Son yeniləmə: 6 İyun 2021 14:00

Bayraqdar.info – Qırğızıstanın Əməkdar hüquqşünası, bu ölkədə fəaliyyət göstərən “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstan Baş Prokurorluğunun Fəxri işçisi, ədliyyə polkovniki Əzizağa Əliyev Avropa İnsan Haqları Məhkəməsi və BMT-yə müraciət dib.

Bu haqda xəbəri bayraqdar.info-nun Orta Asiya üzrə media tərəfdaşı Golden Bridge News verib.

Müraciətdə deyilir:

“Qırğızıstanda yaşayan azərbaycanlıların “Azəri” İctimai Birliyi Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi ilə bağlı Ermənistana təsir göstərməyinizi xahiş edir.

“Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi, 10 noyabr 2020-ci ildə imzalanan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı üçtərəfli müqavilənin kobud şəkildə pozulmasıdır. Bu razılaşma Ermənistanla Azərbaycan arasındakı düşmənçiliyə son qoymağa yönəldilən bir səbəd idi.

“Hazırda Azərbaycan azad edilmiş torpaqlarında təhlükəsizlik və dinc həyatın təmin olunması üçün hər cür səy göstərir. Bununla belə, məcburi köçkünlər hələ də minalar olduğu üçün əraziyə qayıda bilmir.

“Minalanmış ərazilərin xəritəsini təqdim etməmək müharibə cinayətidir. Qarabağ müharibəsinin bitməsindən bəri 7 ay ərzində bu ərazilərdə onlarla dinc sakin artıq minaların qurbanı olub. 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində, azad edilmiş ərazilərdə çəkiliş aparan Az.TV və AzərTAc-ın əməkdaşları, həmçinin yerli icra nümayəndəsi minanın partlaması nəticəsində şəhid olub.

“Ermənistan rəhbərliyinin minalanmış ərazilərin xəritələrini təqdim etməkdən yayınması, geri çəkilmə zamanı Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərinin minalanması və təxribat qrupları vasitəsi ilə minaların yerləşdirilməsi, daha çox insanın ölümünə yol açan yeni münaqişə ocaqlarının yaradilmasına gətirib çıxara bilər.

“Biz – Qırğızıstan azərbaycanlıları göstərilən bölgədəki mövcud vəziyyətdən narahatıq və təəssüf edirik ki, minalanmış ərazilərin xəritələrini təqdim etmək üçün Ermənistana beynəlxalq təzyiq göstərilməməsi səbəbindən qurbanların sayı hər gün artır. Bu baxımdan Ermənistan rəhbərliyi tərəfindən 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsi üçün əlaqədar beynəlxalq insan hüquqları təşkilatlarını təsirli tədbirlər görməyə çağırırıq.

“Əks təqdirdə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan daha da çətin vəziyyətdə qalacaq. Ermənistanın razılığa gəlməsi Azərbaycanın yaratdığı yeni real imkanlardan istifadə etmək deməkdir və qarşı tərəf bu son fürsətini qaçırmamalıdır”.

Xatırladaq ki, iyunun 4-də işğaldan azad edilmiş Kəlbəcərin Susuzluq kəndində nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində Az.TV-nin operatoru Sirac Abışov, AzərTAc-ın müxbiri Məhərrəm İbrahimov və yerli icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub. Daha bir neçə nəfər yaralanıb.

Mission News Theme by Compete Themes.