Press "Enter" to skip to content

Qırğızıstan və Tacikistan sərhədlə bağlı müvəqqəti razılığa gəldi

Son yeniləmə: 6 İyun 2021 09:06

Bayraqdar.info – Qırğızıstan və Tacikistan iyunun 4-dən başlayan sərhəd anlaşılmazlığını dinc yolla həll etməklə bağlı razılığa gəlib.

Bu haqda xəbəri bayraqdar.info-ya Orta Asiyadakı media tərəfdaşı Golden Bridge News verib.

Xəbərdə deyilir ki, Qırğızıstan və Tacikistan Dövlət Sərhədinin Demarkasiya və Delimitasiyası üzrə Dövlət Komissiyaları ortaq açıqlama ilə bir razılıq əldə edildiyini bildiriblər.

Açıqlamadan bəlli olur ki, tərəflər iyunun 5-də dövlət sərhədinin Karamık adlanan kəsimində delimitasiya və demarkasiya ilə bağlı ortaq toplantı keçirib.

Sonucda qeyd olunan sərhəd kəsimində ortaya çıxan çətinliklərin dinc yolla həlli yönündə razılıq əldə edilib.

Bunun nəticəsi olaraq ortaq protokol da imzalanıb. Protokola görə, hər iki tərəf sərhəd dirəklərini 3 km məsafədə geri çəkəcək. Eyni zamanda əsgərlər və onların təchizatı da geri çəkiləcək, yalnız patrul xidməti təşkil ediləcək.

Otlaq sahələrinin istifadəsinə qarşılıqlı şəkildə izn veriləcək. Dövlət sərhədilə bağlı istənilən hərəkət öncədən tərəflərin həmsədrləri ilə müzakirə ediləcək.

Protokolda media ilə bağlı məqama da toxunulub. Tərəflər qərara alıb ki, daha əvvəl imzalanmış protokolları da rəhbər tutaraq yalnız hər iki tərəfin razılaşdırdığı bilgilər mediaya təqdim ediləcək.

Eyni zamanda qərara alınıb ki, sərhədin mübahisə doğuran kəsimi ilə bağlı topoqrafik çalışmalar ən qısa müddətə həllini tapsın.

Tərəflər bölgədəki kəndlərin əhalisi ilə izahat işi aparacaq, yalnız protokolun maddələri çərçivəsində davranacaq.

Qeyd edək ki, ortaq Protokolu Qırğızıstan tərəfdən Dövlət Sərhədinin Demarkasiya və Delimitasiyası üzrə Dövlət Komissiyasının sədri Kamçıbek Taşiyev, Tacikistan tərəfdən də həmin ölkənin eyni adlı qurumunun rəhbəri Saymumin Yatimov imzalayıb.

Prezident Sadır Caparovdan təmkinli davranış

Əlavə olaraq bildirək ki, iyunun 5-də Qırğızıstan Təhlükəsizilik Şurasının katibliyi açıqlama yayaraq sərhədin qeyd olunan bölgəsindəki vəziyyətin nəzarət altında olduğunu bildirmişdi. Bununla bağlı bayraqdar.info-ya Qırğızıstan Prezidentinin Administrasiyasından daxil olan məlumatda bildirilirdi ki, ortaya çıxan anlaşılmazlıqların yalnız dinc yolla həlli üçün çalışılır.

Qırğızıstan dövləti vətəndaşlara müraciət edərək hər hansı rahatsızlıq üçün səbəb olmadığını bildirmişdi. O da qeyd olunurdu ki, dövlət təhlükəsizliyin təmini üçün gərəkli bütün tədbirləri görür.

İyunun 6-da səhər erkəndən Qırğızıstandakı müstəqil mənbələrimizin verdiyi xəbərə görə, sərhəd kəndlərindən köçürülmüş Qırğızıstan vətəndaşları tərəflər arasında Protokol imzalandıqdan sonra artıq evlərinə qayıtmağa başlayıb.

Xəbər verdiyimiz kimi, iyunun 4-ü saat 3 radələrində Tacikistan sərhədçiləri Qırğızıstan ərazisinin 1 km dərinliyinə qədər (Oş – Çong Alay – Unju Bulaq) irəliləyərək özlərinin istehkamlarını qurmuşdular. Bu isə aprelin sonunda Batkendə ortaya çıxmış və 40-dək dinc qırğızın ölümüylə nəticələnmiş sərhəd qarşıdurmasının ardından növbəti təxribat kimi dəyərləndirilirdi. Lakin bu dəfə də Qırğızıstan Prezidenti Sadır Caparov təmkin nümayiş etdirərək münaqişənin böyüməsinə imkan vermədi.

Mission News Theme by Compete Themes.