Press "Enter" to skip to content

Qırğızıstan-Tacikistan sərhədindəki hadisələrin xronologiyası

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, iyunun 4-nə keçən gecə – saat 03 radələrində Tacikistan hərbiçiləri Oş vilayətində Qırğızıstan sərhədini pozaraq 1 km-ə qədər ölkənin içərisinə müdaxilə etmişdi. Məsələ həm Qırğızıstanda, həm də ondan kənarda diqqətlə izlənilməkdədir.

Bununla bağlı bayraqdar.info-nun Orta Asiyadakı media tərəfdaşı Golden Bridge News-un məlumatları əsasında xronologiyanı təqdim edirik.

İyunun 4-nə keçən gecə saat 03-də Tacikistan hərbiçiləri Qırğızıstan sərhədini pozaraq ölkənin içərisinə doğru 1 km-ə qədər hərəkət edib. Qırğızıstanın cənub paytaxtı olan Oş bölgəsinin Çong Alay rayonundakı Unju Bulaq adlı yerdə öz istehkamlarını qurublar. Bu isə iki ölkə arasında mübahisəli sərhəd bölgələrilə bağlı məsələlərin birlikdə həll edilməsi yönündə əldə edilmiş razılaşmaya ziddir.

Qırğızıstan tərəfi Tacikistanın bu davranışını əldə edilmiş razılaşmaların pozuntusu kimi dəyərləndirməklə “yaxşı qonşuluq və dostluq əlaqələrinə zidd” olduğunu da bəyan edib.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri, eyni zamanda Qırğızıstan-Tacikistan sərhədinin delimitasiya və demarkasiyası üzrə qrupun başçısı Kamçıbek Taşiyevin rəhbərliyi altında bir heyət əraziyə yollanıb.

Aprelin sonunda da Tacikistan müdaxilə etmişdi

Əlavə edək ki, cari il aprelin sonunda məhz Tacikistan tərəfinin törətdiyi təxribat sonucu Qırğızıstanın Batken vilayətində sərhəd pozuntusu baş vermişdi. İki gün davam edən hadisələrdə 40-dək Qırğızıstan vətəndaşı həlak olmuş, sosial obyektlər, iş yerləri və evlər yandırılmışdı. Təxminən 25 min nəfərədək sakin öz ev-eşiyindən köçürülmüşdü. Öldürülənlərin yalnız 3-ü hərbiçi idi. Yerdə qalanlar isə dinc sakinlər idi. Onlardan da ikisi azyaşlı uşaqlardı. İki dövlət rəhbərinin intensiv əlaqələri sonucu hadisələr yatırılsa da Tacikistan tərəfi təxribatlardan imtina etməmiş kimi görünür.

İyunun 4-də Qırğızıstan Xarici İşlər Nazirliyi Tacikistan tərəfə etiraz notası verib. Qırğız tərəfi iki dövlətin sərhəd bölgələrində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tacik hərbiçilərin Unju-Bulaq ərazisində quraşdırılmış konteynerləri sökməsini və texnikanı ərazidən çıxarmasını tələb edib.

Dövlətə aid Piramida TV-nin verdiyi məlumata görə, Qırğızıstan tərəfi vəziyyəti tərəflərin sərhəd təmsilçiləri səviyyəsində tənzimləmək üçün bütün tədbirləri görür. Lakin Tacikistanın sərhəd təmsilçiləri telefon zənglərinə belə cavab vermir.

Bu arada, Qırğızıstan Hərbi Hava Qüvvələrinə məxsus bir helikopterin Oş vilayəti, Nookat rayonunun Kiçi Alay kəndinə – yəni etnik azərbaycanlıların da yığcam yaşadıqları Aravan rayonu yaxınlığına təcili enməsi nəticəsində qəza baş verib və yaralananların olduğu bildirilir.

Səhiyyə Nazirliyi xəbər verir ki, qəza yerinə 3 təcili yardım briqadası göndərilib. Müdafiə Nazirliyinin məlumatına görə isə hərbi helikopterin içində 10 hərbiçi olub, onlardan 3-ü yüngül yaralanıb.

Helikopterin Tacikistan-Qırğızıstan sərhədinə səmt alıb-almadığı haqda bilgi verilmir.

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd qoşunları Xidməti Tacikistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını və gücləndirilmiş xidmət aparıldığını bildirib.

Tacikistan tərəfi Qırğızıstanın etirazını əsassız sayır

Tacikistan Xarici İşlər Nazirliyi də öz növbəsində Qırğızıstanın bu ölkədəki səfirinə ölkəsinin müqavilələrin pozulması ilə bağlı açıqlaması ilə əlaqədar etiraz notası təqdim edib.

Notada deyilir: “Tacikistan sərhəd məntəqəsi əvvəllər iki ölkənin birgə protokolu ilə müəyyən edilmiş, çəkilmiş və razılaşdırılmış Tacikistan ərazisindədir. Tacikistan sərhədçiləri ərazimizi qoruyur və sərhəd gözətçisi paritet prinsipi ilə qurulur”.

Qırğızıstan Nazirlər Kabineti Tacikistan tərəfinin yayımladığı məlumata dair bunları bildirib: “2002-ci ildən bəri Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətləri iki ölkə arasındakı dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə birgə iş aparıb, lakin bu proses hələ də başa çatdırılmayıb. Sərhədin bu qisminin dəqiqləşdirilməsinə dair Qırğızıstan ilə Tacikistan arasında heç bir müvafiq saziş imzalanmayıb ki, bu da Qırğızıstan-Tacikistan dövlət sərhədinin qanuni qeydiyyatının natamam olduğunu göstərir. Nəticə etibarilə Tacikistan tərəfindən müxtəlif konteynerlərin quraşdırılması ilə bu ərazinin koordinə etdirilməməsi cəhdləri mehriban qonşuluq və dostluq münasibətlərinə uyğun gəlmir və gələcəkdə sərhəddə vəziyyətin gərginləşməsinə səbəb ola bilər”.

Əlavə edək ki, Qırğızıstan tərəfi təhlükəsizliyi təmin etmək məqsədilə qeyd olunan ərazidəki bir sıra yaşayış məntəqələrinin əhalisini köçürməli olub.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.