Son yeniləmə: 4 İyun 2021 10:45
Bayraqdar.info – Bişkekdə fəaliyyət göstərən Golden Bridge News-un verdiyi xəbərə görə, iyunun 4-nə keçən gecə Tacikistan hərbiçiləri Qırğızıstan sərhədini pozaraq ölkənin içərisinə doğru hərəkət edib.
Bununla bağlı məlumatı Qırğızıstan Nazirlər Kabineti yayıb. Xəbərdə deyilir ki, əvvəlcədən əldə edilmiş razılaşmalara baxmayaraq, Tacikistan hərbiçiləri iyunun 4-də gecə saat 03-də Qırğızıstan ərazisinə daxil olub. Onlar Qırğızıstan ərazisinə 1 km dərinliyində daxil olaraq Oş bölgəsinin Çong Alay rayonundakı Unju Bulaq adlı yerdə öz istehkamlarını qurublar.
Nazirlər Kabinetinin məlumatında bildirilir ki, bu hadisə iki ölkə arasında mübahisəli sərhəd bölgələrilə bağlı məsələlərin birlikdə həll edilməsi yönündə əldə edilmiş razılaşmaya ziddir.
Qırğızıstan tərəfi Tacikistanın bu davranışını əldə edilmiş razılaşmanın pozuntusu kimi dəyərləndirməklə “yaxşı qonşuluq və dostluq əlaqələrinə zidd” olduğunu da bəyan edib.
Baş verənləri nəzərə alaraq, Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin başçılığı altında bir heyət hadisənin baş verdiyi əraziyə yollanıb. Onu Nazirlər Kabinetinin sərhəd məsələləri üzrə xüsusi təmsilçisi Nazirbek Borubayev və Ərazi Resursları üzrə Dövlət Agentliyinin direktoru Abdulat Mırzayev də müşayiət edir.
Qeyd edək ki, K.Taşiyev həm də Qırğızıstan-Tacikistan sərhədinin delimitasiya və demarkasiyası üzrə qrupun rəhbəridir.
Əlavə edək ki, cari il aprelin sonunda məhz Tacikistan tərəfinin törətdiyi təxribat sonucu Qırğızıstanın Batken vilayətində sərhəd pozuntusu baş vermişdi. İki gün davam edən hadisələrdə 40-dək Qırğızıstan vətəndaşı həlak olmuş, sosial obyektlər, iş yerləri və evlər yandırılmışdı. Təxminən 25 min nəfərədək sakin öz ev-eşiyindən köçürülmüşdü. Öldürülənlərin yalnız 3-ü hərbiçi idi. Yerdə qalanlar isə dinc sakinlər idi. Onlardan da ikisi azyaşlı uşaqlardı. İki dövlət rəhbərinin intensiv əlaqələri sonucu hadisələr yatışdırılsa da Tacikistan tərəfi təxribatlardan imtina etməmiş kimi görünür.
[…] Oş vilayətində Qırğızıstan sərhədini pozaraq 1 km-ə qədər ölkənin içərisinə müdaxilə etmişdi. Məsələ həm Qırğızıstanda, həm də ondan kənarda diqqətlə […]
[…] Xəbər verdiyimiz kimi, iyunun 4-ü saat 3 radələrində Tacikistan sərhədçiləri Qırğızıstan ərazisinin 1 km dərinliyinə qədər (Oş – Çong Alay – Unju Bulaq) irəliləyərək özlərinin istehkamlarını qurmuşdular. Bu isə aprelin sonunda Batkendə ortaya çıxmış və 40-dək dinc qırğızın ölümüylə nəticələnmiş sərhəd qarşıdurmasının ardından növbəti təxribat kimi dəyərləndirilirdi. Lakin bu dəfə də Qırğızıstan Prezidenti Sadır Caparov təmkin nümayiş etdirərək münaqişənin böyüməsinə imkan vermədi. […]