Press "Enter" to skip to content

Cocuq Mərcanlı modelini bütün Qarabağda tətbiq edəcəyik

TÜİB sədri Hüseyin Büyükfırat

Son yeniləmə: 2 İyun 2022 17:26

Hüseyin Büyükfırat: TÜİB olaraq yeni dönəmdə də üzərimizə düşən vəzifələrin öhdəsindən gəlmək üçün daim çalışırıq

Bayraqdar.info – Xəbər verdiyimiz kimi mayın 14-də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) 5-ci dönəm seçkili Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda İdarə Heyətinə və Təftiş Komissiyasına seçkilər olub. Şəffaf və demoktratik şəraitdə keçirilən seçkilərin nəticəsi olaraq Hüseyin Büyükfırat yenidən TÜİB-in sədri seçilib.

TÜİB çoxsaylı ciddi layihələr reallaşdırır

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 22 aprel 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” Sərəncama əsasən H.Büyükfırat “Tərəqqi” medalı ilə təltif edilib. O, bu ali mükafata Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə layiq görülüb. Beləliklə, həm TÜİB-in Ümumi Yığıncağından sonra gözlənilən yeniliklər, həm ümumilikdə atılacaq addımlar, həm də mükafatla bağlı təəssüratlarını öyrənmək üçün H.Büyükfıratla görüşdük. Onun bayraqdar.info-ya müsahibəsini təqdim edirik.

Asiya qitəsi yenidən dünyada söz sahibi olmağa doğru addımlayır

-Hüseyin bəy, TÜİB-in növbəti Ümumi Yığıncağında qurum daxilində bir sıra yeniliklər oldu. Bəs yeni dönəmdə yeni çağırışlarla bağlı TÜİB öz fəaliyyətində nə kimi yeniliklər etmək fikrindədir?

-Mən öncə onu deyim ki, tarixi bir dövrdən keçirik. Bu, həm iki qardaş ölkə arasında, həm yaşadığımız coğrafiyada, bəlkə də eyni zamanda qlobal miqyasda yeni dönəmdir.

TÜİB-in 5-ci dönəm seçkili Ümumi Yığıncağından xatirə fotosu

Mən burada Asiya qitəsinin önəminə xüsusi vurğu etmək istəyirəm. Anlaşılan odur ki, qlobal miqyasda baş verən dəyişikliklər fonunda Asiya qitəsi yenidən dünyada söz sahibi olmağa doğru addımlayır. Təbii ki, hadisələrin bu axarla inkişaf edəcəyi təqdirdə Avropa ilə Asiyanın qovşağında yerləşən Türkiyə və Azərbaycanın birgə atacağı addımlar, reallaşdıracağı layihələr mühüm əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq aləmin də diqqət mərkəzində olacaq. Məhz buna görə də Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən iqtisadi sahədə daha da dərinləşməsi, genişlənməsi vacib şərtlərdən biridir. Çünki prosesdə ön sırada olmağımızın əsas şərtlərindən biri iqtisadi gücümüzlə bağlıdır.

Bu məsələdə iş adamlarının üzərinə çox böyük vəzifə düşür

-Yəni demək istəyirsiniz ki, Türkiyə-Azərbaycan birliyinin bu prosesdən siyasi və diplomatik baxımdan uğurla çıxması həm də iqtisadi gücdən aslıdır?

-Tamamilə doğrudur. Hesab edirəm ki, bu məsələdə bizlərin, yəni iş adamlarının üzərinə çox böyük vəzifə və məsuliyyət düşür. Buradan da sizin birinci sualınıza cavab olaraq deyirəm ki, TÜİB olaraq yeni dönəmdə üzərimizə düşən vəzifələrin öhdəsindən gəlmək üçün daim çalışırıq və bundan sonra da çalışacağıq. Elə Ümumi Yığıncaqda müşahdə etdiyiniz yeniliklər də məhz bu məqsədə hesablanıb. Mən burada bir məsələnin üzərində xüsusi olaraq dayanmaq istəyirəm.

TÜİB-in yeni rəhbər heyəti Fəxri xiyabanda
TÜİB-in yeni rəhbər heyəti Fəxri Xiyabanda

Ümumi Yığıncaqdakı çıxışımda da bildirdiyim kimi, Azərbaycan-Türkiyə əlaqələri sıradan əlaqələr deyil. Bunun tarixi, dini, milli, mədəni kökləri var. Biz iş adamları da bu köklərə bağlı olaraq öz fəaliyyətimizi qurmaqla yanaşı ulularımızdan bizə miras qalan xeyriyyəçiliyi də unutmamalıyıq. Şəxsən mənim və ümumilkdə TÜİB üzvlərinin qənaəti budur ki, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bura sadəcə bir iş yeri, sərmayə yatirib, pul qazanmaq yeri kimi baxmamalıdırlar. Bizlər sosial fəaliyyətləri də daim ön sırada tutmalı, sosial layihələrin icrasına dəstək verməli, bəzən isə özümüz bu təşəbbüslə çıxış etməliyik. Bunu hər kəs bilsin ki, bundan öncə olduğu kimi bundan sonra da TÜİB olaraq sosial həyatın hər bir sahəsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

Bəzən biz də gənclərdən nəsə öyrənirik

-Bəs bu istiqamətdə gənc iş adamları ilə bağlı nə deyə bilərsiniz? TÜİB nəzdində də gənc iş adamları varmı?

-Əlbəttə ki, var. Önəmli olan bu gənc iş adamlarına sahib çıxmaq, onları dəstəkləmək və onların önünü aça bilməkdir. Bizim gənclərlə bağlı xüsusi – “TÜİB gənc iş adamları” fəaliyyət proqramımız var.

TÜİB Cocuq Mərcanlıda
TÜİB Cocuq Mərcanlıda

Hədəfimiz bu gənclərimizə dəstək vermək, onları ticarətə cəsarətləndirmək, öz təcrübələrimizi onlarla bölüşməkdir. Amma onu da deyim ki, təkcə biz gənclərə öyrətmirik, bəzən özümüz də onlardan nəsə öyrənirik. Bəzən bizim nəsil iş adamlarının görmədiyi yeni perspektivləri məhz gənclər görür və doğru dəyərləndirə bilirlər. Xüsusilə də rəqəmsal sahədə, marketing və reklamda gənclər bizdən daha yaxsıdırlar.

Biz buna inandıq

-Mən gənclərlə bağlı heç də təsadüfən sual vermədim. Məqsədim məsələni TÜİB tərəfindən Cocuq Mərcanlıda görülən işlərin üzərinə gətirməkdir. Sizin rəhbərliyinizlə TÜİB-in 2016-cı ildən bəri Cocuq Mərcanlıda gördüyü işlərdə gənclərin rolu necədir?

-Biz Cocuq Mərcanlıda KOBİA ilə birlikdə reallaşdırdığımız layihə çərçivəsində gənclərə iş, peşə öyrədirik. Hazırda orada əl sənətləri, suvenirlər, toxuculuq, çini sənəti, oymaçılıqla bağlı çoxsaylı sahələrdə onlarla gəncə iş öyrədirik. Bu bir modeldir və biz bu modeli bütün Qarabağda tətbiq etmək niyyətindəyik. 2016-cı ildə biz Cocuq Mərcanlıda məhz bu inamla işə başladıq.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi TÜİB və KOBİA-nın Cocuq Mərcanlıda gördüyü işlərlə tanış olarkən
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi TÜİB və KOBİA-nın Cocuq Mərcanlıda gördüyü işlərlə tanış olarkən

İnandıq ki, tezliklə bütün torpaqlar işğaldan azad ediləcək və biz bütün Qarabağda bu işləri görəcəyik. Şükürlər olsun ki, o inanımız, ümidimiz doğruldu. Artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqları işğaldan azad edib. İndi orada quruculuq-bərpa işləri gedir.

TÜİB fəaliyyətində hər zaman gənclərə dəstək olur
TÜİB fəaliyyətində hər zaman gənclərə dəstək olur

Biz də TÜİB olaraq ora, öz ata-baba yurdlarına qayıdacaq insanların iş problemini öncədən həll etmək üçün fəaliyyətə keçməyə hazırıq.

-İşğaldan azad edilmiş torpaqlarda gələcəkdə ortaq iş görmək üçün Türkiyədən şirkətləri də dəvət etmək niyyətindəsinizmi?

-Biz hər zaman dəvət edirik. Hər zaman deyirik ki, türk iş adamları Azərbaycanda sadəcə pul qazanmaq barədə düşünməməli, öz vətənləri kimi Azərbaycanın daha da inkişafına dəstək verməlidirlər. Bu baxımdan da hazırda işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər türk iş adamları üçün bir fürsətdir.

200 tələbənin Türkiyə universitetlərində təhsilinə yardım etməyi hədəfləyirik

-Siz daha bir xeyirxah işə imza atmısınız. Söhbət şəhid ailələrindən olan gənclərin və qazilərin Türkiyə üniversitetlərində pulsuz təhsil almasına yardım etməkdən gedir. “Tək millət, tək ürək” layihəsi bu il də davam edəcəkmi?

-Bəli, edəcək. Biz bu kateqoriyadan olan gənclərin təhsilinə dəstək olmaqda davam edəcəyik. Bu işdə TÜİB üzvü olan iş adamlarının fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Onlara bu fədakarlılqlarına görə təşəkkür edirəm.

“Tək millət, tək ürək” layihəsi çərçivəsində 2021-ci ildə Türkiyəyə ali təhsil almağa göndərilən gənclərlə birlikdə

Bu işdə ən böyük təşəkkür isə keçmiş səfir Erkan Özorala və həyat yoldaşı Meltem xanıma düşür. Bizə bu istiqamətdə ən böyük dəstəyi onlar verdi. Bu gün də o fəaliyyətlə, o uşaqların təhsil durumu ilə maraqlanırlar. Bu layihəmiz davam edəcək. Bu kateqoriyadan olan 200 tələbənin Türkiyə universitetlərində təhsilinə yardım etməyi hədəfləyirik. İnşallah, o hədəfimizə də çatacağıq.

“Tək millət, tək ürək” layihəsi çərçivəsində 2021-ci ildə Türkiyəyə ali təhsil almağa göndərilən gənclərin hava limanında yola salınması

Biz o gənclərin Türkiyədə ali təhsil alıb vətənə döndükdən sonra işlə təmin olunmasına da yardım edəcəyik. Məsələn, Bursa Uludağ Universiteti ilə əldə etdiyimiz razılaşmaya əsasən, bu il şəhid və qazi ailələrindən olan bir neçə tələbə ora göndəriləcək. Kənd təsərrüfatı ilə bağlı təhsil alacaqlar. Təhsillərini başa vurub, gəlib işğaldan azad edilmiş ərazilərdə çalışacaqlar.

TÜİB-in rəhbər heyəti səfir Cahit Bağcı ilə görüşüb

-Son olaraq sizi “Tərəqqi” medalı ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Ümumiyyətlə, bu təltiflə bağlı təəssüratlarınızı da öyrənmək istərdik…

-Təbrikə və diqqətə görə təşəkkür edirəm. Ümumiyyətlə bayraqdar.info olaraq daim bizim işlərimizi işıqlandırırsınız ki, buna görə də sizlərə təşəkkür edirəm. Təəssüratlara gəlincə, bu, ilk növbdə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin görülən işlərə verdiyi yüksək qiymətdir. Yəni gördük ki, Azərbaycan dövləti görülən işləri nəzərdən qaçırmır. Əksinə, yeri gələndə bu işi görənləri mükafatlandırır. Digər tərəfdən, bu medalla biz anladıq ki, çiynimizdə böyük bir vəzifə var.

Hüseyn Büyükfırat Nadir Azərinin suallarını cavablandırarkən
Hüseyin Büyükfırat Nadir Azərinin suallarını cavablandırarkən

Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün daha çox çalışmalıyıq. Təbii ki, bu təltif bizim əzmimizi daha da artırdı. Mən həm öz adımdan, həm də TÜİB ailəsi adından cənab Prezidentə bizi bu ali mükafata layiq gördüyü üçün çox təşəkkür edirəm. Eyni zamanda deyirəm ki, bu, başqa bir xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək etimadına layiq görülmək həqiqətən bir başqa xoşbəxtlikdir.

Mission News Theme by Compete Themes.