Son yeniləmə: 1 İyun 2022 15:18
Bayraqdar.info – Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib. Buna səbəb sonuncunun doğum günü olub. V.Putin N.Paşinyanı təbrik etməklə bərabər fürsətkən bir sıra məsələləri də müzakirə ediblər.
Xəbəri Rusiya Prezidentinin Mətbuat xidməti iyunun 1-də yayıb.
Xəbərdə qeyd olunur ki, tərəflər Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş üçtərəfli razılaşmalardan irəli gələn məsələləri, o cümlədən regional sabitlik və Güney Qafqazda nəqliyyat-logistika altyapısının inkişafını müzakirə edib.
N.Paşinyan mayın 22-də Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşlə bağlı da bilgi verib.
Xəbərdə o da deyilir ki, tərəflər ikitərəfli gündəm məsələlərini də müzakirə ediblər.
Yəni Kremlin yaydığı xəbərin mahiyyəti bundan ibarətdir. Mətndə bir dəfə də olsun Qarabağ sözü keçmir. Bu məsələni iki gün öncə də dilə gətirmişdik. Moskva artıq Qarabağ ifadəsini gündəmdən çıxarıb və ermənilər nə qədər dirənsələr də Kreml bu ifadəni işlətməkdə maraqlı deyil.
İki ölkə prezidenti danışdı, Sputnik yenə də öz bildiyini etdi
Amma maraqlı olan var.
Kimmiş? Margarita Simonyan və onun hətta Azərbaycandakı uzantıları!
Buyurun, Sputnik Azərbaycan Rusiya Prezidenti ilə Ermənistan Baş nazirinin telefon söhbətini qısa xəbər şəklində necə təqdim edir: “Putin Paşinyana zəng edib. Kreml xəbər verir ki, [tərəflər] Qarabağla bağlı üçtərəfli razılaşmaların müzakirəsini aparıb, bölgədə sabitliklə bağlı işin fəallaşdırılmasının vacibliyini qeyd ediblər”.
Göründüyü kimi, yenə də Sputnik Azərbaycan Qarabağ sözünü öz xəbərinə pərçimləyib! Halbuki Kreml öz rəsmi xəbərində bu ifadəni belə işlətməkdən çəkinib!
Sputnik Armenia isə, görünür, bir neçə gün öncə bu saxtalaşdırmaya diqqət çəkdiyimizi nəzərə alıb. Ona görə də bu dəfə Kremlin adından yalan xəbər yaymayıb.
Sputnik Armenia bu telefon söhbətini Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadla yayıb ki, orada da təbii olaraq “Dağlıq Qarabağ” ifadəsi keçir. Amma diqqətlə baxıldığında həmin ifadənin keçdiyi sonuncu cümlə xəbərə yamaq kimi görünür…
Biz xeyli müddətdir Sputnik Azərbaycanın ölkəmizdən çıxarılmasının vacibliyini dilə gətiririk. Bunu yetərincə əsaslandırırıq da. Amma təəssüflər olsun ki, uca dövlətimiz hələ də Bakıda oturub erməni ağzıyla danışan bu çirkin təbliğat vasitəsinə dözümlü yanaşır…
Sputniki Bakıdan çıxarmalı, kabel kanallarına da əl gəzdirməli