Press "Enter" to skip to content

BBC-nin “itmiş kilsə” axtarışına Hikmət Hacıyevdən münasibət – VİDEO

Son yeniləmə: 26 Mart 2021 09:03

Bayraqdar.info – BBC Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonu ərazisində “yoxa çıxmış” xristian ibadətgahının “izinə düşüb”. “Dağlıq Qarabağ: yoxa çıxmış kilsənin sirri” adlı 4 dəqiqə 45 saniyəlik videoda müəllif əraziyə gedir, adamlarla görüşür, geolokasiya vasitəsilə “yoxa çıxmış” kilsənin yerini tapıb göstərir. Eyni zamanda 44 günlük savaş günlərində çəkilmiş videonu da öz çəkilişlərinə əlavə edən BBC jurnalisti göstərməyə çalışır ki, Azərbaycan kilsəni yer üzündən silib. Düzdür, məsələyə Prezidentin köməkçisi Hikmət Hacıyevin də münasibəti öyrənilib. Lakin hiss edilir ki, onun fikirləri yarımçıq təqdim olunur.

Hikmət Hacıyev BBC-nin bu yayımına özünün Tvitter hesabında münasibət bildirib: “2017-ci ildə XİN-in sözçüsü kimi ermənilərin heç vaxt yaşamadıqları işğal edilmiş Cəbrayılda qanunsuz hərbi ibadətgah tikmələrinə münasibət bildirmişdim. Demişdim ki, Azərbaycanla bağlı hər şeyi darmadağın etməklə bərabər [xristian] ibadətgahı tikmək xristianlığın əsas prinsiplərilə ziddiyyət təşkil edir”.

Prezidentin köməkçisi növbəti tvitində mövzunu davam etdirərək bunu yazır: “2017-ci ildə Azərbaycanın müraciəti əsasında ATƏT Minsk Qrupunun həmsədrləri Cəbrayılda qanunsuz tikilmiş ibadətgaha baş çəkib. Onların qənaətinə görə, bu, hərbi hissədə əsgərlərə xidmət üçün tikilmiş ibadətgah idi. İşğal edilmiş torpaqların dini/mədəni mahiyyətini dəyişmək üçün göstərilən hər cür cəhd qanunsuzdur”.

Hikmət Hacıyevin də açıqlamasından aydın olur ki, söhbət hansısa qədim və qanuni əsaslarla tikilmiş xristian məbədindən getmir. Lakin BBC-nin reportajında bu məsələ yetərincə əks edilmir, növbəti dəfə qərəz sərgilənir.

Xatırladaq ki, 2016-cı ilin məşhur 4 günlük aprel döyüşləri sonucu Azərbaycan ordusu Lələtəpə yüksəkliyi də daxil olmaqla 2 min hektardan çox ərazini Ermənistanın işğalından azad etmişdi. Onun ardınca çıx qısa bir müddətdə Cəbrayılın azad edilmiş Cocuq Mərcanlı kəndi bərpa edildi, ailələr ora yerləşdirildi. Eyni zamanda kənddə Şuşa məscidinin bənzəri də qısa müddətə tikilib istifadəyə verildi.

Belə bir durum işğalçı Ermənistanın “cavab tədbiri” görməsinə səbəb oldu. Onlar Cəbrayılda yerləşən işğalçı hərbi hissənin ərazisində ibadətgah tikdilər. Təbii ki, belə bir ibadətgahın tikintisi qanunsuz idi və Azərbaycanın onu ləğv etməsi büsbütün qanun çərçivəsindədir. Çünki, Hikmət Hacıyevin də dediyi kimi, o “ibadətgah” hətta xristianlığın öz prinsiplərinə zidd olaraq tikilmişdi…

Sonda qeyd edək ki, Hikmət Hacıyevin Tvitter hesabı olduqca populyardır və onun izləyicilərinin sayı 240 mindən artıqdır. Bu isə o deməkdir istənilən məsələyə reaksiyası mütləq ünvana çatır.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.