Son yeniləmə: 23 May 2022 11:21
Bayraqdar.info – Mayın 22-də Brüsseldə Prezident İlham Əliyevin Baş nazir Nikol Paşinyanla görüşü keçirildi. Təşkilatçı və ev sahibi qismində Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin də qatıldığı görüş 5 saata qədər çəkdi. Bu isə ondan xəbər verir ki, görüşdə yetərincə əhatəli müzakirə aparılıb, prinsipial məsələlər ən incəliklərinə qədər razılaşdırılıb. Əlbəttə, belə bir durum sevindiricidir.
Görüşdən sonra Azərbaycan və Ermənistan tərəfindən geniş açıqlama gəlməsə də Ş.Mişel media önünə çıxıb, yetərincə aydın açıqlama verib. Biz də o açıqlamanın önəmini nəzərə alaraq tam mətnini ingiliscədən tərcümə edib oxucularımıza şərhsiz təqdim etmişik.
Diqqətimizi hər şeydən öncə o çəkir ki, Ş.Mişelin mətbuata açıqlaması kifayət qədər pozitiv notlar üzərində qurulub. Yəni tərəflərin bir çox mühüm məsələlərdə razılığa gəldiyi açıq şəkildə ifadə edilir.
Eyni zamanda qeyd edilir ki, tərəflər olaraq Azərbaycanla Ermənistan müvafiq qurumlar səviyyəsində müzakirələrə başlamağa hazırdır. Olduqca vacib məqamdır bunun özü də.
Daha bir məsələ isə kommunikasiya xətlərinin bərpa edilməsi, gömrük və bənzər sahələrdə işlərin tənzimlənməsilə bağlıdır. Bu da öz həllini tapır.
Bəlkə də bəzən diqqətdən yayına bilər, amma bizim diqqətimizdən yayınmayan çox önəmli bir məqam da var: Ş.Mişel öz açıqlamasında sadəcə Qarabağ ifadəsi işlədir. Yəni Azərbaycanın elan etdiyi gerçəkliyə uyğun olaraq.
AB Şurasının Prezidenti bu ifadəni də Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kontekstində işlədir ki, burada Azərbaycanın hər hansı problemi yoxdur. Çünki Azərbaycan istər 44 günlük müharibə öncəsi, istər müharibə günlərində, istərsə də möhtəşəm Zəfərdən sonra daim elan edib ki, Qarabağdakı erməni əhalinin hüquqları və təhlükəsizliyi dövlətimiz üçün önəmli məsələlərdəndir. Yəni bu məsələnin həlli ilə bağlı Azərbaycanın heç bir problemi yoxdur. Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır, digər vətəndaşlarımız kimi onların da hüquqları dövlətimiz tərəfindən təmin ediləcək.
22 may görüşünü ümumiləşdirərək belə bir qənaətə gəlmək olar ki, irəliləyiş üçün imkanlar yaranıb. Daha doğrusu, bu imkanlar öncə də vardı. Amma müəyyən səbəblərdən Ermənistan tərəfi oyunpozanlıq edirdi. İndi isə AB Şurasının Prezidenti açıq mətnlə bəyan edir ki, irəliləmək üçün yeni imkanlar yaranıb. Bu da yeni ümidlər deməkdir.
Lakin bir əmma diqqətdən qaçırılmamalıdır. Əvvəlki iki bənzər görüş vaxtı da ümidlər vardı. Bununla belə Rusiyanın sözün həqiqi mənasında prosesə burnunu soxması ona səbəb oldu ki, çoxdan həll ediləcək məsələlər bu gün də həllini tapmamış qalır. AB Azərbaycanla Ermənistan arasında münasibətlərin tezliklə həllinə çalışır. Sülh müqaviləsi, kommunikasiyaların açılması, xalqlar arasında etimadın yaradılması mümkün görünür. Amma bu yerdə Rusiya müdaxilə edir, Ermənistanı yoldan çıxarır və prosesi əngəlləyir.
Yəqin bu dəfə də Rusiya növbəti oyunpozanlığını edəcək. Necə ki, ötən dəfəki pozitiv mesajlardan sonra Rusiya Ermənistanın içində müxalifəti ayağa qaldırdı və sülh müqaviləsi imzalamağa hazır olan N.Paşinyanı küncə sıxışdırdı, bu dəfə də elə bir gediş gözlənilə bilər. O baxımdan AB-nin ayağını bərk basması, N.Paşinyanın da öz tərəfdarlarını səfərbər etməsi zərurəti yaranır. Azərbaycana gəlincə, bizim bu yöndə hər hansı problemimiz yoxdur. Çünki Azərbaycan dövləti Prezident İ.Əliyevin şəxsində açıq şəkildə bəyan edir ki, Ermənistanla dinc yanaşı yaşamaqla bağlı hər hansı problem ola bilməz.
Yəni əslində ermənilər də bunu yaxşı başa düşür. Onlar həm də bizim kimi başa düşür ki, problem nə Ermənistanda, nə də Azərbaycanda deyil. Hər iki dövləti və xalqı bir-birinə düşmən etmiş və etməyə davam edən Rusiyadadır. Ona görə də ermənilərin yaxşı düşünməsi lazımdır…