Son yeniləmə: 13 May 2022 17:04
KKTC-də yeni hökuməti də UBP-DP-YDP üçlüyündən ibarət olacaq
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) yeni hökumətin formatı və tərkibi bəlli olub. Belə ki, bundan öncəki hökumət kimi bu hökumət də UBP-DP-YDP üçlüyündən ibarət olacaq. Sadəcə olaraq Ünal Üstelin qurduğu yeni hökumətin tərkibi bir qədər fərqlidir.
Üçü getdi, ikisi gəldi
Əvvəla baş nazir dəyişib. İkincisi əvvəlki kabinetdə olmayan və yeni hökumətdə vəzifəyə başlayan iki ad var. Bunlardan biri bu dönəmdə ilk dəfə TBMM-yə daxil olan Ziya Öztürklərdir.
Digəri isə yeni hökumətdə yeganə qadın nazir olan İzlem Gürçağdır. Ziya Öztürklər daxili işlər naziri, İzlem Gürçağ isə səhiyyə naziri postunu tutacaq. Keçmiş hökumtdə təmsil olunan üç nəfər – baş nazir Faiz Sucuoğlu, səhiyyə naziri Əli Pilli və iqtisadiyyat və enerji naziri Kutlu Evren yeni kabinetdə yer almayıb.
Ünal Üstelin hökuməti
Ümimiyyətlə məlumata əsasən artıq Ersin Tatar tərəfindən təsdiqlənən yeni hökumətin tərkibi aşağıdakı kimidir. Baş nazir Ünal Üstel (UBP), Baş nazirin müavini, Turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu (DP), ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı (YDP), xarici işlər naziri Tahsin Ertoğruloğlu, maliyyə naziri Sunat Atun, daxili işlər naziri Ziya Öztürklər, milli təhsil naziri Nazım Çavuşoğlu, iqtisadiyyat və energetika naziri Olgun Amcaoğlu, kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuz, səhiyyə naziri Gürçağ Altuğra, əmək və sosial müdafiə naziri Həsən Tasoy.
Sunat Atun geri döndü
Yeni hökumət kabinetində maraq doğuran digər bir məqam da maliyyə naziri Sunat Atunla bağlıdır. Məsələ burasındadır ki, 26-cı hökumət məhz Sunat Atuna görə dağılmışdı. Onunla keçmiş baş nazir Faiz Sucuoğlu arasında yaranmış gərginlikdən sonra S.Atunun nazir postundan uzaqlaşdırılmasına qərar verilmişdi. Lakin Cümhurbaşqanı Ersin Tatarın bu addıma icazə verməməsindən sonra Baş nazir F.Sucuoğlu hökumətin istefası qərarını dövlət başçısına bildirmişdi.
Beləliklə, yeni hökumətin tərkibi bəllidir. Və Sunat Atun öz postuna geri dönüb. Bu durum əslində, Faiz Sucuoğlu-Sunat Atun qarşıdurmasında birinci tərəfin haqsız olduğunu üzə çıxarmış olur. Anlaşılan o ki, F.Sucuoğlu Sunat Atun məsələsində, belə demək mümkünsə, yersiz inadkarlıq edib. Bu inadkarlıq isə sonda KKTC-ni bir qədər də geri saldı.
Onu da xatırladaq ki, bu, F.Sucuoğlunun 26-cı hökumət daxilində yaratdığı heç də ilk böhran deyildi. Hökumət yeni qurularkən Tahsin Ertuğruloğlu ilə bağlı da problem yaranmış, sonda, F.Sucuoğlu geri çəkilmək məcburiyyətində qalmışdı.
Hökumətə etimad səsverməsi olacaq
Beləliklə, indi gözlər KKTC parlamentindədir. Çünki mayın 13-də yeli vaxtla saat 16:00-da yeni hökumətə etimad səsverməsi keçiriləcək. Üçlü koalisiyanın bütün deputatlarının iclasda iştirak edəcəyi və hökumətə səs verəcəyi gözlənilir. Belə olan halda yeni hökumət lazım olam çoxluğu qazanacaq.
Ancaq burada bir məsələ var. O da parlament müxalifətinin sərgilədiyi mövqedir. Məsələ burasındadır ki, mayn 12-də yeni hökumət proqramının parlamentdə müzakirəsi müxalifətsiz keçib. CTP və HP parlamentin həmin növbədənkənar iclasını boykot edib. Bu iki partiya növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.
Bundan sonra nə olacaq?
Onu da qeyd edək ki, parlamentdə etimad səsi alacağı təqdirdə yeni hökuməti ağır bir dönəm gözləyir. Ümumi razılaşmaya əsasən qısa zaman ərzində UBP və DP-dən ibarət komissiya hökumət proqramı ilə bağlı yeni addımlar atacaq. Bu bir növ DP və YDP-nin ötən ay F.Sucuoğludan istədiyi “yeni hökumətin 100 günlük proqramı olsun” tələbinə dair ortaq həll yolu sayılır.
Bundan başqa yeni hökumət bir an öncə Türkiyə ilə iqtisadi sahədə əməkdaşlıqla bağlı bir sıra vacib sənədlərin imzalnmasına nail olmalıdır.
Hesab edirik ki, yeni hökumətin digər vacib işi isə dövlətin idarəetmə formasının dəyişməsinə hesablanmış siyasi islahatlara başlanması olmalıdır.