Son yeniləmə: 1 May 2022 10:21
Bayraqdar.info – Prezident İlham Əliyev dünya siyasi liderləri arasında özünün sözübütövlüyü və açıq danışmasıyla fərqlənir. Onun fərqli cəhətləri arasında ləyaqətli dövlət başçısı olması, sözünə imzasına olduğu qədər sədaqəti də bilinən gerçəkdir. Yəni Azərbaycan lideri istər şəxsi-fərdi keyfiyyətlərinə, istərsə də dövlət başçısı özəlliklərinə görə bir örnəkdir, fərqlənir və öndə gedir. Əlbəttə, bunu dünyanın məlum mərkəzləri və onların hər sözünə “ləbbeyk” deyənlər etiraf etmək istəmirlər. Lakin belə bir durum heç nəyi dəyişmir: İ.Əliyev qeyd etdiyimiz özəllikləri ilə öndədir, öndə olmağa da davam edəcək.
Bu girişi təsadüfən vermədik. Aprelin 29-da ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda dövlət başçısının 3 saata yaxın bir müddətdə iştirakçıların suallarını cavablandırmasıdır bizə bu sətirləri yazdıran.
Azərbaycan Prezidenti açıq danışdı, gerçəkləri dilə gətirdi – VİDEO
Qeyd olunan konfransda hər şeydən öncə diqqət çəkən Prezidentin hər cür suala-fikrə meydan verməsi idi. Yəni kiminsə birdən xoşagəlməz sual verə biləcəyi ilə bağlı əndişə yox idi. İstənilən şəxs istənilən sualı verə, polemikaya girə və İ.Əliyevin fikirlərinə zidd fikirlər söyləyə bilərdi. Bu, bir növ açıq tribuna idi və Prezident də hər cür suala-fikrə açıq idi.
Belə bir yanaşma təsadüfidirmi? Yaxud da dünyanın bütün liderləri bu qədər açıq müzakirəyə hazırdırmı? Deyərdik ki, yox. Hətta ABŞ Prezidenti belə açıq sual-cavaba bir məhdudiyyət qoyur. Eləcə də Avropanın ən aparıcı dövlətlərinin başçıları bu cür tədbirləri bir bəhanə ilə tez başa vurub aradan çıxmağa çalışırlar. Amma Prezident İ.Əliyev 3 saata yaxın bir müddətdə hər cür suala cavab verdi, fikir mübadiləsi apardı, mübahisəli məsələlərdən belə yan keçmədi.
İlk dəfə idimi belə bir hal? Təbii ki, yox. Prezident İ.Əliyev həmişə, istər media ilə münasibətlərdə, istərsə də belə tədbirlərdə özünün açıq danışması, eyni zamanda auditoriyanın istənilən sualı verə bilməsi üçün şərait yaratmasıyla diqqət çəkir.
Haşiyə: 2020-ci ilin 44 günlük savaş günlərində dünyanın ən aparıcı TV kanalları, ayrı-ayrı agentlik və qəzetləri Bakıya gələrək, yaxud da onlayn bağlanaraq Prezident İ.Əliyevlə geniş müsahibələr hazırlamışdı. Aradan keçən bu müddət ərzində biz Azərbaycan vətəndaşları o günləri qürurla xatırlayırıq. Ki, İ.Əliyev ən sərt və xoşagəlməz suallara belə ustalıqla, təmkinlə, ədəb və savad çərçivəsində cavab verməsilə diqqət çəkmişdi. Hətta təxribatçı suallara belə Azərbaycan Prezidentinin təmkinli, tutarlı, əks arqumentlərlə zəngin cavabları bu gün də dillər əzbəridir.
Prezidentin belə davranışı 44 günlük savaşdan da öncə diqqət çəkirdi, sonra da diqqət çəkməyə davam edir. Yəni o, cavabını verə bilməyəcəyi heç bir sualın olmadığını dəfələrlə nümayiş etdirib, etdirməyə də davam edir. Sözügedən konfransdakı ustalıq nümayişi də qeyd olunan seriyadandır.
Bu konfransda toxunulan məsələlər isə cümlə-cümlə şərh edilməyə layiqdir. Çünki İ.Əliyev elə məsələlər haqqında heç bir bər-bəzəksiz danışdı ki, bəlkə də Azərbaycan qədər kiçik başqa bir dövlətin lideri bu qədərinə cürət etməzdi. İstər Rusiyanın Ukraynaya təcavüzü məsələsi, istərsə də 44 günlük savaş günlərində Rusiyanın Ermənistana verdiyi dəstək Prezidentin dilindən açıq şəkildə diqqətə çatdırıldı. Yəni o, “birdən kiminsə xoşuna gəlməz” yanaşmasından çıxış etmədi. Əksinə, gerçəkləri dilə gətirdi ki, dünya nələrin olduğunu növbəti dəfə bilsin.
Maraqlı məqamlardan ən diqqət çəkəni isə savaş günlərində qonşu Gürcüstanın və qardaş Qazaxıstanla qardaş Türkmənistanın davranışlarına aydınlıq gətirilməsi idi. Əlbəttə, bu haqda daha öncə də danışılıb. Lakin bu dəfə daha dəqiq, ayrıntılı və hər kəsin başa düşəcəyi dildə bildirildi ki, Gürcüstan o 44 günlük savaş günlərində Rusiyadan Ermənistana silah və texnika daşınmasını əngəlləyib. Özü də Azərbaycanın istəyi ilə. Lakin qardaş ölkələr olan Qazaxıstan və Türkmənistan Azərbaycanın bu çağırışlarını eşitməyib, ortaq düşmənimizə Rusiyanın hərbi yardımları üçün dəhliz açıb…
Prezident bu sırada İranın da üzərində ayrıca durdu. Amma biz hamımız yaxşı bilirik ki, İranla məsələ tam fərqlidir. Yəni bu dövlət və onu idarə edənlər sözdə bizə “müsəlman qardaş” desələr də əməldə Ermənistanın və ermənilərin yanında olduqlarını illərdir nümayiş etdirirlər. Təbii ki, o müqəddəs savaş günlərində İranın Ermənistanın yanında olması, Rusiyadan silah və texnika daşınması üçün öz ərazisindən dəhliz açması bizi təəccübləndirmir. Hələ biz onu da xatırlayırıq ki, həmin savaş günlərində Müzəffər Azərbaycan Ordusunun üzü Zəngilana sarı irəliləməsi zamanı İran ordusu bizim ərazimizdə bizim əsgərlərimizin qarşısını kəsmişdi. Bu isə açıq şəkildə işğalçıya dəstək olmaq, qanunsuz olaraq Azərbaycan torpaqlarına soxularaq işğalçı Ermənistanla bir sırada durmağın ən idbar görsənişi idi.
Bütün bunlar və digər məsələlər, qeyd etdiyimiz kimi, cümlə-cümlə şərh və təhlil edilməyə layiqdir.
Yeri gəlmişkən, Prezident Ermənistanla münasibətlərin sonrakı taleyi haqqında da olduqca açıq danışdı. Əlbəttə, Ermənistanı idarə edənlərin azacıq düşünmək imkanı olsaydı bu deyilənlərdən nəticə çıxarar, mümkün qədər tez sülh müqaviləsi imzalar və həm öz xalqlarını, həm də bütövlükdə Güney Qafqazı bu müşküldən qurtarmağa töhfə verərdilər…
Sonda bir daha qeyd etmək istərdik ki, Prezidentin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda səsləndirdiyi fikirlər, sərgilədiyi liderlik keyfiyyətləri, suallara olduqca savadlı, təmkinli, açıq cavab verməsi onun hazırkı mərhələdə Azərbaycan üçün ən uyğun lider olduğunu növbəti dəfə təsdiqləmiş olur. Başqa sözlə desək, İ.Əliyevin bu dəfəki görsənişi də bir ustad dərsi oldu.