Son yeniləmə: 25 May 2021 23:30
Bayraqdar.info – “2021-ci ilin 25 may tarixində Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.”
Bu xəbəri bayraqdar.info-ya XİN Mətbuat xidməti idarəsindən veriblər.
Xəbərdə deyilir ki, C.Bayramov çıxışında “Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb”.
Azərbaycanlı nazir Ermənistanın 28 il ərzində Azərbaycan torpaqlarını işğal altında tutmasından da danışıb. Nazir qeyd edib ki, işğalçı dövlət bu dövr ərzində münaqişənin həlli istiqamətində daim qeyri-konstruktiv mövqe sərgiləyib. Eyni zamanda 44 günlük savaş zamanı mülki əhalini hədəf alıb.
“Nazir, Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks həmlə əməliyyatını qeyd edərək, onun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğuladı. 10 noyabr 2020-ci il, eləcə də 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti qeyd olundu”, – deyə xəbərdə bildirilir.
C.Bayramov çıxışına davam edərək deyib ki, hazırda işğal faktoru aradan qaldırılıb və normallaşma üçün fürsət yaranıb. Bu normallaşma isə hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması, qarşılıqlı hörmət tələb edir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür.
Nazir savaş sonrası bərpa və yenidənqurma fəaliyyətlərindən də danışıb. O, bu yöndə ATƏT-in icraçı qurumları ilə işbirliyinin davam edəcəyini deyib.
“Nazir Ceyhun Bayramovun çıxışına cavab olaraq ATƏT-in iştirakçı dövlətlərinin əksəriyyətinin daimi nümayəndələri çıxış etdilər. Çıxışlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra bölgədə vəziyyətin sabitləşməsinin önəmi və bunun davamına ehtiyacın olması, sülhün möhkəmləndirilməsi üçün növbəti addımların atılmasının əhəmiyyəti, üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrasının vacibliyi, yüksək səviyyədə siyasi dialoqun bərpasına ehtiyac, müharibədən sonrakı dövrdə inam və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin zəruruliyi, habelə humanitar tədbirərin həyata keçirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti, regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmi, Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliyin danışıqlar yolu ilə həllinin vacibliyi vurğulandı”, – deyə xəbərdə qeyd edilir.
O da bildirilir ki, “görüş zamanı nazir C.Bayramov Ermənistan nümayəndəsi tərəfindən Azərbaycana qarşı səsləndirilən əsassız iddiaları cavablandırıb”.
Qeyd edək ki, bayraqdar.info nazir C.Bayramovun Vyana səfəri barədə gün ərzində bir neçə dəfə xəbər verib. O, bu gün səhər erkəndən Avstriyaya səfərə getmiş, orada ATƏT-in Baş katibi ilə görüşmüşdü. Bundan sonra isə beyin mərkəzlərinin rəhbərləri ilə görüşə qatılmışdı.
Az öncə Nazirlikdən daxil olan xəbərə görə, C.Bayramov səfər çərçivəsində Avstriya Azərbaycan Ticarət Palatası və Avstriya Azərbaycan Əməkdaşlıq Şurasının nümayəndələri ilə də görüşüb.
Görüşdə münaqişədən sonrakı yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası, həmin ərazilərdə yeni texnologiyaların tətbiqi ilə “yaşıl enerji zonasının” yaradilması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri barədə məlumat verilib.
Eyni zamanda Avstriya şirkətlərinin qeyd olunan layihələrdə iştirakının mümkünlüyü qeyd olunub və konkret təkliflərin irəli sürülməsi məsləhət görülüb.