Press "Enter" to skip to content

Litva Seymi Çindəki uyğur soyqırımıyla bağlı qətnamə qəbul edib

Bayraqdar.info – Mayın 20-də Litva parlamenti – Seym Çində uyğurların və digər repressiya olunan xalqların müdafiəsinə yönəlik qətnamə qəbul edib.

Bu haqda xəbəri LRT (Litva Radio və TV-si) yayıb.

Xəbərdə deyilir ki, parlament Çində “insanlıq əleyhinə cinayətlər”i və “uyğur soyqırımı”nı qınayan qətnamə qəbul edib. Pekinin bu ölkədəki səfirliyi məsələyə dərhal sərt reaksiya verib. Səfirlik bu qətnaməni “Çinin daxili işlərinə müdaxilə” kimi dəyərləndirib.

Xəbər verilir ki, sənəd 86 lehinə, 1 əleyhinə, 7 bitərəf səslə qəbul edilib. Qətnaməyə görə, parlament “Çinin kütləvi, sistemli və kobud insan haqları pozuntularını və insanlıq əleyhinə cinayətlərini qınayır”.

Qətnamə müəllifləri BMT-ni Çindəki uyğur soyqırımını araşdırmaq üçün hərəkətə keçməyə çağırır. Eyni zamanda Avropa Parlamenti və Avropa Komissiyası Çinlə münasibətlərə yenidən baxmağa çağırılır.

Sənəd həm də Çinə çağırış edir. Burada vicdan məhbusu olan insanların orqanlarının qanunsuz ticarətinin dərhal dayandırılması, Çindəki bütün vicdan məhbuslarını dərhal azad etmək tələb edilir. Eyni zamanda uyğur soyqırımına son verib “tərbiyə düşərgələri”ni qapatmaq tələbi də yer alır.

Əlavə edək ki, Çin dövləti sayı 20 milyon olan uyğur “azlığına” qarşı tam bir soyqırım siyasəti tətbiq edir. Uyğurların qadınları uşaq doğa bilməsin deyə qısırlaşdırılır, ən azı bir milyon insan “tərbiyə düşərgələri”ndə tutulur.

Çin uyğurların dini zərurətlərini də əngəlləyir. Məscidlər qapadılır, bəzən ticarət mərkəzlərinə və ya rəqs meydançalarına çevrilir. İslam dininin ardıcılı olan uyğurlar sadəcə buna görə davamlı təqib edilir.

Hesabatlara görə, son müddət ərzində Çin dövləti uyğur imamların kütləvi həbsini də gerçəkləşdirir.

Bütün bunların fonunda rəsmi Pekin ölkədəki diplomatik korpusun nümayəndələrini bölgəyə aparıb uyğurların “əla yaşadığını” sübut etmək üçün təbliğat da qurur. Təəssüf ki, Azərbaycanın Çindəki səfiri də bu təbliğata alət olub.

Mission News Theme by Compete Themes.