Press "Enter" to skip to content

Özbəkistan-Türkiyə əməkdaşlığının önəmi

Huluci Kılıç

Son yeniləmə: 4 Aprel 2022 13:28

Hulusi Kılıç: Bu əməkdaşlığın inkişafı türk dünyasının daha da dərindən inteqrasiyasına dəstək olacaq

Bayraqdar.info – “Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın 29-30 mart tarixlərində Özbəkistana səfəri dünya birliyinin də diqqət mərkəzində oldu. Bu da təsadüfi deyil. Çünki dünyada və regionda cərəyan edən proseslərin fonunda baş tutan bu səfər iki məqamla bağlı xüsusi önəm kəsb edirdi. Bunlardan biri Türkiyə-Özbəkistan əlaqələrinin daha da yüksək səviyyəyə çatdırılmasına xidmət edəcək sənədlərin imzalanması ilə bağlıdır. Digər səbəb isə Türkiyə-Özbəkistan əlaqələri fonunda ortaya çıxacaq yeni razılaşmaların Orta Asiyanın və ümumilikdə türk dünyasnın inkişafında oynayacağı rolla əlaqədardır”.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Özbəkistanla Türkiyə arasında 10 mühüm sənəd

Türkiyə Cümhurbaşqanının Özbəkistana səfərinin nəticələrini bayraqdar.info üçün dəyərləndirən keçmiş səfir daha sonra bildirib: “Məlum olduğu kimi, səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2-ci İclasında iştirak ediblər. İclasda hər iki ölkə lideri önəmli açıqlamalar veriblər. Eyni zamanda tərəflər arasında 10 mühüm sənəd imzalanıb. Müxtəlif sahələri əhatə edən və strateji önəm daşıyan bu sənədlər ciddi tarixi əhəmiyyətə malikdir. Xüsusilə də tərəflər arasında imzalanan hərbi əməkdaşlığa dair razılaşmanı qeyd etmək istərdim. Mən bunu Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində öz əksini tapan hərbi əməkdaşlığa yaxın bir anlaşma adlandırardım”.

H.Kılıçın sözlərinə görə Recep Tayyip Erdoğanın Özbəkistanda qarşılanması da dünyann diqqət mərkəzində oldu: “Cənab Ş.Mirziyoyev iqtidara gələndən sonra hər hansı ölkə ilə bu qədər önəmli sənəd imzalanmamış, hər hansı xarici ölkə rəhbəri üçün bu qədər önəmli bir qəbul keçirilməmişdi. Ümumiyyətlə cənab Ş.Mirziyoyev Prezident seçildiyi ilk andan Özbəksitanın inkişafı üçün davamlı addımlar atır. Özbəkistan Prezidentinin bu çərçivədə Türkiyəyə və türk dünyasına xüsusi diqqət ayırdığı da kimsəyə sirr deyil. Bunun ilk addımı olaraq 2019-cu ildə Özbəkistan o zaman adı Türk Keneşi olan indiki Türk Dövlətləri Təşkilatına qatıldı. Ş.Mirziyoyev həmin il oktyabrın 15-də Bakıda keçirilən Keneşin VII Zirvə Görüşündə iştirak etdi. Hazırda da Özbəkistan Türk Dövlətləri Təşkilatının işində yaxından iştirak edir. Onu da deyim ki, can Azərbaycandan və Qazaxıstandan sonra Türkiyə ilə ən yaxşı əlaqələri olan türk respublikası məhz Özbəkistandır. Səfər zamanı da bəyan edildiyi kimi, Türkiyə ilə Özbəkistan arasında ticarət və investisiya qoyuluşu dinamik inkişaf edir. Son illərdə ticarət dövriyyəsi 2,5 dəfə artıb və 3,6 milyard dollara çatıb. Həm də bu 3,6 milyard çox önəmli bir rəqəmdir. Amma tərəflər bununla kifayətlənmək niyyətində deyillər. Gələcəkdə bu rəqəmin 5 milyard dollara çatdırılması hədəflənib. Ş.Mirziyoyev də Daşkənddəki görüşlər zamanı bəyan edib ki, Özbəkistan bundan sonra da Türkiyə ilə çoxplanlı əməkdaşlığın inkişafında maraqlıdır. Eyni zamanda, birgə müəssisələrin həcmi beş dəfə artıb və 2 minə çatıb. Tərəflər arasında investisiya sahəsində əməkdaşlıq göstəriciləri 70 dəfə artıb”.

Müsahibimiz vurğulayıb ki, iki ölkə arasındakı əməkdaşlığın dərinləşməsində digər önəmli addım təhsil sahəsində atılır: “Səfər zamanı Türkiyə-Özbəksitan Universitetinin qurulmasına qərar verildi. Qeyd edim ki, bu olduqca önəmlidir. Çünki təhsil sahəsində əlaqələr bir tərəfdən ölkələrin əməkdaşlığını daha da dərinləşdirir, digər yandan isə gələcəyin idarəçiləri olan gənclərin daha bilikli, elmli və bacarıqlı şəxslər kimi yetişməsinə kömək olur. Türk kimliyinə, öz torpağına, bayrağına və dövlətinə sadiq gənclərin yetişdirilməsi eyni zamanda türk dünyasının gələcəyi üçün də önəmlidir”.

Recep Tayyib Erdoğan tarixi Xivə şəhərində

Bildirilib ki, səfərin türk dünyası üçün vacib bir məqamı da Türkiyə Cümhurbaşqanının türk-islam tarixinin önəmli mərkəzlərindən olan Xivəni ziyarət etməsi oldu: “Qeyd edim ki, Xivə 2020-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Bu baxımdan Recep Tayyip Erdoğanın Xivəyə səfəri bizə türk dünyasının daha da sıx birliyi ilə bağlı bir mesaj da vermiş olur. Yəni Özbəkistan-Türkiyə əməkdaşlığı türk dünyasında önəmli yer tutur və bu əməkdaşlığın inkişafı, öz növbəsində həm türk dünyasının daha da dərindən inteqrasiyasına, həm də Orta Asiyanın inkişafına təkan verəcək. Burada Azərbaycanın rolunu da unutmaq olmaz. Kimsəyə sirr deyil ki, həm Türkiyə, həm də Özbəkistanla genişmiqyaslı qardaşlıq əlaqələrinə malik Azərbaycan türk dünyasının inkişafında önəmli rol oynayır. Türk dünyasının inteqrasiyasının daha da dərinləşməsindən söz düşmüşkən, onu da bildirim ki, Türk Dövlətləri Təşkilatına sədrlik bu ilin noyabrında Türkiyədən Özbəkistana keçəcək. Əminəm ki, quruma sədrliyi dövründə Özbəkistan TDT-nin inkişafında özünəməxsus rol oynayacaq”.

Mission News Theme by Compete Themes.