Son yeniləmə: 29 Mart 2022 19:51
İstanbul görüşü gələcəyə ümidləri artırdı
Bayraqdar.info – Artıq bir aydan çoxdur ki, Rusiyanın Ukraynaya işğalçı hücumu davam edir. Bu müddət ərzində tərəflər arasında gərginliyin azaldılması istiqamətində bir sıra cəhdlər edilib. Lakin bu cəhdlərdən hamısı uğursuz olub. Təkcə bir ölkənin cəhdindən başqa.
Söhbət qardaş Türkiyədən gedir. Çünki tərəfləri barışdırmaq, sülhə nail olmaq istədiklərini iddia edən Qərb ölkələrindən fərqli olaraq Türkiyə bu məsələdə əzəldən tərəfsiz və ədalətli yanaşma nümayiş etdirir. Məhz bunun nəticəsidir ki, həm Ukrayna, həm də Rusiya Türkiyənin vasitəçiliyinə isti yanaşırlar. Elə martın 29-da İstanbulda, Cümhurbaşqanlığı Dolmabahçe Çalışma Ofisində danışıqların növbəti raundunun baş tutması da bu etimadın nəticəsidir.
Qeyd edək ki, tərəflərin müzakirəyə başlamasından öncə onlarla görüşən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan bir növ onlara ağsaqqal nəsihəti edib.
Recep Tayyip Erdoğan: İnanırıq ki, ədalətli bir sülhdə uduzan olmayacaq
Türkiyənin sülhün əldə edilməsi istiqamətində səyləri nəticə verir
Daha sonra tərəflər arasında müzakirələr başlayıb. Müzakirələr həm çoxtərəfli, həm də ikitərəfli formatda dava edib. Yəni, heyətlərdə təmsil olanan ayrı-ayrı qurumların təmsilçiləri təkbətək müzakirələr də aparıblar.
Müzakirələrdən sonra verilən açıqlamalar isə sülhə ümidləri artırıb. Belə ki, müzakirələrdən sonra mətbuat qarşısına çıxan Rusiya nümayəndə heyəti “bəzi nöqtələrdə ortaq məxrəcə gələ bildik” mesajını verib.
Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski “Rusiya gərginliyin azalması üçün Ukraynaya yönəlik addımlar atır”, – deyib.
Məlumata əsasən o, İstanbulda baş tutan danışıqların birinci gününün konstruktiv keçdiyini bildirib: “Rusiya Ukraynanın mövqeyini öyrəndi. Sazişlə bağlı işlər sürətlənərsə və kompromislər olacağı təqdirdə sülh bağlamaq imkanı daha da artacaq”.
V.Medinski eyni zamanda bildirib ki, Rusiya Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı deyil.
Heyətdə yer alan Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin isə Rusiyanın iki bölgədə (Kiyev və Çerniqov) hərbi əməliyyatları azaldacağını deyib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixail Podolyak öz növbəsində “Bugünkü görüşün nəticələri liderlər səviyyəsində görüş üçün kifayətdir” ifadəsini işlədib.
Türkiyə Ukraynanın etibar etdiyi 8 ölkədən biridir
O bildirib ki, Kiyev administrasiyasının əsas məqsədi təhlükəsizliyin təminatıdır. M.Podolyak müharibənin təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşma ilə bitə biləcəyini qeyd edərək, bu təminatları “əsas məsələ” kimi müəyyənləşdirib.
Ukrayna heyətində yer alan David Araxamiya da ümidverici fikirlər səsləndirib. O, həmçinin aralarında Türkiyənin də olduğu 8 ölkənin Ukraynanın təhlükəsizliyi üçün təminatçı ölkə olmasını istədiklərini deyib.
Prezidentlərin görüşü gündəmə gələcək
Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarının nəticələrinə dair bəyanat verilib. Öz növbəsində bəyanata dair açıqlama verən Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu tərəflər arasında yaxınlaşmanın hər mərhələdə artdığını görməkdən məmnunluq hissi duyduqlarını bəyan edib. O, müzakirələr başladığı gündən indiyədək ən yaxşı irəliləyişin bu gün, yəni martın 29-da müşahidə olunduğunu bildirib.
M.Çavuşoğlunun sözlərinə görə, müzakirələrin əsas məqsədi bir an əvvəl atəşkəsin elan olunması və qalıcı siyasi həllin təmin edilməsidir: “Hər iki ölkənin XİN rəhbərlərinin növbəti mərhələlərdə daha çətin məsələləri müzakirə etməsi nəzərdə tutulur. Bunun ardından isə hər iki ölkənin prezidentlərinin görüşü gündəmə gələcək”.
Nazir onu da əlavə edib ki, əvvəlki görüşlərdə olduğu kimi tərəflər Türkiyəyə olan güvənlərini bir daha nümayiş etdirdi: “Bu görüşün nəticəsində bəzi məqamlarda ortaq fikrə gəlindi”.
#Canlı 📡
Rusya-Ukrayna Müzakere Heyetleri Toplantısı Hakkında Basını Bilgilendirme
📍İstanbul https://t.co/ZvhChE5laS
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) March 29, 2022