Son yeniləmə: 24 Mart 2022 13:02
Ersin Tatar KKTC-də keçirilən Novruz mərasimində çıxış edib
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Novruz bayramı ilə bağlı geniş tədbir keçirilib.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə baş tutan tədbirin açılış mərasimində KKTC Cümhurbaşqanı Erisn Tatar da iştirak edib.
Bu barədə bayraqdar.info-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Qeyd edək ki, açılış mərasimində KKTC Cümhurbaşqanı Ersin Tatar, Türkiyə Cümhurbaşqanının baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış, KKTC parlamentinin sədri Zorlu Töre, Türkiyənin Lefkoşa səfiri Ali Murat Başçeri, KKTC-nin nəqliyyat və rabitə naziri Erhan Arıklı, Türkiyə, KKTC və Azərbaycandan olan (Vüqar İskəndərov və Naqif Həmzəyev) millət vəkilləri iştirak ediblər.
Mərasimdə çıxış edən E.Tatar KKTC-yə gələn çox qiymətli qonaq heyəti ilə bu gözəl bayram tədbirində iştirakdan məmnun olduğunu bəyan edib: “Qəlbimizdə vətən, millət, bayraq sevgisi, ortaq mədəniyyətimiz, ürək birliyimizlə Türk Dövlətləri Təşkilatı qurulduqdan sonra Azərbaycanla indi daha da yaxınıq. Bu is bütün türklük dünyasına güc verir”.
Çıxışında Kıbrıs türklərinin mübarizəsindən də bəhs edən E.Tatar deyib: “KKTC-nin tanınması baxımından böyük ədalətsizlik edilir. Kıbrısda iki fərqli xalq var. Biz burada suverenlik hüququmuzla dövlətimizi sona qədər müdafiə edirik. Özümüzü beynəlxalq aləmə qəbul etdirmək bizim milli borcumuzdur. KKTC-nin varlığı və uğuru göz qabağındadır. KKTC faktdır və bunu heç kim inkar edə bilməz. Bu insanlar bir gün haqqlarını alacaqlar”.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən bayraqdar.info-ya verilən məlumata əsasən öncə qonaqların iştirakı ilə Novruz tonqalı yandırılıb, Novruzun simvollarından olan yumurta döyüşdürülüb və dəmir döyülüb. Sonra rəsmi mərasimə başlanılıb.
Tədbirdə açılış nitqi söyləyən cəmiyyətin sədri Orxan Həsənoğlu qonaqları salamlayıb və bayram münasibəti ilə təbrik edib. O bildirib ki, Novruz bayramının türk xalqları üçün böyük əhəmiyyəti var: “Eyni zamanda Novruz ümumbəşəri bir bayramdır. Türklər üçün Növruz Ergenekondan çıxışın simvoludur”.
“Daha sonra KKTC Cümhurbaşqanı Ersin Tatar, Girnə Amerikan Universiteti qurucu rektoru Serhat Akpınar, Azərbaycan millət vəkili Vüqar İsgəndərov, KKTC parlamentinin sədri Zorlu Töre, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu sədri Şamil Ayrım, KKTC nəqliyyat və rabitə naziri Erhan Arıklı, Türkiyə-KKTC parlamentlərarası dostluq qrupunun sədri sədri Orhan Erdem çıxış ediblər”, – deyə məlumatda bildirilib.
Novruz bayramı tədbiri müxtəlif musiqili-əyləncəli hissə ilə davam edib.
Tədbiri Ankara Universiteti Konservatoriyasının tələbəsi, gənc müğənni Nigar Rəhimovanın ifaları ilə yekunlaşıb.