Press "Enter" to skip to content

Ermənistan reallığı qəbul etməli, vəziyyəti gərginləşdirməməlidir

Son yeniləmə: 16 May 2021 08:40

Bayraqdar.info – Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın bəzi iddialarıyla bağlı suallara aydınlıq gətirib.

Bununla bağlı bayraqdar.info-ya daxil olan məlumatda qonşu ölkənin Azərbaycan tərəfindən “suveren ərazisinə” müdaxilə iddiasına cavab verilib. L.Abdullayeva bu məsələyə geniş və tutarlı izah verib:

“Bu iddialar tamamilə əsassızdır. Azərbaycan XİN bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib.

“İlk öncə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.

“Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, ölkəmiz özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.

“Biz hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edirik.

“Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası / demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.

“Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.

“Onu da vurğulayım ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib. Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir”.

Ermənistanın gərginlik yaratma cəhdlərinə izah

L.Abdullayeva beynəlxalq ictimaiyyətin bəzi üzvlərinin son sərhəd gərginliyinə verdiyi reaksiyanı da şərh edib:

“Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır.

“Bildiyiniz kimi, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər etmiş, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlamışdır. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.

“Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.

“Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir.

“Bir daha təkrarlamaq istərdim ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.

“Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik.

“Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir.

“Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq”.

Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanın guya onun ərazisinə müdaxilə etməsi ilə bağlı beynəlxalq səviyyədə yalan kampaniyası aparır. Məsələylə bağlı Azərbaycan tərəfi müxtəlif beynəlxalq qurumları məlumatlandırsa da əks təbliğat hələ də davam edir. L.Abdullayevanın bu açıqlaması o baxımdan yerinə düşür.

Yeri gəlmişkən, bayraqdar.info bu məsələni ilk gündən ən peşəkar şəkildə işıqlandırmaqdadır.

Mission News Theme by Compete Themes.