Press "Enter" to skip to content

Kazan məktəbindəki qətllər: Azərbaycan məktəbləri üçün təkliflər

Son yeniləmə: 15 May 2021 09:16

Kazan məktəbində baş vermiş faciənin bir neçə, zənnimcə, vacib məqamını Azərbaycan təcrübəsində təhsil işçiləri, valideynlər və aidiyyatı qurumlar nəzərə almalıdır:

1. Yeddi şagirdi, iki müəllimi qətlə yetirən və 20 şagirdi yaralayan 19 yaşlı İlnaz Qaləviyev kollecdə “4” və “5” qiymətlərlə oxuyurdu. Həmin kollec rəhbərliyi tərəfindən müsbət, tərbiyəli və sakit təbiətli tələbə kimi qiymətləndirilirdi;

2. Son bir ildə İlnaz ailəsi ilə münaqişədə olmuş, anasından narazı qalmışdır. Ailə tərəfindən maddi dəstək olmadığından ac qalırmış. Distrofiya həddinə çatmış, gündəlik pulunu isə internetdə müxtəlif kazino və birja tipli əlavələrdən qazanırmış;

Bəzi məlumatlara görə ailəsi İlnazın ailəsi son zamanlar aqressiv olması ucbatından evi tərk edərək bağa köçübmüş.

3. İlnaz Qaləviyevin yaxın dostu olmayıb. Lakin tələbə yoldaşları ilə normal ünsiyyətdə olub. Zəif iradəli, qapalı olub. Tələbə yoldaşları ilə məclislərdə iştirak etməyib, şəkil çəkdirməkdən yayınıb;

Bir vacib detal: tələbə yoldaşlarının birinə sektaya üzv olmasını təklif edib

4. İlnazın beynində son bir ildə xoşxassəli şiş əmələ gəlmiş, şiddətli baş ağrıları olmuş, bunun üçün dəfələrlə poliklinikaya müraciət etmişdir. Lakin maddiyyatın və ailəsindən dəstəyin olmaması səbəbindən müalicəsini ala bilməmişdir;

5. Beyindaxili şişin fəsadı olaraq İlnazda cəfəng ideyalar yaranmış, özünu “Allah” elan etmiş, bütün digər insanları isə öz qulu və biozibil adlandırmışdır;

6. Hüquq-mühafizə orqanlarına daxil olan məlumata əsasən İlnaz zəif iradəli olduğundan vaxtı ilə tez-tez bullingə məruz qalıb;

7. Qətlin törədilməsi üçün İlnaz Kazandan Yoşkar Olaya yollanaraq (izləri itirmək məqsədilə) həmin şəhərin ov silahları dükanından bütün müvafiq sənədləri və lisenziyaları təqdim etməklə Türkiyə istehsalı olan Hatsan Escort adlı avtomatik tüfəng və 150 ədəd patron almısdır.

Lakin poliklinikada beyin şişi və şizofreniya xəstəliyi səbəbindən uçotda dayanan bir yeniyetməyə sağlam psixiatrik arayışın necə verilməsi sualı bütün ekspertləri narahat edir.

Digər tərəfdən, məktəbdə açılan atəşlərin və qətlə yetirilən insanların sayına baxan hüquq mühafizəçiləri İlnazın peşəkar snayperliyi haradan öyrənməsini öz istintaq araşdırma suallarının sırasına daxil ediblər;

8. Qətllər zamanı İlnazın üzərində əldəqayırma partlayıcı maddələr də aşkar olunmuşdur və bu maddələrin hazırlanmasını da o, vaxtı ilə mənimsəyibmiş;

9. Xüsusi vurğulamaq istərdik ki, şübhəlinin məktəbə daxil olmasından və atəşlərin açılmasından xəbər tutan məktəb direktoru dərhal məktəbdaxili radioqovşaq vasitəsi ilə sinif otaqları qapılarının bloklanması (kilidlənməsi) və şagird-müəllim heyətinin siniflərdən dəhlizə çıxmamaları barədə göstəriş vermiş və bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürmüşdür.

Mütəxəssislərin rəylərinə görə məktəb rəhbərinin məhz bu operativ müdaxiləsi və bütün pedaqoji heyətin göstərişlərə intizamlı şəkildə əməl etməsi daha çox qətllərin qarşısını ala bilmişdir. Bu hal hüquq mühafizə orqanlarının vaxtında müdaxiləsinə və hücum edənin zərərləşdirilməsinə şərait yaratmışdır;

10. Müxtəlif internet resurslarından əldə etdiyimiz bir vacib məlumatı da bölüşürük: məktəbdə qətl faciəsi baş verən kimi İlnazın təhsil aldığı kollecin bir valideyni hüquq mühafizə orqanlarına müraciət edərək 1 il öncə öz övladının məhz bu tipdə qapanmasını, özünü “Allah” elan etməsini, kəskin dəyişərək aqressiv olmasını, sonda isə intihar etməsini bildirib İlnazla əlaqəli olub-olmamasının yoxlanılmasını xahiş edib.

Nəticə

Bütün təhsil işçiləri, valideynlər, aidiyyatı qurumlar Kazan hadisəsini həyəcan təbili kimi qəbul etməlidir.

Aidiyyatı qurumlar öz fəaliyyətlərinə dair müvafiq normativ hüquqi baza yaratmaqla bütün təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinə hazırlıq səviyyəsinin monitorinqlərini təşkil etməli, binaların mühafizə təchizatını (radioqovşaq, həyəcan sirenası, videomüşahidə kameraları və s.), giriş və otaq qapılarının bərk, sınmayan materialdan olmalarını, onların bloklanmasi (kilidlənməsi) imkanlarını və digər vacib, təxirəsalınmaz məsələləri təcili sürətdə nəzərdən keçirməlidirlər.

Hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov,
Şəhid Firuz Bayramov ad. 22 nömrəli tam orta məktəbin direktoru,
Bakı İnsan Hüquqları Məktəbi İB-nin prezidenti

Bayraqdar.info: Qeyd edək ki, mayın 11-də səhər saatlarında Tatarıstanın paytaxtı Kazandakı 175 saylı məktəbə silahlı hücum nəticəsində 8-ci sinifdə oxuyan 7 şagird, eyni zamanda 2 müəllim qətlə yetirilib.

Bununla bağlı xəbərləri bayraqdar.info da gün ərzində ardıcıl işıqlandırmışdı. Hadisə məktəblərdə təhlükəsizlik məsələlərinin növbəti dəfə aktuallaşmasına səbəb olub. Bu baxımdan Azərbaycanda bir məktəb direktorunun bu yöndə təhlilini dərc etməyi vacib sandıq.

Azər Ələkbərovun sosial media hesabında paylaşdığı təhlili özünün izni ilə dərc edərək daha geniş auditoriyaya çatdırmağı hədəfləməkdəyik.

Mission News Theme by Compete Themes.