Bayraqdar.info – ABŞ Dövlət Departamentində gündəlik əsaslarla keçirilən brifinqdə Ermənistanın Azərbaycana qarşı sərhəd iddiasına da toxunulub.
Bu haqda xəbəri mayın 15-nə keçən gecə Dövlət Departamentindən veriblər.
Brifinq zamanı Laura Kelli adlı jurnalist Dövlət Departamenti sözçüsünün birinci müavini Calina Porterə məsələylə bağlı sual verib: “Dövlət Departamenti Ermənistan hökumətinin Azərbaycanın onların ərazisinə daxil olması haqqında iddiasıyla bağlı rahatsızdırmı?
“Bu hərəkət ABŞ-ın Azərbaycana hərbi və təhlükəsizlik istiqamətində yardımlarına necə təsir edir? Bəs siz 907-ci düzəlişi dayandırmaq qərarını dəyişib Azərbaycana təhlükəsizlik yardımını kəsməyi nəzərdən keçirirsinizmi?”
Cavab: “Mən təhlükəsizliklə bağlı yardım haqqında nəsə deyə bilmirəm. Lakin geniş şəkildə onu deyə bilərəm ki, biz Ermənistanla Azərbaycan arasındakı mövcud sərhəd boyu durumu yaxından izləyirik.
“Mübahisəli ərazilərdə hərbi hərəkətlilik məsuliyyətsizlikdir və həm də onlar gərəksiz təxribatdır. Əlbəttə ki, biz bəzi geri çəkilmələr haqqında məlumatları görmüşük və təsdiq olunsa bunu alqışlardıq.
“Lakin biz gözləyirik ki, Azərbaycan bütün qüvvələrini dərhal geri çəkib növbəti təxribatları dayandıracaq. Biz eyni zamanda hər iki tərəfi sərhəd dəqiqləşdirmə məsələlərini müzakirə, həmçinin danışıqlar yoluyla həll etməyə çağırmışıq.”
Qeyd edək ki, mayın 13-də Dövlət Departamentinin sözçüsü Ned Prays sosial media hesabında bu məsələyə daha balanslı münasibət bildirmişdi. O, baş verənləri yaxından izlədiklərini, tərəfləri məsələləri danışıqlar yoluyla həll etməyə çağırdıqlarını yazmışdı.
İndi isə görünür ki, ABŞ Dövlət Departamentində Ermənistanın iddiasıyla bağlı yalanlara inanmağa meyl yaranıb. Ona görə də “Azərbaycan bütün qüvvələrini dərhal geri çəkib növbəti təxribatları dayandıracaq” kimi təxribatçı açıqlama verilir…
Əlavə edək ki, sərhəddəki gərginliklə bağlı diplomatik hərəkətlilik haqqında bayraqdar.info daha öncəki yazılarda da geniş bilgi verib.