Son yeniləmə: 14 May 2021 17:32
Bayraqdar.info – Mayın 14-də Xarici İşlər naziri Ceyhun Bayramovla Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı olub.
Bu haqda bayraqdar.info-ya xəbəri Nazirlikdən veriblər.
“Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıb. Nazir C.Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb. Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd edib”, – deyə xəbərdə bildirilir.
Nazirlikdən onu da bildiriblər ki, mayın 14-də C.Bayramovun ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə də telefon danışığı olub.
Mövzu yenə də sərhəddəki gərginlik və bölgədəki cari vəziyyət olub.
Tərəflər gərginliyin aradan qaldırılması üçün diplomatik və siyasi yolların vacibliyini vurğulayıb.
“Nazir C.Bayramov Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğuladı. O, sərhəddə yaşanan gərginliyin qısa müddət ərzində həlli üçün bir neçə saat ərzində Dövlət Sərhəd Xidməti rəhbərliyinin bölgəyə ezam edildiyini və qarşı tərəflə danışıqların aparıldığını həmsöhbətinin diqqətinə çatdırdı”, – deyə xəbərdə qeyd edilir.
Əlavə edək ki, Ermənistan tərəfinin əsassız ittihamları üzündən son günlər işğaldan azad edilmiş sərhəd kəsimində müəyyən gərginlik yaranıb. Məsələylə bağlı Rusiya Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də narahatlıq ifadə edib.
Onların hər ikisi nazir C.Bayramova zəng edərək fikirlərini bildiriblər.
Eyni zamanda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün sosial media hesabında məsələni diqqətdə saxladıqları haqqında paylaşım edib.
Bütün bunlar haqqında bayraqdar.info mayın 13-də xəbər vermişdi.
[…] Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə də telefon danışığı haqda məlumatımız […]