Bayraqdar.info – Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov mayın 13-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər naziri Ann Linde ilə telefonla danışıb.
Bu haqda xəbəri bayraqdar.info-ya Nazirliyin Mətbuat xidməti idarəsi verib.
Xəbərdə deyilir ki, “tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb”.
XİN məsələyə aydınlıq gətirir
Bunun ardınca Nazirlikdən bayraqdar.info-ya sərhəddəki gərginliyə aydınlıq gətirən açıqlama da daxil olub. Önəmini nəzərə alaraq açıqlamanın tam mətnini təqdim edirik:
“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şətaitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq həll oluna bilər və olunmalıdır.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır”.
Xəbər verdiyimiz kimi, nazir C.Bayramov ATƏT sədri ilə telefon danışığından az öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla da eyni məsələni müzakirə etmişdi.
[…] Məsələylə bağlı mayın 13-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov, ardından da ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramova…. […]
[…] kəsimində müəyyən gərginlik yaranıb. Məsələylə bağlı Rusiya Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də narahatlıq ifadə […]
[…] başqa mayın 13-də məsələylə bağlı Rusiya Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin də narahatlıq ifadə etdiyini […]