Press "Enter" to skip to content

Denizli ictimaiyyəti Xocalı şəhidlərinin xatirəsini andı

Son yeniləmə: 26 Fevral 2022 18:08

Bələdiyyə başqanı Osman Zolan mərasimə qatılan azərbaycanlı tələbələrlə görüşdü

Pamukkale Universitetinin 3-cü kurs tələbəsi Şəmsiyə İsmayıllı. Özəl olaraq bayraqdar.info üçün

Bayraqdar.info – Fevralın 23-də Denizlidə Xocalı soyqırmının 30-cu ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyi barədə xəbər vermişdik.

Denizlidə Xocalı soyqımının qurbanları yad edildi

Qeyd edim ki, bununla yanaşı Denizli ictimaiyyəti bu il də öz ənənəsinə sadiq qaldı.

Belə ki, fevralın 26-da səhər erkən başda Denizli böyükşəhər bələdiyyə başqanı Osman Zolan olmaqla Denizlinin müxtəlif dövlət qurumları və ictimai təşkilatlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və məktəblilər Azərbaycan Qarabağ Parkında yerləşən Xocalı soyqırımı abidəsinin önünə toplaşdı.

Anım mərasimində öncə Denizli böyükşəhər bələdiyyə başqanı O.Zolan tərəfindən abidənin önünə əklil qoyuldu. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Denizli Böyükşəhər Bələdiyyəsinin orkestrinin ifasında hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Mərasimdə çıxış edən Denizili böyükşəhər bələdiyyə başqanı O.Zolan 30 il bundan öncə Xocalıda törədilən qanlı cinayətin acı nəticələri barədə danışdı. Bələdiyyə başqanı çıxışında 26 fevral 1992-ci ildə Xocalıda yaşanan soyqırmının əsla qəbuledilməz olduğunu dedi və o gün bütün dünyanın bu faciəyə göz yumduğunu bildirdi.

O.Zolan daha sonra aşağıdakıları qeyd etdi: “O gün özlərinə müasir, qərbli, insan haqlarına hörmətlə yanaşıram deyən ölkələr o soyqırımına qarş kar və kor qaldı, ədalət susdu, insanlıq unuduldu. Şükürlər olsun ki, bir millət, iki dövlət dediyimiz Azərbaycan və Türkiyə Cümhuriyyəti qardaşlığı günü-gündən möhkəmlənməkdə davam edir. Biz də sevinirik ki, Azərbaycan 30 il işğalda olan Qarabağı öz ordusunun gücü ilə geri aldı. Çünki biz bir millətik. Onların xoşbəxtliyi bizim xoşbəxtliyimizdir. Onların kədəri bizim kədərimizdir”.

O.Zolan həmçinin gələcəkdə bir daha belə faciələrin yaşanmaması üçün bu soyqırmının unudulmamasının vacib olduğunu dedi: “Baş verənləri xatırlamağa davam edəcəyik. Biz qardaşlığımızı unutmayacağıq. İnşallah qardaşlarımızla əl-ələ, çiyin-çiyinə birlik və həmrəylik içində yolumuza davam edəcəyik. 30 il əvvəl Xocalıda şəhid olan və həyatını itirən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların xatirəsini  hörmət və minnətlə anıram. Bundan əlavə, başda Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla bu torpaq uğrunda, bayrağımızın dalğalanması uğrunda şəhid olan bütün böyüklərimizə təşəkkürümü bildirirəm. Onları minnət və şükranla yad edirik. Məkanları cənnət olsun. Bütün şəhidlərimizin məkanı cənnət olsun”.

Daha sonra Denizli məktəblilərinin ifasında Xocalı soyqırımına həsr olunmuş şeir oxundu.

Onu da qeyd edim ki, məraismə Denizli Pamukkale Univeristetində təhsil alan bir qrup azərbaycanlı fəal tələbə də qatılmışdı. Mərasimdən sonra bizlərlə görüşən başqan Qsman Zolan təhsilimizlə maraqlandı. Söhbət zamanı bizdən hansısa problemimizin olub-olmadığını soruşan hörmətli bələdiyyə başqanı eyni zamanda gələcəkdə bələdiyyənin keçirəcəyi tədbirlərdə bizləri də fəal iştirak etməyə çağırdı.

Mission News Theme by Compete Themes.