Son yeniləmə: 21 Fevral 2022 01:59
DP yeni hökumətdə səlahiyyət dairəsi daha da genişləndirilmiş nazirliyə rəhbərlik edəcək
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuryyətində yeni hökumət formulu ilə bağlı razılığın əldə olunduğuna dair məlumat vermişdik. Həmin məlumata əsasən yeni hökumət UBP-DP-YDP koalisiyasından ibarət olacaq.
Fevralın 21-də Ulusal Birlik Partiyası (UBP) genel başqanı, baş nazir Faiz Sucuoğlu yeni hökumətin siyahısını Cümhurbaşqanı Ersin Tatara təqdim edəcək. Cümhurbaşqanının təsdiqindən sonra isə parlament yeni hökumət proqramını və yeni hökuməti təsdiq etməlidir. Yeni hökuməti təşkil edən partiyaların ümumilikdə parlamentdə 29 mandata sahib olduğunu nəzərə alsaq (UBP-24, DP-3, YDP-2) kabinetin etimad səsi alacağı kimsədə şübhə doğurmur.
Beləliklə, hər şey yolunda gedərsə bu, KKTC-nin elanından sonra qurulacaq 26-cı hökumət kimi tarixə düşəcək.
KKTC-nin yeni hökumətinin tərkibinə gəlincə, bu barədə tam dəqiq məlumat F.Sucuoğlunun Cümhurbaşqanı ilə görüşündən sonra veriləcək. Amma buna qədər 8-1-1 formulu üzrə qurulacaq hökumətdə Demokrat Partiyasına (DP) və Yenidən Doğuş Partiyasına (YDP) hansı nazirliklərin veriləcəyinə dair KKTC mətbuatında müxtəlif məlumatlar səslənir.
Məsələn bunlardan birində qeyd edilir ki, yeni hökumətdə DP səlahiyyət dairəsi daha da genişləndirilmiş, yəni əvvəlki kimi iki deyil, dörd mühüm sahəni əhatə edən bir nazir portfelinə sahib olacaq. Belə ki, DP genel başqanı Fikri Ataoğlu Turizm, Ətraf Mühit, Gənclər və Mədəniyyət Nazirliyinə rəhbərlik edəcək. Yəni göründüyü kimi bundan öncəki kabinetdən fərqli olaraq bu kabinetdə F.Ataoğlunun idarə edəcəyi nazirlik daha geniş sahələri əhatə edəcək. Ayrıca Geologiya və Mədən Dairəsi də DP tərəfindən idarə ediləcək.
Məlumata əsasən, Sərbəst Liman İdarəsi İdarə Heyəti də yeni nazirliyin təsir dairəsinə veriləcək. Həmçinin Kalkınma Bankası və F.Ataoğlunun israrla istədiyi Şəhərəçilik Dairəsi də bu nazirliyə bağlı olacaq. Bundan başqa bır sıra qurumlar da DP tərəfindən idarə ediləcək.
YDP isə hökumətdə İctimai İşlər və Nəqliyyat Nazirliyinə rəhbərlik edəcək. Ercan Hava Limanı, Mülki Aviasiya, Avtomobil yolları, Azad Liman başqanlığı da YDP idarəçiliyində olacaq.
Məlumatda qeyd edilir ki, İctimai İşlər və Nəqliyyat Nazirliyini alan YDP-nin nəzarəti altında Tikinti Komitəsi, ictimai nəqliyyat icazələrini verən Yol Komissiyası da olacaq. Bundan əlavə, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi hökumətin YDP qanadı altında idarə olunacaq.
UBP-yə gəlincə, Kıbrıs Türk Elektrik Qurumu, Kooperativ Mərkəz Bankı, Vakıflar Bankı, DAÜ, LAÜ, Lotoreyalar İdarəsi, Vəqflər İdarəsi, Kıb-Tek, İdman Ümumi İdarə heyəti, BRT, TAK kimi bütün qurumlar bu partiyanın təmsilçilərinin rəhbərlik etdikləri nazirliklərə bağlı olacaq. Maliyyə, iqtisadiyyat, sənaye və gömrük kimi nazirlik və idarələr də UBP-də olacaq. UBP eyni zamanda, xarici və daxili işlər, kənd təsərrüfatı, səhiyyə və təhsil nazirlikləri ilə yanaşı, yeni dövrdə iş həyatını da idarə edəcək, vətəndaşlıq siyasətini formalaşdıracaq.
Təbii ki, bunlar ehtimallara əsaslanan xəbərlərdir. Kabinetdə konkret olaraq səlahiyyət bölgüsünün bütün detalları fevralın 21-i axşama kimi bəlli olacaq.