Aprelin 7-də “Rus sülhməramlıları Qarabağı “qədim Ermənistan” kimi qələmə verdi” başlıqlı yazı yazmışdıq. Yazıda qeyd edirdik ki, rusların himayəsində bir qrup erməni Xocavənd rayonundakı qədim alban məbədi olan Amarası ziyarət edib.
Bu haqda xəbəri rus “sülhməramlıları” yaymışdı. Onu Rusiya Müdafiə Nazirliyinin internet saytında ən azı dörd dildə dərc etmişdilər. Bundan başqa, sosial media hesablarında da yazmışdılar.
Əlbəttə, belə baxanda qeyri-adi bir şey deyil. Azərbaycan humanist dövlətdir, insanların dini məbədləri ziyarət etməsinə dözümlüdür və hətta şərait də yaradır. Lakin qeyri-adi olan bir hal vardı. Ruslar yaydıqları xəbərlərdə Amarasın yerləşdiyi ərazini qədim Ermənistan kimi qələmə vermişdilər.
Sözügedən yazımızdan sitat: “Görün, nə yazırlar: “Амарас является одним из раннесредневековых христианских монастырей и расположен на территории Мартунинского района. В средневековой Армении имел статус известного религиозного и культурного центра”.
(Amaras erkən orta yüzil xristian monastırlarından biri olmaqla Martuni rayonunun ərazisində yerləşir. Orta yüzil Ermənistanında məşhur dini və mədəni mərkəz statusuna sahib olub.)”
İctimailəşdirib həllinə çalışdıq
Biz bu məsələni ictimailəşdirməklə ümid edirdik ki, həyəcan təbili çalıb dövlətimizin müvafiq qurumlarını və vəzifəli şəxslərini hərəkətə keçirərik. Ki, ruslara yerlərini və hədlərini bildirsinlər.
Ayrıntılara varmadan qeyd edək ki, şəxsi əlaqələrimizə dayanaraq hətta müvafiq qurumlara müraciət də etdik. Bizim düşüncəmizə görə, bu məsələ bir telefon zəngi ilə həll edilə bilərdi. Çünki ruslar öz missiyalarını və hədlərini aşaraq bu cür əməllərə yol verəndə mütləq reaksiya verib nəticə aldığımız az olmayıb.
Lakin heyhat. O xəbərin dərc edilməsindən düz bir ay keçib. Di gəl ki, ortada hər hansı nəticə yoxdur. Niyə? Doğrudanmı ruslar inadkarlıqla o ifadəni orda tutmağa israr edirlər? Əmin deyilik. Çünki bir dəfə də yazmışdıq: bizim müdaxiləmizdən sonra onlar həmişə Stepanakert kimi yazdıqları şəhər adının qarşısına bir də Xankəndi əlavə etməli olmuşdular…
Moskvadakı səfirliyimizdən hərəkət yoxdur
Bu arada onu da əlavə edək ki, Xarici İşlər Nazirliyi xətti ilə Azərbaycanın Rusiyadakı səfirliyinə təxminən 15 gün öncə bununla bağlı uyğun xəbər də göndərilib…
Dediyimiz kimi, heç bir dəyişiklik yoxdur. Rusiya Müdafiə Nazirliyinin internet saytında həm də ingilis, fransız və ispan dillərində olmaqla Qarabağın tam da ortasında yerləşən bir monastırımız “orta yüzil Ermənistan ərazisi” kimi təqdim edilir.
İndi sual olunur: niyə ümumiyyətlə belə hallar baş verir? Yaxud, biz bunu görüb fərq etməsəydik dövlətimiz də görməmiş olacaqdımı? Yenə də yaxud, biz bilib dövlətimizə xəbər verdiyimiz halda necə olur ki, yanlışın düzəldilməsi üçün tədbirlər görülmür?
Bəlkə də bu məsələ kiməsə adi görünə bilər. Lakin axı biz erməniləri yaxşı tanıyırıq. Onlar bunu bu gün bura yazdırdılar, yüz il sonra ona istinad edib oraların Ermənistan olduğunu rahat şəkildə iddia edəcəklər axı. Niyə göz yumuruq buna? Niyə fil qulağında yatırıq? Ümumiyyətlə, bu işlərlə məşğul olanlar niyə belə məsuliyyətsizdir?
Bundan sonra olacaqları önləmək üçün
Birincisi, Azərbaycan Müdafiə Nazirliyi nəhayət ki, yuxudan ayılıb rus “sülhməramlı”larının belə davranışlarının monitorinqini aparmalıdır. Bu cür “yanlışları” bizdən daha erkən görməli qurum Müdafiə Nazirliyidir.
İkincisi, Xarici İşlər Nazirliyi də bu cür məsələlərlə bağlı daha diqqətli və həssas davranmaqdan çəkinməməlidir. Bu qurumun fəallığı, təəssübkeşliyi sorğulanmaz. Lakin bir aydır xəbər verdiyimizə baxmayaraq hərəkət edə bilmirsə, əlavə suallarımız yaranmamış deyil…
Üçüncüsü, ermənilərin və onların himayədarı kimi çıxış edən rus “sülhməramlı”larının davamlı “yanlışlarını” nəzərə alaraq Azərbaycan ərazisindəki dini məbədlərin ziyarətini yasaqlamaq lazımdır. Yəni niyə Ermənistan vətəndaşları ikidə bir Xudavəngi, Amarası ziyarət etməlidir?
Yaxud da bunlara ziyarət imkanı yaradırıq, gəlib o məbədlərdə Azərbaycan xalqına lənətlər oxuyur, geri dönüncə də öz bildikləri kimi təbliğat qururlar. Biz buna niyə dözməliyik? Tolerantıq, ona görə? Biz tolerantıqsa, onlar da tolerant olmalı deyilmi?
Ötən zaman göstərdi ki, ermənilər və onların “sülhməramlı” havadarları bizim tolerantlığımızdan sui-istifadə edir. Elə isə tolerantlığı bir müddət ertələmək lazımdır.
Ümumiyyətlə isə, Ermənistan vətəndaşları niyə Azərbaycan ərazisindəki məbədlərə maraq göstərməli, kefi istəyəndə bura gəlməlidir? Məgər Azərbaycan torpaqları Vatikandır, yaxud da dünya xristianlığının mərkəzidir, ya nədir?
Bizdəki kilsə, monastırlardan dünyanın hər yerində var. Örnək üçün, ermənilər bir də zəhmət çəkib Meksikadakı, nə bilim, Zimbabvedəki monastırları da ziyarət etsinlər.
Ermənilərin Azərbaycana səfərlərini dayandırmalı
Bizim düşüncəmizə görə Ermənistan vətəndaşı olan ermənilərin Azərbaycan torpaqlarına səfərləri ümumiyyətlə dayandırılmalıdır. Eyni zamanda, Laçın dəhlizində nəzarətə rus “sülhməramlıları” ilə birlikdə Azərbaycan sərhəd və gömrük xidməti də cəlb edilməlidir.
Daha bir önəmli məqamsa odur ki, Türkiyə-Rusiya birgə monitoring mərkəzi həm də Qarabağdan yayımlanan xəbərlərin monitoringini təşkil etməlidir. Bunun üçün hər iki tərəfdən, eyni zamanda Azərbaycanın özündən mütəxəssislər cəlb edilməlidir. Onlar gün ərzində bölgədən yayılan xəbərlərin monitoringini aparıb bizim aşkar etdiyimiz yanlışları daha erkən aşkar etməli, anında da düzəltməlidir.
Ruslara etimad etmək doğrudan da olmazmış
Azərbaycan dövləti heç nəyə baxmadan Rusiyaya daha bir dəfə etimad göstərdi. Biz bu dövlətə və ona başçılıq edənlərə güvənmək istədik. Düşündük ki, illər sonra da olsa Rusiyanın başbilənləri onlara göstərilən etimada xəyanət etməzlər. Lakin belə olmadı.
İndi bəlli olur ki, Rusiyaya heç bir halda etimad etmək olmazmış. Bu dövlət dünyanın ən güvənsiz dövlətidir. Hətta o qədər güvənsiz ki, könüllü şəkildə ona etimad göstərməyə, ikitərəfli münasibətlərə sadiq qalmağa hazır xalqları və dövlətləri belə heç düşünmədən təəssüfə boğa bilir. Ona görə də bundan sonrakı Rusiya siyasətimizi ciddi ölçüb-biçməliyik.
Sözümüzün sonunda bir daha Azərbaycan rəsmilərini hərəkətə keçməyə, bu ayıbı təmizləməyə çağırırıq. Belə məsuliyyətsizlik olmaz. Ən adi bir məsələni həll etməkdə bu qədər hərəkətsizsinizsə, nə deyə o vəzifələrdə oturmusunuz? Gözümüzün önündə ruslar tariximizi saxtalaşdırıb ermənilərə peşkəş edir, siz niyə heç nə etmirsiniz?
Bizə gəlincə, sözümüzü demişik, deyirik və deməyə də davam edəcəyik. Rusiya nə qədər böyük və güclü dövlət olsa belə, mədəniyyətdən və etimaddan uzaqlığı onu hər keçən gün ən yaxın qonşularının-tərəfdaşlarının gözündən salmağa davam edəcək.
Biz öz payımıza düşünüb ona görə davranırıq. Rusiyanın da öz payına düşünüb ona görə davranması lazımdır. Əks təqdirdə itirməyə davam edəcək bu böyük dövlət.