Press "Enter" to skip to content

Cavanşir Feyziyev istefa qərarını elan etdi

Cavanşir Feyziyev

Bayraqdar.info – Son günlər Azərbaycan ictimai rəyində ciddi narazılıqlara səbəb olmuş açıqlamasıyla tənqid hədəfində olan deputat, Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyev istefasını elan edib. O, MŞ sədri Əflatun Amaşova ünvanladığı istefa müraciətini fevralın 7-də sosial media hesabında da paylaşıb.

Müraciətin önəmini nəzərə alaraq tam mətnini təqdim edirik.

Azərbaycan Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova

Hörmətli sədr,

Son günlərdə Facebook səhifəmdə paylaşdığım statusla bağlı yaranan qalmaqala aydınlıq gətirmək üçün aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.

Bütün cəmiyyətlərdə media ölkənin hərtərəfli inkişafında mühüm amil və vasitə kimi hörmətə və sayğıya layiqdir. Bu hörmət və sayğı həm media nümayəndələri, həm də cəmiyyətin digər üzvləri tərəfindən qarşılıqlı şəkildə sərgiləndiyi təqdirdə daha davamlı və güclü olur. Münasibətlər elə qurulmalıdır ki, ziddiyyətlər yaranmasın, əmələ gələ biləcək kiçik anlaşılmazlıqlar isə qısa zamanda həll yolunu tapsın.

Mən bir neçə gün öncə Facebook səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm.

Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm.

Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram.

Hörmətlə: Cavanşir Feyziyev, 7 fevral 2022-ci il

Qeyd edək ki, bayraqdar.info məsələni ilk anlardan gündəmdə tutmaqla C.Feyziyevin MŞ-dən istefa verməsi zərurətinə diqqət çəkib. Bayraqdar.info-nun qurucusu və baş redaktoru və MŞ İdarə Heyətinin üzvü Azər Həsrət bu çağırışla özünün sosial media hesabında paylaşım da edib. Belə görünür ki, ictimai təpki deputatın öz yanlışını anlamasına səbəb olub. Əlbəttə, belə davranış təqdir ediləsi haldır.

Əflatun Amaşov Cavanşir Feyziyevin istefasını müzakirə edib

Mission News Theme by Compete Themes.