Press "Enter" to skip to content

MEDİA da Cavanşir Feyziyev olayına reaksiya verdi

Cavanşir Feyziyev

Bayraqdar.info – Neçə gündür deputat Cavanşir Feyziyevin bir sıra media təmsilçiləri və QHT nümayəndələri haqqında işlətdiyi uyğunsuz ifadələr ictimai rəyi məşğul etməkdədir. Londonda ailə üzvlərinin maliyyəsinə əl qoyulması deputatla bağlı əlavə suallara səbəb olub, o üzdən də haqqında müzakirələr başlayıb. Bu isə onu özündən çıxarmış olmalıdır ki, haqqında yazanlarla bağlı uyğunsuz ifadələr işlədib.

Belə bir durum da C.Feyziyevin barəsində daha sərt reaksiyalara səbəb olub. Reaksiya verənlər onun media təmsilçilərini aşağılayan, yaxud da onlar haqqında əsassız ağır suçlamalardan ibarət ifadələr işlətməsinə sərt münasibət bildirərək medianın önündə gedən hər kəsdən hərəkət tələb edir.

MEDİA ad çəkmədən reaksiya verib

Belə reaksiyalardan birini də fevralın 6-da Medianın İnkişafı Agentliyi verib. Qurum C.Feyziyevin adını çəkməyərək qısa bir bəyanatla olaya yetərincə sərt münasibət bildirib: “Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirmiş, onun inkişafına hərtərəfli dəstək göstərmişdir.

“Ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir.

“Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır”.

Mətbuat Şurasından da münasibət tələb edilir

Qeyd edək ki, ictimai rəy məsələyə Mətbuat Şurasının da münasibətini tələb etməkdədir. Çünki baş verən naxoş olay birbaşa mediaya aiddir. Eyni zamanda C.Feyziyev deputat olmaqla bərabər MŞ İdarə Heyətinin də üzvüdür və haqqında uyğunsuz ifadə işlətdiyi jurnalistlərin bəziləri də onunla birlikdə bu qurumda təmsil olunur.

Onu da bildirək ki, MŞ-nin ortaq bir mövqeyi yayımlanmasa da İdarə Heyəti üzvlərindən bəziləri – XezerNews.az-ın baş redaktoru Niyaz Niftiyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Bizim Yol” media qurumunun təsisçisi və baş direktoru Bahəddin Həziyev, bayraqdar.info-nun qurucusu və baş redaktoru Azər Həsrət olaya sərt reaksiya verib.

B.Həziyev hətta C.Feyziyevlə birlikdə MŞ İdarə Heyətində qala bilməyəcəyini bəyan edərək istefasını elan edib. A.Həsrətsə deputatı MŞ-dən istefa verib media əhlindən üzr istəməyə çağırıb.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.