Press "Enter" to skip to content

Biz istəyirik ki, Avrasiyada sülh və əməkdaşlıq mühiti olsun

Telman Nüsrətoğlu

Son yeniləmə: 21 Yanvar 2022 18:21

Telman Nüsrətoğlu: Rusiya-Ukrayna gərginliyi, bu iki ölkə arasında ehtimal edilən müharibənin olması bizim maraqlarımıza uyğun deyil

Bayraqdar.info – Rusiya-Ukrayna gərginliyi hər keçən gün daha da artır. Bu arada Türkiyə və Azərbaycanın bu gərginliyin aradan qaldırılmasında uğurlu vasitəçi ola biləcəyinə dair fikirlər səsləndirilir. Biz də bayraqdar.info olaraq bununla bağlı ehtimallarımızı dəyərli oxucularımıza təqdim etmişik.

Azərbaycan-Türkiyə cütlüyünün sülh missiyası

Eyni zamanda sözügedən vasitəçiliyin nə qədər uğurlu ola bilməsi istiqamətində ekspertlərin də fikirlərini öyrənməyi vacib sayırıq.

Rusiya-Ukrayna gərginlyi sülh yolu ilə aradan qaldırılmalıdır

Beləliklə, növbəti müsahibimiz tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu öncə aşağıdakıları bildirib: “Türkiyə-Azərbaycan ittifaqı artıq bir çox kritik coğrafiyada balanslaşdırıcı faktor, yaxud güc mərkəzlərindən biri olaraq beynəlxalq birlik tərəfindən qəbul edilir. Təbii ki, özünü Türkiyə-Azərbaycan ittifaqına yaxın bilən ölkələri də bu güc mərkəzinə əlavə edə bilərik”.

Onun sözlərinə görə, hazırda dünyada baş verən qütbləşmə, bir-birinə az qala düşmən kəsilənlərin bloklaşması bəşəriyyətə müsbət nəsə vəd etmir: “Məhz belə bir durumda Türkiyə-Azərbaycan ittifaqının vasitəçilik missiyası dünya tərəfindən diqqətlə izlənilir. Onu da unutmaq olmaz ki, bizim, yəni türk dünyasının, Türkiyə-Azərbaycan ittifaqının da milli maraqları var. Bu milli maraqlar Avrasiyada bir əməkdaşlıq mühitinin yaradılmasını tələb edir. Rusiya-Ukrayna gərginliyi, bu iki ölkə arasında ehtimal edilən müharibənin olması bizim maraqlarımza uyğun deyil. Biz istəyirik ki, Avrasiyada sülh və əməkdaşlıq mühiti olsun”.

T.Nüsrətoğlu əlavə edib ki, bizim nə Qərbin, nə də Rusiyanın yanında olmaq kimi məcburiyyətimiz yoxdur: “Biz öz milli maraqlarımız çərçivəsində həm Qərblə, həm də Rusiya ilə əməkdaşlıq edə bilərik. Bu mənada Türkiyə və Azərbaycan həm də bir kritik oyunçudur. Çünki bu gün əgər “dünyada Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək imkanı olan hansı ölkələr var” sualı verilsə, ilk ağla gələn məhz Azərbaycan və Türkiyədir. Azərbaycanın da, Türkiyənin də hər iki ölkə ilə yaxın münasibətləri var. Elə son gəlişmələr də Ukrayna-Rusiya gərginliyinin aradan qaldırılmasında Azərbaycanla Türkiyənin uğurlu vasitəçilik edə biləcəyinə ümidləri daha da artırır. Yəni Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri, o səfərdən sonra V.Putinlə İ.Əliyev arasında telefon danışığında Ukrayna ətrafında gedən proseslərin də müzakirə edilməsi, həmçinin, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Rusiya və Ukrayna prezidentlərini Türkiyədə görüşə dəvət etməsi sıradan bir məsələ deyil. Bu görüş Ankarada da, İstanbulda da, lap elə Bakıda da ola bilər. Əsas olan bu təklifin səsləndirilməsidir. Görünən odur ki, bu görüş təklifi Türkiyə ilə Azərbaycan arasında bir məsləhətləşmədən sonra irəli sürülüb və heç də sıradan bir təklif deyil. Xatırladım ki, Albaniyadan səfərdən dönərkən media təmsilçilərinə açıqlamasında cənab R.T.Erdoğan Azərbaycan prezidenti ilə danışaraq Ukrayna səfərinin yekunlarını müzakirə edəcəyini bildirib. Bu vasitəçiliyin uğurla nəticələnməsi Avrasiya regionunun gələcək inkişafına da təkan verə bilər”.

 

Mission News Theme by Compete Themes.