Bayraqdar.info – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu sülhməramlıları da qardaş Qazaxıstanı tərk edib.
Bu haqda məlumatı yanvarın 19-da kontingentin komandanı, general-polkovnik Andrey Serdyukov verib. Xəbəri Rusiyanın Zvezda TV kanalı yayıb.
Xəbərdə deyilir ki, KTMT kontingentinə aid sonuncu yük – canlı qüvvə və texnikanı daşıyan 4 təyyarə Nur-Sultan və Almatı şəhərlərindən havaya qalxaraq Rusiyaya istiqamətlənib. Bununla da KTMT-nin Qazaxıstan missiyası tam olaraq başa çatıb.
Qeyd edək ki, KTMT hərbi kontingenti Qazaxıstana yanvarın 6-da yeridilmişdi. Tərkibində qurumun üzvü olan Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistandan hərbçilərin yer aldığı kontingent ölkədə baş verən iğtişaşlar fonunda vacib obyektləri qorumaq üçün cəlb edilmişdi. Lakin həm Qazaxıstan, həm də xaricdən olan ciddi basqılar bu qüvvələrin orda uzun müddət qalmasını sual altına almışdı. Bu baxımdan missiyanın cəmi 13 gün çəkməsi təsadüfi deyil. Əsasən ruslardan ibarət olan kontingent gəldiyi kimi də geri dönməli oldu. Halbuki o heyət Qazaxıstana göndəriləndə Rusiya Prezidenti Vladimir Putin də başda olmaqla bu ölkənin rəsmiləri təkrar-təkrar rəy yaratmağa çalışırdılar ki, KTMT adı altındakı hərbçilər Qazaxıstanda uzun müddət qalacaq.