Son yeniləmə: 18 Yanvar 2022 15:45
Yücel Karauz: Bu arzunun reallaşması üçün bir az zamana ehtiyac var
Bayraqdar.info – “Türk dövlətləri arasında ortaq hərbi birliklərin yaradılması təklifi gözəldir və hətta deyərdim ki, ideal təklifdir. Bu, Turana gedən yolda mühüm addımdır. Amma hesab edirəm ki, bu arzunun reallaşması üçün bir az zamana ehtiyac var. Yəni bunu uyğun vaxtda və uyğun bir şəkildə reallaşdırmaq daha doğru olardı”.
Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz MHP Genel başqanı Devlet Bahçelinin yanvarın 18-də səsləndiridyi təklifə münasibət bildirərkən deyib.
Xatırladaq ki, partiyasının qrup toplantısındakı çıxışında MHP Genel başqanı diqqəti türk dövlətləri arasında hərbi razılaşma olmaması məsələsinə də yönəldib. D.Bahçeli deyib ki, türk dövlətləri arasında hərbi saziş imzalanmalıdır.
Y.Karauzun sözlərinə görə, bu proses mərhələli şəkilddə reallaşa bilər: “Bunun üçün də Türkiyə ilə Azərbaycan arasında olduğu kimi digər türk dövlətləri arasında da əməkdaşlıq ən yüksək səviyyəyə çatdırılmalıdır. Yəni öncə türk dövlətləri bir-biri ilə ikitərəfli əməkdaşlığı ən yüskək səviyyəyə çatdırmalı, təhlükəsizliyin təmin olunması və terrorçuluğa qarşı mübarizə sahəsində ortaq əməkdaşlıq etməlidirlər. Eyni zamanda bu dövlətlər bir-birinə qarşılıqlı yardım edərək problemlərini həll etməldirlər”.
Müsahibimiz vurğulayıb ki, hazırda mövcud olan bəzi nüansları da nəzərdən qaçırmaq olmaz: “Bu, həmin ölkələrin demoqrafik durumu və imzalamış olduqları hərbi əməkdaşlıq sazişləri ilə bağlıdır. Çünki bu ölkələrin bəziləri bəzi hərbi ittifaqlara qoşulublar. Orda olmaları da onların hərbi sahədə manevr etmək imkanlarını hüquqi baxımdan bir qədər daraldır. Bir sözlə, indiki şərtlər daxilində türk dövlətləri arasında ortaq sülhməramlı qüvvələrin, ortaq birgə hərbi təlim mərkəzinin yaradılmasının tezliklə baş tutması gözlənilmir”.
“Bununla belə hamımız birlikdə bu arzunun reallaşmasına çalışmalıyıq. Lakin çalışarkən də bizdən xaricdəki real durumu düzgün dəyərləndirməli, geosiyasi və digər amilləri nəzərdən qaçırmayaraq uyğun zamanda uyğun addımlar ata bilməliyik. Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən savaşında olduğu kimi ağılla hərəkət etməliyik. Duyğularımızla hərəkət etdiyimiz zaman atacağımız addımlar bizə xeyirdən çox ziyan vura bilər”, – deyə, Y.Karauz sonda əlavə edib.