Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: Balkanlarda sülhün təminatçısı olan ölkələrdən biriyik

Bayraqdar.info – Xəbər verdiyimiz kimi yanvarın 17-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Albaniyaya rəsmi səfər edib. Bu Türkiyə Cümhurbaşqanının 2022-ci ildə ilk xarici rəsmi səfəridir.

Recep Tayyib Erdoğan Albaniyada bır sıra açılışlarda iştirak edəcək

Tiranada Rahibə Tereza Beynəlxalq Hava Limanında Albaniya Baş naziri Edi Rama tərəfindən qarşılanan Türkiyə Cümhurbaşqanı bır sıra açılışlarda iştirak edib.

Daha sonra R.T.Erdoğan və E.Rama birgə mətbuat konfransı keçiriblər.

Milliyet xəbər verir ki, mətbuat konfransında səfəri müsbət dəyərləndirən R.T.Erdoğan Albaniyada zəlzələdən zərər çəkənlər üçün 522 evi 13 ay kimi rekord sayılacaq qısa müddətdə tamamladıqlarını bildirib.

“Bundan sonra yaxşı gündə də, pis gündə də Albaniyanın yanında olmağa davam edəcəyik”, – deyən Türkiyə Cümhurbaşqanı səfərin nəticəsi olaraq iki ölkə arasında 7 anlaşmanın imzalandığını söyləyib.

Mətbuat konfransında Balkanların təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətinə də toxunan R.T.Erdoğan deyib: “Burada NATO-nun yanaşması AB-nin yanaşmasından daha vacibdir. Çünki AB Türkiyəni hələ üzv dövlət kimi qəbul etmir. Amma biz indi NATO-nun güclü müttəfiqiyik. Xüsusilə ikitərəfli görüşdə Balkanlardan danışdıq. Balkanların sülh və əmin-amanlığına böyük əhəmiyyət veririk. Balkanların sülhü və əmin-amanlığı üçün üzərimizə düşəni etdiyimiz kimi, gələcəkdə də sülh və əmin-amanlığın təminatına qarant olan ölkələrdən biriyik. Balkanların sülhü üçün nə lazımdırsa edəcəyik”.

Anadolu Ajansı isə bildirir ki, Türkiyə Cümhurbaşqanı mətbuat konfransında FETÖ ilə mübarizə məsələsinin üzərində xüsusi olaraq dayanıb: “Əlləri günahsızların qanına batan bu quruluşun təkcə Türkiyə üçün deyil, mövcud olduğu hər bir ölkə üçün böyük təhlükə yaratdığı açıq-aydındır. Bizim səmimi gözləntimiz önümüzdəki dövrdə Albaniyada FETÖ quruluşuna qarşı daha konkret, qəti və sürətli addımların atılmasıdır”.
Qeyd edək ki, R.T.Erdoğan həmçinin Albaniya parlamentində də çıxış edib. Türkiyə Cümhurbaşqanı çıxışında önəmli mesajlar verib.

Mission News Theme by Compete Themes.