Press "Enter" to skip to content

Güney Azərbaycan tarixinin ən önəmli dönəmlərindən biri

Son yeniləmə: 14 Yanvar 2022 20:09

Bayraqdar.info – “Urmu Əfşar xanlığı və Azərbaycan milli dövləti quruluşunun müxtəsər tarixi” adlı kitabın işıq üzü gördüyü haqqında məlumat vermişdik. Həmin məlumatda Güney Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şurasının üzvü Məcid Cavadi Arazın müəllifi olduğu kitabda öz əksini tapan məqamlardan da bəhs edilmişdi.

Urmu əfşarlarından bəhs edən tarixi kitab

Yanvarın 13-də isə Məcid Araz Amerikanın Səsinə müsahibə verərək həm kitab, həm də İranda Azərbaycan xanlıqlarının tarixi ilə bağlı məqamlara toxunub.

Müsahibəsində M.Araz “18 və 19-cu əsrlərdəki xanlıqlar dönəmi Azərbaycan tarixinin ən önəmli dönəmlərindən biridir. Amma Güney Azərbaycan tarixi ilə bağlı bu dönəm bilərəkdən və sistemli bir şəkildə gözardı edilib. Özəlliklə də Qərbi Azərbaycanda bu dönəm daha da qaranlıqda saxlanılıb və millətimizin bu dönəmlərdən çox az bilgisi olub”, – deyə bildirib.

M.Araz bu kitabı xüsusilə də Əfşar türklərinin Urmiya mərkəzli dövlət qurma cəhdlərini gündəmə gətirmək məqsədilə hazırladığını deyib: “Tarixi qaynaqlarda adı Urmu ölkəsi (Ölkeyi Urumi) olaraq keçən bölgə Səlmasdan başlayır, Urmiya, Üşnü, Sulduz, Sayınqala və Tikantəpə kimi bölgələri əhatə edir. Əlbəttə, ölkə dediyimizdə, tarixdə türkcədə daha çox vilayət mənasında işlədilib. Bu bölgədə, Əfşar xanlığının müəzzəm və zəngin tarixini qısa və müxtəsər bir əl kitabı şəklində yazıb yayımlamağı faydalı gördüm ki, millətimiz, gənclərimiz və fəallarımız bu dönəmi bilsinlər və tanısınlar. Bilsinlər ki, Urmiyada Əfşarlar üç dönəm çalışıblar ki, Azərbaycan coğrafiyasında müstəqil dövlət qursunlar”.

M.Araz əlavə edib ki, bu kitab əsasən 1625-ci ildən bəri, Əfşar türklərinin Qərbi Azərbaycanda və Urmiyada hakimiyyətini və keçmişisini əhatə edir: “Urmiya tarixi qaynaqlarda Urmiya Əfşarların paytaxtı olaraq keçər. Əfşarlar çox böyük türk tayfası olublar. Bunlar əsasən Türküstan mənşəlidir. Amma bu gün Anadolu, Suriya, İraq və İran dediyimiz coğrafiyada, Güney Azərbaycanda bir çox bölgəyə yayılıblar. Əfşar türklərinin ən çox və ən bəlirgin şəkildə yaşadıqları ən böyük şəhər Urmiyadır”.

Mission News Theme by Compete Themes.