Press "Enter" to skip to content

Türk dünyası bu tarixi diyarın inkişafı üçün əl-ələ verməlidir

Ali Ekber TUFAN

Son yeniləmə: 12 Yanvar 2022 15:10

Ali Ekber Tufan: Şuşa dünyanın mədəniyyət paytaxtı olmağı haqq edir

Bayraqdar.info – “Azərbaycan ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə etdi. Azərbaycan topraqlarının işğaldan azad olunması ilə nəticələnən bu qələbə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılara da qürurlu anlar yaşatdı. Qalib Azərbaycan bu gün türk dünyası üçün də bir qürur mənbəyidir”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Aygün Attarın köməkçisi və onun rəhbərlik etdiyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) Baş koordinatoru Ali Ekber Tufan deyib. O, qeyd edib ki, Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın mədəniyyət paytaxtı olmağı haqq edir və buna layiqdir.

“Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı və 2022-nin “Şuşa İli” elan olunmasına dair sərəncamlarından dolayı cənab Prezident İlham Əliyevə minnətdarlığımız sonsuzdur”, – deyən A.E.Tufanın Azərbaycanda 2022-nin “Şuşa İli” elan edilməsi, o cümlədən Qarabağın azad olunmasının türk dünyası üçün əhəmiyyəti ilə bağlı fikirlərinə keçməzdən öncə bir məqama toxunmağı vacib bildik. Belə ki, müsahibimiz həyatını türklük-azərbaycançılıq ideyasına həsr etmiş ailənin davamçısı, İğdır, Kars, Ardahan, Ağrı və Erzurumun türk torpaqları olaraq qalması üçün mübarizə aparan milli ideoloqlarımızdan biri Ali Ekber Tufanın adını daşıyan nəticəsidir.

Məlumat üşün bildirək ki, Ali Ekber Tufan 1870-ci ildə tarixi türk torpağı olan İğdıra bağlı Mələklidə dünyaya göz açıb. Bölgədə xüsusi nüfuzu olan Ramazanoğlu ailəsinə mənsub olan Ali Ekber Tufan Zaqafqaziya Seyminin İğdır millət vəkili, eyni zamanda Difai gizli təşkilatının (1905) üzvü, Cemiyet-i Xeyriyye İrevanın İğdır təmsilçisi (1910) vəzifələrində çalışıb. 1917-1920-ci illərdə İğdır Milli Hökümətinin sədri olub.

A.E.Tufan haqqında yaxın vaxtlarda məhz onun nəticəsinin bayraqdar.info üçün qələmə aldığı geniş məqalə təqdim edəcəyik. Hələlik isə qayıdaq həmsöhbətimizə.

Min il öncə Oğuz atalarımızın göstərdiyi qəhrəmanlıq təkrarlandı

Beləliklə, Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyəti ilə bağlı məqama toxunan müsahibimiz “Qarabağda Oğuz atalarımız Kür çayı sahilinə ayaq basmaq istəyən Bizans imperiyasının işğalçı əsgərlərini min il öncə necə durdura bildisə, 2020-ci ildə də 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan ordusu işğalçılara eyni qətiyyətlə zərbə vurdu”, – deyib.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Prof. Dr. Aygün Attar və Ali Ekber Tufan

A.E.Tufan qeyd edib ki, Azərbaycan uzun illər məkrli, hiyləgər və oğru bir qonşunun işğalına tuş gəlib: “Bütün dünya onların əsl simasını Vətən müharibəsindən sonra daha açıq şəkildə gördü. Dünya erməniləri evləri talayan, meşələri yandıran, məzarlıqları, tarixi tikililəri, türbələri, məscidləri, kilsələri, muzeyləri dağıdan millət kimi tanıdı. Onu da deyim ki, ermənilər eyni vəhşilikləri 100 il öncə Kars və İğdırda da törədiblər”.

Geosiyasi baxımdan Qarabağ bölgəsinin Rusiya, Türkiyə və İran kimi üç böyük dövlətin rəqabətinin mərkəzində yerləşdiyini deyən A.E.Tufan Vətən savaşında Azərbaycanın qələbə qazanması ilə bölgədə yeni reallıq yarandığını bildirib: “2020-ci il noyabrın 8-də Azərbaycan bayrağının Şuşada dalğalanması ilə yeni dövr başladı və indi Zəngəzur dəhlizindəyik. Tezliklə bu dəhliz bütün türk dünyasını birləşdirəcək. Özüm də bir iğdırlı olaraq ən böyük arzumdur ki, İğdırda istehsal olunan bir məhsul bu dəhliz vasitəsilə 5 saat ərzində istər Bakı, istər Şuşa, istərsə də Gəncədə qardaşlarımıza çatdırılsın. Eyni zamanda, türkiyəli tələbələr avtomobillə 5 saat içində Şuşanı ziyarət edib, bu gözəl diyarla tanış ola bilsinlər”.

Şuşada çoxsaylı festivalların keçirilməsi üçün hər birimiz fəal olmalıyıq

Onun sözlərinə görə, “Şuşa İli”ndə türk dünyası bu tarixi diyarın inkişafı üçün əl-ələ verməlidir. Bu il ərzində çoxsaylı tədbirlər keçirmək, səfərlər təşkil etmək olar: “Tarixən qəlbimizdə yer alan, keçmiş SSRİ dövründə olan dəmir pərdələrə baxmayaraq, gündə bir saat azərbaycanca yayım edən İrəvan radiosunda Qarabağ xanəndələrinin səsinə, Üzeyir Hacıbəylinin bəstələrinə “can” deyib ağlayan nənələrimizin balaları olaraq biz də tezliklə o gözəl yerlərə getmək istəyirik. Böyük həyəcanla və həvəslə vaxtı ilə Qarabağda anadan olan, yaşayan sənətkarların müharibədən sonra bərpa olunan evlərini, muzeylərini ziyarət etmək, onların adını daşıyacaq və Qarabağda tikiləcək salonlarda, muzeylərdə bir vaxtlar nənələrimizin dinlədikləri mahnıları təkrar dinləmək xoşbəxtliyini yaşayacağımız anları gözləyirik. Bülbülün ariyasını, Hacıbəylinin “Arazbarı”sını Cıdır düzündə dinləməkdən böyük xoşbəxtlik nə ola bilər ki? Hesab edirəm ki, bizlər o yerlərdə çoxsaylı festivalların keçirilməsi üçün də çalışmalı, bu yolda hər birimiz fəal olmalıyıq. Onu da deyim ki, Aygün xanımın təşəbbüsü ilə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Şuşa Fikir Sənət Atelyesini tezliklə quracağıq”.

Bu hissləri yaşamaqdan qürur duyuram

Müsahibimiz özlərinin də şuşalılarla qohum olduğuna işarə edərək deyib: “Babam Tələtin doğulduğu Vəzirovların evini tapmağın, orada yaşayan bütün xanəndələrin məzarlarını ziyarət etməyin, Şuşanın özünəməxsus Malıbəyli xalçasının üzərində oturub Mir Möhsün Nəvvabın məsnəvisini oxumağın həyəcanını yaşayacağım anları gözləyirəm. Mərdinli məhəlləsində Sadıqcanın evinin qarşısındakı küçədə tar səsi dinləmək, bir vaxtlar Cabbar Qaryağdıoğlunun segahının səsləndiyi şəhərdə olmaq, Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” adlı pyesini yerinde izləmək, ermənilərin yandırdığı Köçərli məscidinin divarlarına toxuna bilmək, Natəvanın Şuşa Qalasına çəkdirdiyi su kəmərindən gələn sudan bir qurtum içə bilmək, Saatlı məhəlləsinin sakinlərinin xatirəsini yad etmək, atamın müəllimi Firudin bəy Köçərlinin evini axtarmaq, Əhməd bəy Ağaoğlunun sirrini tapmaq, nənəmin əmisi oglu Yusif Vəzir Çəmənzəminlinin, Vəzirovların xatirələrini yad etmək, onların baxıb şeir yazdığı dağlara baxıb yaşadıqları hissi anlamağa çalışmaq… Əminəm ki, bu həyəcanı, bu istəyi yaşamaq hər bir azərbaycanlının arzusudur”.

A.E.Tufan sonda onu da deyib ki, hazırda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun binasında yerləşən və məhz dəyərli Prof. Dr. A.Attarın qurduğu, yaratdığı Şuşa Konqres Mərkəzindən bu fikirləri dilə gətirməkdən, İrəvanın türk dünyasına xatirəsi olan İğdırın övladı olaraq Qarabağla qohumluğu olan ailənin 30 yaşlı oğlu kimi bu hissləri yaşamaqdan qürur duyur: “Bizə bu xoşbəxtliyi yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Həmçinin Ümummilli lider Heydər Əliyevin yolu ilə inamla addımlayaraq bizə qalib xalq xoşbəxtliyi yaşadan cənab Prezdent İlham Əliyevə dərin minnətdarlıq edirəm. Onu da bildirmək istəyirəm ki, necə ki, Vətən savaşında Türkiyə Azərbaycana mənəvi və siyasi dəstək verdi, bundan sonra da Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.