Press "Enter" to skip to content

Qazax-qırğız qarşıdurmasının baş tutmayan ssenarisi – VİDEO

Vikram Ruzaxunov

Son yeniləmə: 9 Yanvar 2022 18:51

Bayraqdar.info – Qazaxıstan olaylarında xarici vətəndaşların iştirakı haqqında danışılır. Hətta 20 min əcnəbidən söhbət gedir. Bu rəqəmi ölkə Prezidenti Qasım-Jomart Toqayev səsləndirib. Açığı, ilk baxışda inandırıcı görünməsə də Prezidentin dilindən səslənməsi ciddiyyətə alınmasını zəruri edir. Əlbəttə, ona bu məlumatı uyğun dövlət qurumları vermiş ola bilər. Burada isə saxtakarlıq edilmədiyini təsdiqləmək asan deyil.

Nə isə, bu əcnəbi “terrorçular”dan biri kimi bir Qırğızıstan vətəndaşının videosu da paylaşılır. Özü də sağa-sola. Adam “etiraf” edir ki, kasıb biridir, ona pul verib Qırğızıstandan dəvət ediblər ki, gəlib Qazaxıstanda ortalığı qarışdırsın…

Az sonra bəlli olub ki, bu Qırğızıstan vətəndaşı kasıb filan deyilmiş. Üstəlik, çox məşhur və yetərincə də imkanlı biridir. Yəni onun, “etiraf” etdiyi kimi, hansısa 200 dollara ehtiyacı ola bilməz.

Əslində, nə baş verib?

Bəs nə baş verib? Bəlli olub ki, bu “etirafçı” məşhur qırğız musiqiçisi Vikram Ruzaxunovdur. O, hələ ötən ilin sonunda Qazaxıstana dəvət edilib, biletini də dekabrın 16-da alıb. Yanvarın 2-də Qazaxıstana gəlincə də ortalıq qarışıb və bunu da tutublar. Sonra döyüblər (videodan bəlli olur). Döyüb ondan bir “etirafçı” düzəldib efirə çıxarıblar. Amma nəzərə almayıblar ki, belə bir məşhur adamdan saxta etirafçı düzəltmək nə ilə nəticələnə bilər…

İndi aləm qarışıb. Qırğızıstan Qazaxıstana nota verib. Qırğız ictimai rəyi ayaqdadır. Hər kəs bacara bildiyi yolla Vikramı müdafiə edir, ona terrorçu adı qoyanları ağıllı olmağa çağırır. Hətta ölkə Prezidenti Sadır Caparovun özü şəxsən məsələylə bağlı tapşırıq verib, diqqətdə saxlayır.

Əcəba, nə baş verib ki, Qazaxıstan belə bir səhvə yol verib? Niyə qardaş ölkənin müvafiq qurumları bu qədər dayaz və gərəksiz bir qurğu qurublar? Bəlkə üçüncü tərəflər var işin içində?

Yəqin ki, üçüncü tərəf var. Onun marağı ət və dırnaq qədər yaxın olan qazax və qırğızları bu yolla qarşı-qarşıya gətirməkdir. Sadəcə elə bir adamdan yapışıblar ki, qurduqları oyun anında faş olub və indi həm qırğızlar, həm də qazaxlar bu məsələdə daha da sıx birləşiblər. Yəni onları bölmək-ayırmaq istəyənlər əks effekt əldə ediblər…

Və bir az da özümdən deyim

Səhv etmirəmsə, hadisə 2004-cü ildə baş vermişdi. Almatıda idim. O vaxtkı Prezident Nursultan Nazarbayevin qızı Dəriğə Nazarbayevanın dəvəti ilə Avrasiya Media Forumunda iştirak üçün gəlmişdim bu şəhərə. Boş vaxtlarımdan birində çıxıb şəhərdə gəzirdim. Bu vaxt arxadan bir nəfər qaçaraq yaxınlaşdı, məni çağırdı. Dönəndə gördüm ki, yerdən bir pul qabı götürüb mənə uzadır. Təəccüblə baxdım. İçini də göstərdi. Ərəb əlifbasıyla yazıları olan pullar da vardı. Soruşdu ki, “bu sənindir?” Dedim, “yox”. Qayıtdı ki, “onda heç kimə demə, mən qaçdım”. Və bir anda qaçıb evlərin arasında gözdən itdi.

O yox olan kimi daha bir nəfər arxadan qaçaraq mənə yaxınlaşdı. Soruşdu ki, “o adam necə oldu?” Dedim ki, “bilmirəm”. Bu vaxt da dedi ki, “əlbirsiniz, hə?” Çaşıb qaldım. Dedim ki, “nə əlbiri? Mən bir əcnəbiyəm, qonağam. Adam yerdən pul qabı tapıb, məndən soruşdu ki, sənindir? Dedim, yox. Qaçıb getdi”. Bu adam bu dəfə qayıtdı ki, “hansı tərəfə getdi?” Dedim, “qarşıdakı evlərin arasına”. Dedi, “gedək baxaq, yəqin əlbirsiniz”. Mən də əminliklə dedim ki, “gedək”.

Nə isə, getdik, baxdıq. Təbii ki, orda heç kim yox idi. Belə olanda adam qayıtdı ki, “bizimlə gedəcəksiniz”. Mən də dedim ki, “üzrlü sayın, siz məni kiminləsə qarışdırırsınız deyəsən. Mən D.Nazarbayevanın qonağıyam və şəxsimlə belə davrana bilməzsiniz”. Bunu deyəndə adam duruxdu, sakitcə aralanıb getdi. Heç nə də demədi. Mən də arxasınca yola çıxdım və tam təsadüfən gördüm ki, az öncə pulqabı “tapan” adam da bununla birlikdə eyni maşına oturur…

Sözümün canı

Sözümün canı odur ki, sonra bunların xüsusi xidmət orqanından olduğunu fərq etdim. Qurğu qururdular ki, bir əcnəbi tutsunlar. Amma əcnəbi də Azərbaycandan, üstəlik də D.Nazarbayevanın qonağı olunca planları baş tutmamışdı. İndi bu qırğız musiqiçini də o qaydada tutublar. Görünür həmin musiqiçi özünü yetərincə ifadə edə bilməyib, bunlar da basıb döyüblər, boynuna qoyublar ki, “terrorçu” olduğunu etiraf etsin. Adam da qorxudan bunu edib. Amma Türkiyədə dediyldiyi kimi, “evdəki hesab çarşıya uyğun olmayıb”…

İstənilən halda mən qardaş Qazaxıstanı çox sevirəm və tezliklə bu ölkədə sabitliyin bərpa olunmasını arzu edirəm. Ölkə normal həyatına elə tez dönsün ki, ruslar başda olmaqla “sülhməramlı” kontingent ölkədən birdəfəlik getsin və bir daha bura dönməsin. Bunun olması üçünsə qazax qardaşlarımızın təmkinli davranmasına ehtiyac var…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.