Son yeniləmə: 11 Yanvar 2022 10:12
2-ci hissə (1-ci hissə)
Həmsöhbətim AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Tunc dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Gədəbəy Arxeoloji Eskpedisiyasının rəhbəri Tükəzban Göyüşovadır.
Gədəbəydə arxeoloji fond yaratmışıq
-Tükəzban xanım, maddi mədəniyyət nümunələrini tapandan sonra hara təhvil verirsiniz?
-Tapıntıları təmizləyirik, fotolarını çəkirik, ölçürük, inventarlaşdırırıq, analizə göndərilməlidirsə, göndəririk. Materialları əsasən İnstitutun fonduna təhvil veririk. Amma mən onları inventarlaşdırdıqdan sonra Gədəbəy Tarix Diyarşünaslıq Muzeyinə təhvil verirəm. Gədəbəy arxeoloji ekspedisiyasının əldə etdiyi maddi mədəniyyət nümunələrinin hesabına Gədəbəydə zəngin arxeoloji fond yaratmışıq.
-Bəs həmin muzeylərdə tapıntıların saxlanılması üçün şərait varmı? Havadan və oksidləşmədən qorumaq üçün saxlanma qaydasına əməl olunurmu?
-Deyərdim ki, heç Respublikada siz deyən şəraiti olan diyarşünaslıq muzeyi yoxdur. Olsa, çox yaxşı olar. Amma Gədəbəy diyarşünaslıq muzeyinin ayrıca yeni binaya ehtiyacı var. Onu da qeyd edim ki, Gədəbəy diyarşünaslıq muzeyi Respublikada ən zəngin muzeylərdən biridir.
-İndiyə kimi nə qədər maddi mədəniyyət nümunəsi tapmısınız?
-Çoxdur, sayını bilmirəm. Muzeydə inventar kitablarına əsasən onların dəqiq sayı var. Qəbir abidələri və yaşayış yerindən əldə edilmiş materialların ümümi sayı təxminən 1 min 200-ə qədərdir. Yaşayış yerlərindən tapılan materiallar əsasən kiçik fraqmentlər halındadır. Amma elmi əhəmiyyəti böyükdür.
-Gədəbəy arxeoloji ekspedisiyası daha çox hansı növ abidələrdə tədqiqat işləri aparıb?
-Ekspedisiya əvvəllər qəbir abidələrində qazıntı işləri aparırdı. Xüsusən də dağılmaq təhlükəsi olan qəbirlərdə xilasetmə işləri aparırdıq. Tikinti-təsərrüfat işləri, yol çəkilişi zamanı, qızıl axtaranların yersiz maraqları nəticəsində qədim qəbirlər dağıdılır. Mən də həmin məzarların xilasetmə işlərini aparırdım. Yəni məzarda olan maddi mədəniyyət nümunələrini çıxarırdım, inventarlaşdırırdım, məzarı ölçüb fotolarını çəkirdim. İşlədiyim ərazidə onlarla kurqan, yüzlərlə daş qutu qəbir var. Biz məcburiyyət olmadıqca onlara toxunmamağa çalışırıq. Gələcək nəsil yəqin ki, onları tədqiq edər.
Gədəbəy arxeoloji ekspedisiyasının ən böyük uğuru siklopik tikililərdə (son tunc – erkən dəmir dövrünə aid yaşayış yeri, qalaça) qazıntılardır. İndiyə qədər əsasən Şınıx bölgəsində bir neçə qeydiyyatda olmayan siklopik tikili qeydə almışıq. Qalakənd kəndi ərazisində, Qovdu qalasında kəşfiyyat xarakterli qazıntılar aparmış, dairəvi planda tikili qalıqları aşkar etmişik.
Kiçik Qaramurad kəndi ərazisində Leşkər qalaçasında da ümumilikdə 600 kv m-lik yerdə qazıntı aparmışıq. Böyük nəticələrimiz var. Qalaçanı qazanda mənə deyirdilər ki, özünə iş tap. Orada çobanlar müvəqqəti yaşayıb. Amma arxeoloji tədqiqatlar sübut etdi ki, bu qalaçalar insanların, güman edirik ki sənətkarların daimi yaşayış yeri olub. Mürəkkəb inşaat texnikasına malik tikili qalıqları, möhkəmləndirilmiş müdafə hasarları, kürə, ocaq yerləri, saysız maddi mədəniyyət nümunələri – daş alətlər, metallurgiyada istifadə olunan gil butələr, daş qəlib və s. artefaktlar dediklərimizin birbaşa sübutudur. Qalaçaların yerləşmə mövqeyi də mürəkkəbdir. Bir qalaçadan ən azı yeddi qalaça görünür. Qalaçaların ətrafında yüzlərlə zəngin avadanlığa malik daş qutu qəbir var. Sözü gedən dövrdə ərazidə əhali sıx və intensiv yaşayıb.
Bundan başqa, Gədəbəyin ucqar dağ kəndlərində tarixin fərqli dövrlərinə aid onlarla müxtəlif növ arxeoloji abidə qeydə alınıb, kəşfiyyat xarakterli tədqiqat işləri apamışıq.
Arxeologiyaya əsasən qızlar maraq göstərir
-Gənclərin arasında arxeologiyaya maraq varmı?
-Bəli, gənclərin arasında arxeologiyaya maraq ən çox qızlar arasındadır. Bizim qadın arxeoloqlarımız var idi. Məsələn, dünyasını dəyişənlərdən Münəvvər Hüseynova, Solmaz Qaşqay, Güllü Əbilova, Rəbiyyə Qasımova və s. çox kübar qadınlar idilər. Allah onlara rəhmət eləsin. Aliyə Qarəhmədova, Firuzə Muradova, Fatma Abbasova, İntizar Bədəlova bizim üçün örnək qadın arxeoloqlardır. Hazırda qadın arxeoloqlarımzdan Elmira Abbasova, Vəfa Mahmudova, Sevinc Hüseynova, Təranə Babayeva, Mətanət Hüseynova, Fidan Əliyeva, Arzu Abdullayeva peşəkar arxeoloqdurlar. Yeni başlayanlardan Lola Hüseynova, İlahə Nəhmətova, Aliyə Adıgözəlova, Günay Bayramova, Nigar Mustafayeva, Nərmin Məmmədli və s. gənc qızlarımız mütəmadi arxeoloji qazıntılarda iştirak edirlər və gələcəyin çox perspektivli arxeoloqlarıdır.
3 min metr yükəsklidə dağdakı qədim ziyarətgaha qalxmışdıq
-Tükəzban xanım, ən çətin qazıntınız hansı olub?
-Mənim üçün qazıntı böyük zövqdür. Amma sənəti sevməyənlərin gözü ilə baxsaq cəhənnəm əzabıdır. Əvvəllər çox çətinliyimiz olurdu. Gədəbəydə çiynimizdə bellə ekspedisiyamızın üzvü olan arxeoloq Təranə xanımla 2-3 km məsafə piyada dağa qalxırdıq. İşdən qayıdanda isə materialları əlimizdə düşürürdük. Kənd camaatı məəttəl qalırdı və eyni zamanda fədakarlığımızı qiymətləndirir, bacardıqları qədər bizə yardım edirdilər. Yaxşı ki, atam mənimlə qazıntılara gedirdi. O da mənə kömək edirdi. Bilirsiniz ki, Gədəbəydə yağıntı çox olur. Yayda demək olar ki, hər gün yağış yağır. Günəşli havada işlədiyimiz vaxt qəfil qara bulud gəlir. Güclü yağış yağır. Bax, onda bütün zəhmətimiz az qala hədər gedirdi. Materialları dağ çaylarının sularında yuyurduq. Mən materiallarımı heç kimə etibar etmirdim. Təranə xanımla birgə özümüz yuyurduq. Bundan zövq alırdıq. Bir dəfə Təranə xanım, atam, mən və bələdçimiz Daryurd kəndi yaxıınlığında dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən, yerli əhali arasında “Ocaq yalı” adlanan qədim dağ kultunu özündə yaşadan dağa qalxdıq. Piyada, saatlara zirvəyə doğru yol getdik. Dağ günəşində yandıq, yağışda islandıq, doluya düşdük. Yanımıza dəfələrlə ildırım düşdü. Bütün paltarlarımız işlanmışdı. Yol boyu buz kimi bulaqlardan su içdik, yuyunduq. Fikirləşdik ki, 40 dərəcə qızdırmayla xəstə yatarıq, amma xəstələnmədik. Əksinə, gümrahlaşdıq.
2014-cü ildə Fransa Beynəlxalq ekspedisiyası Gədəbəy arxeoloji ekspedisiyası ilə birgə Gədəbəyin yaylaqlarında, eyni zamanda Çeyrançöldə tədqiqat aparmışdı. Əsas məqsəd arxezooloqlarla birgə qədim və müasir heyvandarlığı öyrənmək idi. Həmişəki kimi Təranə xanım da mənimlə idi. Oktyabr ayında hər gün səhərdən axşamadək dağı, aranı gəzmək, sorğu, tədqiqat aparmaq çox çətin idi. Oktyabr ayında Gədəbəyə artıq şaxta düşür. Düşünün ki, şaxtada dağda, özü də yaylaqda işləmək necə çətin olur. Amma şükürlər olsun ki öhdəsindən gəldik.
-Arxeoloji ekspedisiyalar bir-birinin qazıntısı ilə maraqlanırmı? Gəlib baxırlarmı?
-Əlbəttə. Mənim qazıntı apardığım Leşkər qalaçasına müəllimim Qoşqar Qoşqarlı, arxeoloq Vaqif Əsədov, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi Göytəpə Arxeoloji Ekspedisiyası fransız arxeoloqlarla birlikdə, arxeoloqlardan tarix üzrə fəlsəfə doktoru Natiq Alışov, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov qazıntı sahəsində olub və öz dəyərli töhfələrini veriblər. Gədəbəy arxeoloji ekspedisiyasının 2021-ci ildə üzvü olan, İnstitutun indiki direktoru, professor Abbas Seyidov qazıntılarda iştirak edib, birgə tədqiqatlara həsr edilmiş elmi məqaləmiz çapdan çıxıb.
Skeletin ürəyindəki ox
-Heç məzarı açarkən canınızda qorxu olubmu?
-Qorxu deyil, güclü sarsıldığım vaxt olub. Bir dəfə tək idim. Uşaqlar naharda idi. Daş qutu qəbir təmizləyirdim. Qaşovla skeletin qabırğalarının arasını təmizləyəndə bir obsidian ox ucluğu tapdım. Deməli, ox sinəsini deşib girib ürəyindən, mən də 3 min ildən sonra bu oxu çıxarıram. Elə yəqin ki, adam bu yaradan ölüb. Bir anlıq gözümün önündə onun oxla vurulmaq səhnəsi və ölməyi canlandı. Bax, onda çox sarsıldım.
Söhbətimizin sonunda Tükəzban xanım məni iş otağında olan gil, tunc materiallarla, daş qəliblə tanış etdi. O, bu tapıntıları ləl-cəvahirat sayır, bu materiallar əsasında xaricdə elmi məqalə çap edəcəyini bildirir.
Arxeoloq xanımla maraqlı söhbətdən doymuram. Yayda onun ekspedisiyasına gedəcəyimi planlaşdıraraq İnstitutun binasını tərk edirəm. Beynimdə isə 3 min il sonra kurqandan tapılan skeletin ürəyindəki oxu çıxaran cəsarətli arxeoloq xanımın danışdıqları canlanır. Sanki bu hadisəni mən özüm görmüşəm…
SON
[…] 1-ci hissə (2-ci hissə) […]