Press "Enter" to skip to content

Azərbaycan səfirinin Çinin təbliğat kampaniyasında nə işi var…

Əslində, bunun da üzərindən keçə bilərdik. Yəni olmalıdır, səfirlərimiz olduqları ölkələrdə münasibətlərin yüksək səviyyədə tutulması üçün nəzakət nümayiş etdirməlidirlər. Biz də bəzən bəzi məsələlərə anlayışla yanaşırıq. Hətta gərək olanda göz də yumuruq. Lakin həmişə deyil.

Söhbət Çindən və onun illərdir zülm altında tutduğu uyğur qardaşlarımızdan gedir. Tanıyanlar bilir, mövzuya çox həssasıq. İllərdir dünya çapında uyğur davasına bacardığımız qədər töhfə verməyə çalışırıq. Biz dövlətlərin ərazi bütövlüyünə sayğılıyıq. Lakin bütün dünyanın gözü qarşısında qırmızı Çinin soyumuzdan gələn qədim türk xalqını – uyğurları bu qədər zülmə uğratmasına da dözə bilmərik axı.

Biz hələ yalquzaq.com, ondan öncə də başqa media qurumlarında işlərkən uyğurların məsələsini daim Azərbaycan gündəminə daşımağa çalışmışıq. Bu gün də bayraqdar.info olaraq edirik bunu. Belə bir vaxtda Azərbaycan cəmiyyətinin məsələyə həssaslığı, üstəlik də bütün dünyanın Çini uyğur zülmünə görə qınadığı məntiqlidir, anlaşılandır.

Qırmızı Çin 3 milyonadək uyğuru düşərgələrdə tutur

Lakin anlaşılmayan bir məqam da var. Niyə Azərbaycanın Çindəki səfiri məhz elə bu günlərdə uyğurların özbəöz torpağı olan Doğu Türküstana səfər edib orada hər şeyin qaydasında olduğuna şahidliyini dilə gətirməlidir?

Bu haqda az sonra yazacağıq.

Bilənlər bilir, sosial mediada ermənilər bizi (söhbət şəxsimdən gedir) çox yaxından izləyir. Dünyanın hər tərəfindən gələn təbliğatçı ermənilər ən adi paylaşımımızı belə lupa ilə yoxlayıb nəsə tapmaq, ona reaksiya vermək üçün sözün həqiqi mənasında günün 24 saatı çalışırlar. Bizim də kimsədən gizlimiz, çəkindiyimiz bir şey yox, ona görə də hər şeyi anlayışla və rahatlıqla qarşılayırıq.

Bu ermənilər bizim həm də uyğur məsələsinə həssaslığımızı yaxşı bilirlər. Ona görə də izləyir, güdür, gərək olanda zərbə vurmağa çalışırlar. Lakin bu vaxta kimi bir şey tapa bilmədiklərindən nəsə əks fikir söyləmək imkanları olmamışdı.

İndi isə bir erməninin aprelin 8-də sosial mediada etdiyi paylaşımı təqdim edirik. Görün, nə yazır:

“Elə bilirəm ki, Azər Həsrət indi uyğurlarla bağlı tvitləməyi dayandırmalı olacaq. Çünki Azərbaycan hökuməti qərara gəlib ki, özünün münasibətlərini isitmək üçün Çinin kütləvi basqılarını inkar etsin. Və o [hökumət] xal qazanmaq üçün heç vaxt həyasız yalanlarından əl çəkmir.”

Bunu yazan erməni təbliğatçısı Çinin Global Times qəzetinin “Gerçək Sintszyana şahidlik, xarici diplomatlar yalanları ifşa edir” başlıqlı yazısını da öz fikirlərinə əlavə edib.

Sözügedən paylaşım. “Xoşbəxt” uyğur ailəsi öz evində diplomatlara çay təklif edir

İndi sual oluna bilər ki, nə dəxli var? Dəxli odur ki, bu yazıda həm də Azərbaycanın Çindəki səfirinin fikirlərinə yer verilib və o, hər şeyin yaxşı olduğunu deyir…

Sözügedən yazıdan bəlli olur ki, cari ilin 30 mart – 2 aprel günlərində 21 ölkəni təmsil edən 30-dan çox diplomat Çin dövlətinin təşkilatçılığıyla Doğu Türküstanın Urumçi və Qəşqər bölgələrinə səfər edib. Səfərin məqsədi qlobal səviyyədə Çinə atıldığı iddia edilən “böhtanların” yalan olduğunu göstərməkmiş. Nə yazıq ki, bu heyətdə Azərbaycan səfiri Əkrəm Zeynallı da yer alıb. Yəni uyğurlara açıq soyqırım tətbiq edən qırmızı Çin canı bir, qanı bir qardaşlarımızın “əla yaşadığını” dünyaya sübut etmək üçün Azərbaycan səfirini də şahid tutub…

Yazıda deyilir ki, “onlar cəmiyyətin müxtəlif kəsimlərindən olan yerli insanlarla söhbət edib, yerli məktəb və müəssisələrdə olub və Sintzyanla bağlı yalanları faş edib. Ki, bu bölgənin imici davamlı şəkildə Qərb siyasətçiləri, qurumları, mediası tərəfindən təhrif edilir”.

Yəni elə dərhal anlaşılır ki, bu yazının da, ora diplomatların aparılmasının da əsas məqsədi “uyğurlarla bağlı Qərbdə uydurulan yalanları faş etməkmiş”…

Qəzet, qısa da olsa Azərbaycan səfirinin fikirlərinə yer verir: “Azərbaycan səfiri Əkrəm Zeynallı dedi ki, buradakı avadanlıq yüksək səviyyədədir. O, dedi ki, iş yerində və ya işçilərin yaşadığı məhəllələrdə nəsə mənfi bir şeyə rast gəlməyib. “Mən bura gəldiyimə görə özümü çox yaxşı hiss edirəm””.

Yəni az-çox düşünmə bacarığı olan şəxs anlayar ki, Azərbaycan səfiri, əslində, diplomatik yayınmaya cəhd göstərib. Yəni o, ümumiyyətlə uyğurların yaxşı durumda olduğuna şahidlik etmir. Yalnız gördüyü yerlərdə mənfi bir hal müşahidə etmədiyini deyir. Belə baxanda müsbətə yozmaq olardı. Lakin yoza bilmirik…

Çünki o yazıda başqa bir müsəlman (və həm də elə türk) ölkəsinin – İranın səfiri əməlli-başlı mədhiyyələr oxuyub. Çinə böhtan atıldığına şahidlik edir adam. Amma onunla işimiz yoxdur. Çünki İrandır. Türkləri elə Çin kimi basqı altında tutan daha bir üz qarası repressiv ölkədir. Onun səfiri təbii ki, elə danışacaq. Həm də Çinlə eyni yolun yolçusu olduqları üçün belə danışması da tam uyğundur.

Bəs Azərbaycan səfiri niyə o kampaniyada yer alırmış kimi görünməliydi? Bizə, özü də indiki zamanda bu lazımdırmı? Bütün dünya Çinin üzərinə gedir, özəlliklə də bizim doğma qardaşlarımız – öz millətimiz uyğurlara görə həmrəylik nümayiş etdirir, Azərbaycan səfiri də bu “yalanları” “faş edən” dəstəyə qoşulur? Yanlış deyilmi bu?

İndi kimsə çıxıb deyəcək ki, Çin də bir dövlət olaraq Azərbaycana münasibətdə dostluq nümayiş etdirir. Doğrudanmı elədir?

Elədirsə, birisi bizə izah etsin ki, niyə Ermənistanın işğalından azad edilmiş torpaqlarımıza diplomatların səfərlərində Çinin nümayəndəsi olmadı heç vaxt? Bəlkə olub, biz görməmişik? Nəsə rast gəlmədik. Hər halda bir az araşdırdıq da. Mənbələrimiz qəti şəkildə dedi ki, Çin o tərkiblərdə yer almayıb.

İndi Çin Ermənistanın Azərbaycanın başına gətirdiklərinə (ki, burada kor kor, gör gördür) şahidlik etmək istəməzkən niyə bizim Çindəki səfirimiz o ölkənin uyğurlara tətbiq etdiyi soyqırımı “faş edən” təbliğat qatarında Doğu Türküstana səfər edir? Yanlış deyilmi? Hələ uyğurları bir kənara qoyaq, ən azından Çin diplomatlarının Qarabağ səfərindən yayınmasını nəzərə alaraq Urumçiyə toplu səfərdən imtina etməli idi Azərbaycan səfiri.

Biz demirik ki, səfir elə Pekində oturub qalmalıdır. Əsla. O, ölkəni mümkün qədər çox gəzməli, elə Umurçiyə, Qəşqərə də getməli, görməli, imkanları araşdırmalıdır. Lakin “burada mənfi bir şey görmədim” demək üçün deyil. Tamam, “müsbət bir şey görmədim” də deməsin, anlayarıq.

Sonda: Əkrəm Zeynallı, əslində, təcrübəli diplomatdır. Elə Çində də fəaldır. Lakin niyə bu kampaniyadan yayınmayıb, onu anlamaqda çətinlik çəkirik. Ümid edirik ki, özü bu məsələyə aydınlıq gətirəcək. Açığı, sosial media üzərindən əlaqə qurub fikirlərini öyrənməyə çalışdıq, lakin axtarışlarımız bir nəticə vermədi…

Lap sonda: Ermənilərin “Azər Həsrət bundan sonra uyğurlarla bağlı paylaşımlar etməz” təxmininə gəlincə, biz, əlbəttə ki, tutduğumuz yolda davam edirik, geri addım atmaq fikrimiz də yoxdur. Hələ onu da deyək ki, Azərbaycan dövlətinin də hər hansı şəkildə hər hansı ölkədəki basqılara haqq qazandırmaq kimi bir siyasəti yoxdur. Düzdür, bizim dövlətimiz dövlətlərin ərazi bütövlüyünə sayğılıdır. Lakin bu o anlama gəlmir ki, haradasa bir soydaşımız zülmə məruz qalırsa ona arxa çeviririk. Səfirlərimizin də bu gerçəklərə uyğun davranması lazımdır deyə düşünürük…

Mission News Theme by Compete Themes.