Press "Enter" to skip to content

İlham Əliyev beynəlxalq tədbirdə azad olunmuş ərazilərlə bağlı çağırış edib

Prezident İlham Əliyev

Prezident İlham Əliyev: “Zəngəzur nəqliyyat dəhlizi” Asiyanı Avropaya birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq

Bayraqdar.info – Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb. Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Xəbəri Azərbaycan Prezidentinin Administrasiyasından veriblər.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir.

“COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atıb. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilib.

Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir”, – deyə ölkə başçısı bildirib.

Daha sonra dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmasını qeyd edib. Ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirildiyini qeyd edən Prezident daha sonra deyib:

“Vaksin millətçiliyi, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”.

Prezident bu yaxınlarda BMT-nin İnsan Hüquqları Şurasının da bu barədə qətnaməsinə toxunub. O, öz çıxışında Azərbaycanın koronavirusla bağlı ən az inkişaf etmiş 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərdiyini vurğulayıb.

Ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoyulması məsələsindən də danışan ölkə başçısı işğal nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin salınmasından, Ermənistanın 1992-ci ildə Xocalı soyqırımını törətməsindən və faciə qurbanlarından söz açıb. Bildirib ki, Xocalı soyqırımını 13 ölkə tanıyıb.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsindən söz açan Prezident İlham Əliyev həmin qətnamələrin heç vaxt Ermənistan tərəfindən icra edilmədiyini vurğulayıb. O tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edib: “Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı”.

Sentyabrın 27-də Ermənistanın Azərbaycan Silahlı Qüvvələrini və dinc sakinləri ağır artilleriya atəşinə tutaraq irimiqyaslı hərbi təcavüzü barədə sessiya iştirakçılarını məlumatlandıran dövlət başçısı Azərbaycanın öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalmasından danışıb:

“44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunub. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilib. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatıb. Münaqişə tarixdə qalıb”.

İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndlərinin yerlə-yeksan edilməsini diqqətə çatdıran ölkə başçısı xarici mütəxəssislərin Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırdıqlarını görüş iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılıb. Məscidlərdə inək və donuzlar saxlanılıb.

“Hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır. Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”, – deyə dövlət başçısı çıxışını bitirib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.