Press "Enter" to skip to content

2021-ci ildə Güney Azərbaycanla bağlı yaşanan önəmli olaylar

Məcid Cavadi

Son yeniləmə: 28 Dekabr 2021 11:51

Məcid Cavadi – Güney Azərbaycan Milli Dirəniş Təşkilatı Mərkəzi Şurasının üzvü. Bayraqdar.info üçün özəl

Bayraqdar.info – Tarixi köklərini “Xanlıqlar dövrü” və 1905-ci il “Məşrutə inqilabı”nda axtara biləcəyimiz Güney Azərbaycan Milli Hərəkatının 1990-cı ildən sonra çağdaş dönəmi ortaya çıxmışdır. Geridə buraxdığımız 30 ildə Milli Hərəkat bütün çətinliklər və nöqsanlara rəğmən Güney Azərbaycan və ümumiyyətlə türk məsələsini İranın daxili və xarici siyasət səhnəsinə çıxara bilib, bu sahələrin bir oyunçusu halına gəlib.

Artıq başa çatmaqda olan 2021-ci ildə də Güney Azərbaycan və türk məsələsi öz aktuallığını qorudu. Bu il ərzində də Güney Azərbaycanın siyasət səhnəsi bir sıra olaylara şahid oldu. Qarşı tərəfdən isə İran rejimi Güney Azərbaycan üzərinə basqılarını davam etdirdi və artırdı. Bu ildə çox sayda Güney Azərbaycanlı fəal İran rejimi tərəfindən həbs, işgəncə, təhdid və təzyiqə məruz qaldı. Çalışacağıq ki, bu yazıda 2021-ci ildə Güney Azərbaycanla bağlı yaşanan önəmli olaylara toxunaq.

Əhvaz ərəblərinə dəstək mitinqi

İyulun 24-də Güney Azərbaycan təşkilatları və fəallarının çağırışı ilə Təbrizdə Əhvaz ərəblərinə dəstək mitinqi keçirildi. O günlərdə İranın güneyində Əhvazın ərəb xalqı yanlış su yönətimi və su qaynaqları yönətimində İran rejiminin ərəblərə qarşı həyata keçirdiyi ayrı-seçkiliyə etiraz edirdilər. Onlar təbii olaraq İran adlanan ölkədə ən yaxın müttəfiqləri olan türklərdən dəstək gözləyirdilər. Bu dəstək isə Təbrizdən gəldi.

Fars-molla rejimi Güney Azərbaycanda təzyiqləri artırır

O gün üçün bütün Güney Azərbaycan şəhərlərində mitinq çağırışları verilsə də İran rejiminin tətbiq etdiyi ağır basqı nəticəsində mitinq sadəcə Təbrizdə baş tuta bildi. Çox sayda soydaşımızın saxlanması və cəza alması bahasına da olsa Güney Azərbaycan o gün “Azərbaycan, Əl-Əhvaz; İttihad, İttihad” (ittihad: birlik) şüarı hayqırdı. O mitinq siyasi ekspertlərin nəzərində xüsusi önəmə sahibi idi. Çünki inqilabların beşiyi olan Təbriz uzun illər sonra ilk dəfə Azərbaycanın özü üçün yox, İranın başqa bir xalqı üçün küçələrə çıxmışdı. Bu isə İranda bir dönüş nöqtəsi sayıla bilər.

Güney Azərbaycan Təşkilatlarının Birliyi

2021-ci ilin başqa bir özəlliyi də var. Belə ki, uzun illərdən bəri arzu edilən və uğrunda çalışılan Güney Azərbaycan təşkilatlarının birliyi məsələsi yolunda önəmli və konkret addımlar atıldı. İlk dəfə doqquz Güney Azərbaycan təşkilatı bir araya gələrək eyni platforma ətrafında toplana bildi. Bu birlik hələ rəsmən elan edilməsə də artıq bir neçə ortaq bəyanat və çıxışlar yayıb. Ümid edilir ki yaxında Güney Azərbaycan təşkilatlarının işbirliyi şurası rəsmən varlığını elan edəcəkdir.

21 Azər günü ilə bağlı Güney Azərbaycan təşkilatlarından çağırış

Bu hadisə Güney Azərbaycan Milli Hərəkatı tarixində bir ilk və önəmli bir dönüş nöqtəsi sayılır. Daha indidən bu gəlişmə ölkə daxilində və xaricində öz müsbət nəticələrini göstərməyə başlayıb. Buna görə də İran rejimi və fars milliyyətçilərini təşvişə salıb.

Ana dilində təhsil məsələsi

2021-ci ilin son aylarında İran məclisi “yerəl və etnik dillərin tədrisi ilə bağlı” qərar qəbul etdi. İran məclisi deputatları bu qərarı İran ana yasasının 15-ci maddəsinin həyata keçirilməsi üçün bir addım adlandırdılar. Çox mübahisəli olan bu qərarı, həyata keçirilib-keçirilməyəcəyi və hansısa yararı olub-olmayacağından asılı olmayaraq, İran rejiminin bir geri addımı kimi görmək lazımdır. Bu isə İranda qeyri-fars milli mübarizə hərəkətlərinin nə dərəcə gücləndiyinin açıq bir sübutudur.

Molla rejimi türk dili kafedrası açılmasına icazə vermir

 Azərbaycan türkcəsində kitab paylanması kampaniyaları

Son illər ortaya çıxan Azərbaycan türkcəsində kitab dağıtma kampaniyaları bu il də bir çox Güney Azərbaycan şəhərində geniş şəkildə həyata keçirildi. 21 Fevral – Dünya Ana Dili Günü, 23 Sentyabr İranda məktəblərin açılış günü və 17 Dekabr İran rejiminin Azərbaycan türkcəsində olan kitabları yandırdığı günün (1946-da milli hökumət yıxılandan sonra) ildönümündə minlərcə türk dilində olan kitab Güney Azərbaycan şəhərlərində uşaq və yeniyetmələrə paylandı.

Sevindirici hal budur ki bu kampaniyalar hər il daha geniş və böyük miqyasda həyata keçirilir.

Müəllim və işçi etirazları

Ümumi keçim çətinlikləri səbəbi ilə bu il İranın başqa bölgələri kimi Güney Azərbaycanda da müəllim və işçi etirazları baş tutdu. Azərbaycan Milli Hərəkatı isə hər zaman bu etirazların yanında oldu, onların xəbərlərini mediada yaydı və mümkün olan hər cür dəstəyi verdi. Güney Azərbaycanda davam edən sinif etirazlarında heç vaxt milli şüarlar və tələblər göz ardı edilməyib və edilmir.

Güney Azərbaycanlı fəallara qarşı cəza və basqı aktları

2021-ci ildə İran rejimi çox sayda Güney Azərbaycanlıya milli fəaliyyətlərdən dolayı haqsız cəzalar verdi, yaxud öncədən verilən cəzaları tətbiq etdi. Misal üçün, bu ildə soydaşlarımız Pərviz Siyabi (Ərdəbil) 16 il, Əkbər Azad (Tehran) 10 il, Əkbər Nəimi (Təbriz) 9 il, Ruzbeh Piri (Təbriz) 6 il və Əkbər Muhaciri (Təbriz) 3 il həbs cəzası aldı. Təbi ki saydıqlarımız cəza alanların sadəcə bir neçəsidir və bu siyahını daha çox uzatmaq olar.

Molla rejimi Təbrizli fəalları mühakimə edir

Onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə cəza alanların çoxu ya Qarabağ savaşına dəstək mitinqləri, ya da Əhvaz ərəb xalqına dəstək mitinqi ilə bağlı saxlanılaraq cəza alanlardır. Saxlanılanların bir çoxu isə saxlanılarkən, yaxud sorğu sırasında döyülüb və ya işgəncəyə məruz qalıb. Onlardan ikisi Təbrizli fəallar Ruzbeh Piri və Kərim İsmayılzadədir ki saxlanırkən vəhşicəsinə döyülüblər. Nəticədə sağlamlıqları ciddi ziyan görüb.

Bu ildə Yeni GAMOH təşkilatının sədri Dr. Lətif Həsəni kimi uzun müddət həbsdə yatandan sonra azad olanlar olsa da, Əlirza Fərşi və AbbasLisani kimi aldıqları uzun müddətli həbs cəzaları davam etdiyi üçün İran həbsxanalarında yatan onlarca və hətta yüzlərcə milli hərəkət fəalı vardır.

Güney Azərbaycanlı fəallardan siyasi məhbusa dəstək

Təbii ki bu siyahıya pul cəzası, işdən atılmaq, şallaq cəzası, ertələnmiş həbs cəzası, rejim orqanları tərəfindən doğrudan və ya vasitə ilə təhdidlər, ailə üzərindən təhdid, basqı və şantaj, keçici gözaltılar kimi daha bir çox basqı ünsürünü da artırmaq lazımdır.

Yəni qeyd etməiyik ki, 2021-ci ildə yüzlərcə Güney Azərbaycan milli fəalı İran fars rejimi tərəfindən basqı və haqsız cəzaya məruz qalıb.

Mission News Theme by Compete Themes.