Son yeniləmə: 22 Dekabr 2021 09:12
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə rayon təhsil şöbələrinin mərkəzləşdirilməsi yoluyla regional təhsil idarələri qurulur. Sahə üzrə bu yenilik əlbəttə ki, işin keyfiyyətinin artırılmasına, xərclərin azaldılması və dövlət vəsaitinin, həmçinin idarəetmənin səmərələşdirilməsinə hesablanıb.
Təhsil şöbələri ləğv edilir, regional təhsil idarələri yaradılır – SƏRƏNCAM
Regional təhsil idarələrinin qurulması işin xeyrinədir
Bayraqdar.info təhsil sahəsindəki bu yeniliyi şərh etmək üçün təhsil eksperti Elşən Qafarova müraciət edib. Onun göndərdiyi rəyi oxucularımıza olduğu kimi təqdim edirik:
“Bildiyiniz kimi, hələ 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil Nazirliyinin regional idarələri yaradılmalı idi. Ancaq bu Sərəncamın icrası müvəqqəti dayandırıldı. 1 yanvar 2016-cı ildən ölkədə 15 Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başladı.
Hazırda 12 regional idarənin yaradılması, düşünürəm ki, təhsil səhəsinin bir mərkəz – dövlətin təhsil siyasətini həyata keçirən və buna cavabdeh olan Təhsil Nazirliyi tərəfindən idarə olunması vacib qərardır və əksinə, indiyə qədər olan bir çox çətinlikləri (xüsusi ilə yerli icra hakimiyyətləri ilə Nazirlik arasındakı fikir ayrılıqlarını) aradan qaldıracaq.
Sərəncamdan dərhal sonra yayılan əsas fikir – “rayon təhsil şöbələri ləğv olundu” ifadəsi doğru deyil. Prezidentin Sərəncamında da göstərilidiyi kimi, təhsil sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə regional təhsil idarələri yaradılır. Yeni strukturda rayon və ya şəhər təhsil şöbələri yeni statusda Reginal Təhsil İdarəsinin rayon üzrə sektoru kimi fəaliyyət göstərəcək. Düşünürəm ki, metodiki kabinetlər RTŞ-lərin tabeliyindən alınaraq RTİ-lərin nəzdində Təlimə Dəstək Mərkəzinə çevriləcək. Sərəncama qədər Rayon Təhsil Şöbələrinin müdirləri “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə görə Təhsil Nazirliyi ilə razılaşdırmaqla Rayon İcra Hakimiyyəti başçıları tərəfindən təyin olunurdusa, Sərəncamdan sonra artıq təhsil sahəsində bütün vəzifəli şəxslər Təhsil Nazirliyi tərəfindən (yəni bir mərkəzdən) təyin olunacaq. Bu da müsbət yönümlü bir addımdır”.
Məktəbəqədər təhsillə bağlı Sərəncam da təqdir edilir
Ekspert E.Qafarov məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsini də əlavə şərh edib:
“Digər bir Sərəncamla bağlı onu deyə bilərəm ki, 2011-ci ildən məktəbəqədər müəssələrin yerli icra hakimiyyətlərinin tabeliyinə verilməsi təhsilin bu pilləsinə keçən 10 il ərzində böyük ziyan vurdu. İstər ümumi təhsil və peçə təhsili, istərsə də orta ixtisas (kolleclər) və ali təhsildə kifayət qədər problemlər var. Amma məktəbəqədər təhsildə vəziyyət daha bərbaddır. Baxmayaraq ki, 24 oktyabr 2013-cu il tarixində Prezidentin 13 saylı Sərəncamı ilə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ında qarşıya qoyulmuş hədəf və tədbirlərdən biri də 2020-ci ilə qədər məktəbəqədər təhsilə cəlb olunacaq uşaqların əhatəliyinin 90 faizə çatdırılması idi. Amma indiyə qədər biz yalnız 5 yaşlı (məktəbəqədər təhsil Azərbaycan Respublikasında 1-6 yaşlı uşaqları əhatə edir) uşaqların təqribən 20 faizə qədərini təhsilə cəlb edə bilmişik. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin eyni zamanda məktəbəqədər təhsil müəssələrində də kadr, təchizat və digər məsələlərlə bağlı müdaxiləsi mümkün olmayacaq. Bu sahədə də kadr məsələləri Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılacaq. Müəllimlərin işə qəbulunda əldə edlmiş uğurları nəzərə alsaq bu sahədə də tezliklə nizam-intizamın yaranağına inanıram.
Ümumilikdə isə təhsil sahəsinin idarə olunması təhsil ilə bağlı təhsili və təcrübəsi olan şəxslərə həvalə olunmalıdır. Çox təssüflər ki, son illərdə belə bir tendensiya yaranıb: adam xaricdə təhsil alıbsa istiqamətindən asılı olmayaraq aparıcı vəzifələrə təyin olunur, nəticədə kadrlar özlərinin belə anlayışı olmadıqları sahəni idarə etməli olurlar. Əslində isə kadrlar sinif yoldaşı, tələbə yoldaşı, qohumluq və ya tanışlığa görə deyil, peşəkarlıq və işgüzar kefiyyətlərinə, peşə fəaliyyəti zamanı uğurlu nəticələrinə görə gətirilməlidir.
Yekun olaraq bildirirəm ki, 20 dekabr 2021-ci il tarixində ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamlar təhsil sahəsində olan islahatlarda yeni bir mərhələnin başlanğıcını qoydu”.