Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üçün keçmiş səfir Serdar Kılıçı müzakirəçi olaraq təyin edib.
Dekabrın 18-də bəlli olub ki, Ermənistan da qarşılıqlı şəkildə bu müzakirələr üçün öz nümayəndəsini müəyyən edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyanın öz sosial media hesabında paylaşdığı məlumata görə, Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan Türkiyə ilə danışıqlar üçün müzakirəçi olaraq uyğun görülüb.
Əlavə edək ki, R.Rubinyan 2018-19-cu illərdə Ermənistan xarici işlər nazirinin müavini olub. 2019-cu ildən bu günə kimi parlamentin üzvüdür. Öncə komitə sədri, sonra isə sədr müavini seçilib. O, erməni dili ilə yanaşı ingilis, polyak, rus və türk dillərini də bilir. Çox güman ki, həm də türkcə bilməsi onun bu vəzifəyə uyğun görülməsinə səbəb olub.
R.Rubinyan 1990-cı ildə anadan olub, İrəvan Dövlət Universitetinin, həmçinin bir sıra xarici universitetlərin məzunudur.