Son yeniləmə: 17 Dekabr 2021 10:17
Bayraqdar.info – Xəbər verdiyimiz kimi Yunanıstan hökumətinin təzyiqləri Batı Trakyada etirazla qarşılanır. Belə ki, Batı Trakya Azlıq Məktəbləri Məsləhətçilər Birliyi dekabrın 17-də bir günlük boykot qərarı qəbul edib. Həmin qərara əsasən Batı Trakyadakı türk-müsəlman valideynlər cümə günü övladlarını məktəbə göndərməyəcəklər.
Bu arada isə bu aksiyaya bir dəstək də Qara Dəniz Rumeli Dərnəkləri Federasiyasından (KARDEF) gəlib.
Birlik Gazetesi xəbər verir ki, KARDEF sədri Salih Meriç yazılı açıqlamada, Batı Trakya Azlıq Məktəbləri Məsləhətçilər Birliyinin 17 dekabr 2021-ci il tarixində Batı Trakyada uşaqları bir günlük məktəbə göndərməməsi aksiyasını dəstəklədiklərini bəyan edib.
KARDEF sədri Salih Meriç yazılı açıqlamada bildirib: “Batı Trakya türk azlığının ikitərəfli və beynəlxalq razılaşmalarla əldə etdiyi təhsil muxtariyyəti Yunanıstan hökuməti tərəfindən birtərəfli qaydada pozulur. Yunanıstanın bu rəftarı ən təbii insan haqlarından biri olan təhsil baxımından öz vətəndaşı olan Batı Trakya türk azlığı mənsublarının narazılığına səbəb olur.
Bu problemlərə diqqəti cəlb etmək üçün Batı Trakya Azlıq Məktəbləri Məsləhətçilər Birliyinin qəbul etdiyi boykot qərarını dəstəkləyirik. Biz Yunanıstan hakimiyyətini beynəlxalq müqavilələrə və fundamental insan haqlarına əməl etməyə və Türkiyə ictimaiyyətini soydaşlarımızın problemlərinə daha çox diqqət yetirməyə dəvət edirik”.