Press "Enter" to skip to content

Fars-molla rejimindən qadın fəala 30 ay həbs və 80 şallaq cəzası

Nərgiz Məhəmmədi

Son yeniləmə: 19 Noyabr 2021 22:26

Bayraqdar.info – Tehranın Evin zindanında saxlanılan Nərgiz Məhəmmədi adlı Güney Azərbaycanlı gənc milli fəal 30 ay həbs və 80 şallaq cəzasına məhkum edilib.

N.Məhəmmədi 2019-cu ildə benzinin bahaşmasına qarşı İranda keçirilən etirazlarda öldürülən Güney Azərbaycanlı gənc İbrahim Kitabdarın məzarı üstündə anım mərasiminə qatıldığı üçün tutuqlanmışdı.

“Azad İran” Telegram kanalı xəbər verir ki, bu barədə N.Məhəmmədinin Parisdə yaşayan və insan haqları fəalı olan həyat yoldaşı Tağı Rəhmani məlumat yayıb.

Onun sözlərinə görə, N.Məhəmmədiyə məhkəmənin hökmü saxlandığı Tehranın Evin zindanında təqdim edilib.

N.Məhəmmədi telefon əlaqəsi zamanı T.Rəhmaniyə bildirib ki, ona şallaq cəzası vurulmasına icazə verməyəcək. Bu sözləri deyən kimi zindanin məsul şəxsləri telefonu onun əlindən alaraq əlaqəni kəsiblər.

Qeyd edək ki, N.Məhəmmədi bundan öncə dəfələrlə həbs edilib. İran hökuməti ona xarici pasport verməməklə yanaşı, ölkədən çıxışına da qadağa qoyub. Bu səbəbdən N.Məhəmmədi Fransada yaşayan iki övladını da uzun illərdir görməkdən məhrumdur.

Əlavə edək ki, İbrahim Kitabdar etirazlara qatılmasa da, iş yerinin qarşısında dayandığı yerdə əmniyyət gücləri sinəsinə atəş açaraq onu qətlə yetirmişdilər.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.