Bayraqdar.info – Xəbər verdiyimiz kimi, noyabrın 12-də İstanbulda Türk Keneşinin bu ad altında sonuncu Zirvə toplantısı keçirilib. Toplantıda quruma üzv dövlətlər olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistən və Türkiyənin dövlət rəhbərləri, eyni zamanda müşahidəçi üzv olan Macarıstanın Baş naziri iştirak edib. Əlavə olaraq quruma müşahidəçi üzv kimi qatılmaq üçün müraciət etmiş Türkmənistanın Prezidenti də toplantıya qatılıb.
Zirvə toplantısında bir sıra qərarlar qəbul edilib. Onlardan ən önəmlisi qurumun adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsidir. Daha bir önəmli qərar isə Türkmənistanın quruma müşahidəçi üzv kimi qəbul edilməsidir.
Onu da xəbər vermişdik ki, Zirvə görüşündə iştirakçı dövlətlərin adından Prezident İlham Əliyevə Qarabağ savaşındakı möhtəşəm Zəfər və türk dünyasına xidmətlərinə görə “Türk Keneşinin Ali Ordeni” təqdim edilib. Bundan sonra Prezident İlham Əliyev geniş çıxış edərək həm təşəkkürünü bildirib, həm də türk birliyinin gələcəyi ilə bağlı fikirlərini açıqlayıb. O, öz çıxışında layiq görüldüyü yüksək təltifi Azərbaycan xalqına verilən dəyər kimi qiymətləndirib.