Bayraqdar.info – Noyabrın 13-ü səhər saatlarında bir nəfər naməlum şəxs Xankəndi-Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətində olan blok-postunun ərazisindən Azərbaycan hərbçilərinə partlayıcı atıb. Bununla bağlı medianın yaydığı görüntülərdə hadisənin Rusiya sülhməramlılarının gözü qarşısında, arxayınlıqla baş verdiyi görülür.
Məsələylə bağlı Azərbaycanın Baş Prokurorluğu açıqlama yayıb. Açıqlamada deyilir:
“13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibov və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd etmişdir.
“Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir”.
Baş Prokurorluğun açıqlamasından da aydın olur ki, Ermənistan vətəndaşları humanitar məqsədlərlə açıq tutulan, 3-cü tərəf olaraq Rusiya sülhməramlılarının nəzarətinə verilən dəhlizdən terror məqsədilə istifadə edir. Bu isə həmin dəhlizin təyinatına və nəzarət mexanizminə yenidən baxılmasını zəruri edir.
Sözardı: Baş Prokurorluğun media üçün açıqlama hazırlayan vəzifəli şəxsləri yaxşı olardı ki, Azərbaycan dilinin qaydalarını mənimsəyib qısa və hər kəsin anlayacağı cümlələr qursun. Cəmi 3 cümlədən ibarət olan açıqlamanın ilk cümləsi 128, 2-ci cümləsi isə 113 sözdən ibarətdir. Ola bilsin ki, daxili istifadə üçün yazışma və sənədləşmədə bu cür cümlə quruluşu uyğundur, lakin geniş auditoriya üçün belə cümlə qurulmaz…
[…] Şuşa şəhərinin girişindəki Azərbaycan əsgərlərinin postuna əl qumbarası ataraq terror əməlinə cəhd göstərib. Nəticədə 3 Azərbaycan hərbçisi […]