BAYRAQDAR MEDİA – IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankaradan gələn kuklaçılardan ibarət nümayəndə heyəti Bakıda səfərdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Festival proqramına uyğun olaraq qardaş ölkənin kukla sənətçiləri iki gün müddətində həm fərqli mövzu, janr və texnikada iki tamaşa ilə bakılı teatrsevərlər qarşısında çıxış ediblər, həm də taxta kukla hazırlamasını, yəni ənənəvi Hacıvat-Qaragözü uşaqlara nümayiş etdiriblər. Beləcə istər tamaşalar, istərsə də emalatxana şəraitində taxta kuklalarla iş izləyicilərə xoş anlar yaşadıb. Tamaşaçılar ilk olaraq aprelin 28-də Kukla Teatrında “Qaragözün macəraları” adlı tamaşanı izləyiblər. Kukla sənətçisi, Türkiyədə öz sahəsində sevilən Seçkin Güneşin Qaragöz pərdəsi arxasından göstərmiş olduğu ifaçılıq məharəti Azərbaycanda də kifayət qədər populyar dostlar – Hacıvat ilə Qaragözün yeni hekayətinə qatmış olduğu əyləncə balaca tamaşaçılarda xoş ovqat yaradıb. Anşlaqla keçən nümayişin ardınca hər iki ölkənin teatr təmsilçiləri bu kimi ortaq tədbirlərin səhnə, sənət sahəsində davamlı əlaqələrin daha da inkişafına təkan verəcəyini deyiblər”.
Sonra xəbərdə, “Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə festivalın yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan və Türkiyənin mədəniyyət nazirliklərinə, ümumilikdə qardaş sənətçilərin bir səhnədə toplaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Artıq ənənəyə çevrilməklə türkdilli kuklaçıların yeni və maraqlı təmas nöqtəsinə çevrilən bu festivala uzun ömür arzulayıb. Ardınca qonaq kuklaçıları festivalın Bakı mərhələsində uğurla iştirak etdikləri üçün (Sanem Arıkan, Abdullah Beyazdaş, Seçkin Güneş, Ali Akbey, eləcə də İbrahim Göydemir, Şafak və Nazan Poyrazoğlular) təltif edib. Dost, qardaş ölkədə növbəti səfərindən məmnunluqla danışan Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi S.Arıkan xoş münasibətə, dördüncü dəfə kuklaçıları bir yerə toplamaqla onların dostluq və yaradıcılıq təmasına nail olan festivala dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyi və Kukla Teatrına təşəkkürünü bildirib. Hər yeni görüşün onlar üçün yeni təcrübə və xoş xatirə olduğunu dilə gətirib” deyə qeyd edilib.
Ardınca xəbərdə deyilir ki, “Festival proqramının ikinci günü də maraqlı və dolğun olub. Belə ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin ənənəvi sənətkarlara vermiş olduğu “Yaşayan insan xəzinəsi” ünvanına sahib kukla hazırlanması üzrə sənətkar A.Akbey balacalara özünəməxsus tarixə malik kuklaların, fərqli üsullarla ərsəyə gətirilən taxta oyuncaqlardan bəhs etdi, onları da prosesə qoşaraq bu sənət növü haqqında bilgilərini əyani bölüşüb. Sonra uşaqlar Bursadan gələn kukla sənətçisi A.Beyazdaşın müəllif və ifaçısı olduğu “Dostum kukla” adlı birhissəli kukla tamaşasını izləyiblər. İpli kuklalardan ibarət musiqili tamaşanın əsas ideyası dostluq, sevgi idi. Bir aktyorun bir neçə kukla ilə göstərdiyi səhnə performansı tamaşaçıların alqışları ilə qarşılanıb”.
Qeyd edək ki, Festivalda Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin teatr sənəti ustaları da iştirak ediblər.
Ankarada başlayan sənət bayramı bakı mərhələsindən sonra Özbəkistanda (2-5 may) davam edəcək.
Tədbirin bağlanışı isə Kuzey Kıbrıs Türk Cümhuriyyətində olacaq.
İlk şərhi yaza bilərsiniz