Press "Enter" to skip to content

D8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – 2025-ci il aprelin 29-da “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı çərçivəsində D8 ölkələrinin QHT-lərin ilk görüşü Azərbaycanda təşkil olunub.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumata görə, “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı yan tədbirə Azərbaycan Gənclər Fondunun təmsilçisi Orduxan Qəhrəmanzadə moderatorluq edib: “O, qeyd edib ki, “İslam Səkkizliyi” adlanan, dünya müsəlmanlarının 60 faizinin yaşadığı ölkələri birləşdirən, böyük iqtisadi potensiala malik D-8 ölkələrinin QHT-lərinin görüşü mühüm yenilikdir. 8 müsəlman ölkəni birləşdirən təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub”.

Məlumata görə, müzakirələrdə 2024-cü ilin dekabrında Misirin paytaxtı Qahirədə İnkişaf etməkdə olan 8 ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzv seçilməsi təqdir edilib: “Vurğulanıb ki, bununla da təşkilat yarandıqdan bəri sıraları ilk dəfə genişlənib.
Banqladeşin SETU təşkilatının təsisçisi və icraçı direktoru Abdul Quader, Misir təmsilçisi, Ərəb Ölkələri Liqasının şöbə müdiri Mahmoud Fath-Allah, İndoneziyanın İnformasiya Texnologiyaları və Açıq Mənbələr Assosasiyasının təmsilçisi İrvan Nanda, Nigeriyanın iqlim dəyişmələri problemi üzrə ictimai fəalı Olumide Idowu, Türkiyənin Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfırat, Pakistanın Gənclərin Sülh və İnkişaf Korpusunun nümayəndəsi Adnan Ullah, Malayziyanın Nəsil Bağı təşkilatının təmsilçisi Muhammad Naufal təşkilatçılara bu görüşə görə minnətdarlıq ediblər. Onlar Qlobal Cənub QHT Platformasının təsis olunmasını yeni başlanğıc adlandırıb, platformaya böyük ümidlər bəslədiklərini bildiriblər”.

Xəbərdə bildirilib ki, “müzakirələrdə D-8 ölkələrinin QHT-ləri əməkdaşlığı dərinləşdirməyə, birgə layihələr icra etməyə, BMT-nin ECOSOC (İqtisadi və Sosial Şura) təsisatı çərçivəsində səyləri birləşdirməyə çağırılıb. Bundan başqa, görüşdə D8 regionunda rəqəmsal alətlərdən (xüsusilə süni-intellektdən) istifadənin təşviqi də diqqət mərkəzində olub. Ümumilikdə, Azərbaycanın D-8-ə qoşulması həm tarixi addım, həm də İslam həmrəyliyinə mühüm töhfə kimi dəyərləndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.