Press "Enter" to skip to content

Bakıda türklük fəlsəfəsindən bəhs ediləcək

BAYRAQDAR MEDİA– Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığı Bakıda maraqlı və mənalı bir tədbir təşkil edəcək. Mayın 3-də bütün türk dünyasında, xüsusən də Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq ideya, ortaq ideal, ortaq gələcək və ortaq fəaliyyət şüurunun müzakirə olunacağı panel proqramı təşkil edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “proqramın 3 May-Türkçülük Günündə Bakıda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilməsi planlaşdırılır. Bu mühüm tarixdən çıxış edərək, tədbirin başlığı kimi türk ziyalısı İsmayıl Qaspıralının Türk dünyasının ortaq kimliyini qurma yolunda vurğuladığı “Dildə, fikirdə, işdə birlik” şüarı seçilib. Türk xalqlarını bir araya gətirmək üçün ilk dəfə 1926-cı ildə bütün türk toplumlarının nümayəndələrinin qatıldığı Türkologiya Qurultayının Bakıda keçirilməsi də rəmzi məna daşıyır”.

Məlumata görə, tədbirdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrdən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistan və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin nümayəndələrinin iştirakı gözlənilir: “Paneldən əvvəl vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və media nümayəndələri ilə iki ayrı dəyirmi masa görüşü keçiriləcək. Bundan əlavə, panel proqramı çərçivəsində Azərbaycanı dünya səhnəsində təmsil edəcək ən gənc qadın orkestr dirijoru, pianoçu Turan Manafzadənin də konsert verməsi planlaşdırılır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.